Azərbaycan qarşıdakı dövrdə öz hərbi potensialını artırmalıdır

"Ermənistanın rəsmi dairələri seçkiöncəsi vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır"

"Ermənistanda ciddi şəkildə panika və isteriya müşahidə olunur".

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, Ermənistanda hazırda baş verən proseslər seçkilərlə bağlıdır:

“Ermənistan tərəfi bütün mümkün imkanlardan istifadə edərək haqlı olduğunu və Azərbaycanın Ermənistan ərazisinə daxil olması ilə bağlı bütün dünyaya car çəkir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə davamlı olaraq bu məsələni müzakirə edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında da mütəmadi danışıqlar aparılır. Burada əsas məqam iyun ayında Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Ermənistanın rəsmi dairələri seçkiöncəsi vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır”.

İ.Hüseynov vurğulayıb ki, Ermənistan tərəfi həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanlayıb və iddia edir ki, guya Ermənistanın suverenliyi və ərazi bütövlüyü təhdid altındadır:

"Əslində isə Qaragöl ətrafında yaranmış vəziyyət Azərbaycan sərhədçilərinin burada düzgün mövqe tutduqlarını deməyə əsas verir. Çünki hər iki ölkə müstəqillik əldə etdikdən sonra dövlət sərhədi məfhumu olmayıb. Üçtrəfli 10 noyabr bəyanatından sonra Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılıb. Eyni zamanda Zəngilan və Qubadlı rayonlarında da yeni sərhəd gerçəkliyi formalaşıb. Ermənistan tərəfi bu reallıqları qəbul etməli və barışmalıdır. Bundan sonra Azərbaycan sərhədləri sözügedən ərazilərdən keçəcək. Azərbaycan sərhədçiləri bu ərazilərdə sərhədlərimizi qoruyacaq. Ermənistan bu reallığı nə qədər tez qəbul etsə, bölgədə sülhün və əmin-amanlığın qorunması bir o qədər tez mümkün olacaq". Politoloq qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın Ermənistanın ərazilərini “işğal etməsi” ilə bağlı son açıqlaması ikitərəfli münasibətlərə ciddi şəkildə xələl gətirir: “Reallıqdan kənar siyasi bəyanatın verilməsi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Fransanın mandatı məsələsini də gündəmə gətirir. Onsuz da Minsk Qrupunun fəaliyyətindən Azərbaycan narazı idi və belə bir məqamda Fransanın konkret tərəf olduğunu açıq şəkildə bəyan etməsi yeni situasiya yaradır. 44 günlük Vətən müharibəsi zamanı da Fransa ermənipərəst mövqe ortaya qoyurdu. Makronun açıqlaması Azərbaycanla yanaşı, həm də Türkiyəyə ünvanlanmış mesajdır. Çünki həm Şərqi Aralıq dənizində, həm Yaxın Şərqdə, həm də Şimali Afrikada Türkiyənin ədalətli mövqeyi, sülhü qorumağa yönəlik addımları və milli strateji maraqları Fransanı narahat edir. Bu xüsusda ziddiyyətlər, ixtilaflar, konfrantasiyalar meydana gəlir. Türkiyənin Cənubi Qafqazda marağının olması, Azərbaycanla qardaşlıq münasibətləri də Fransanı dərindən narahat edir. Makronun cari açıqlaması bu siyasi xəttin davamıdır. Düşünürəm ki, istənilən halda tərəflər arasında yaranmış gərginliyin diplomatik yollarla və sülh şəraitində həlli mühüm əhəmiyyət kəsb edir. Yeni reallıqlar formalaşıb və həm Ermənistan, həm də onu himayə edən dövlətlər bunun nəzərə almalıdırlar. Fikrincə, sərhəd zolağının müəyyənləşdirilməsi müəyyən zaman alacaq. Baxmayaraq ki, Gorus-Qafan yolunun 21 km-lik ərazisinə Azərbaycan tərəfi nəzarət edir, lakin humanistlik nümayiş etdirərək gediş-gəlişə hər hansı maneçilik yaratmır. Ermənistanla münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atır. Rəsmi Bakı Rusiya ərazisində təmir-bərpa işləri ilə əlaqədar mavi yanacağın Azərbaycan vasitəsilə Ermənistana ötürülməsinə razılıq verib. Digər məqamlar da var ki, burada qeyd edilə bilər. Buna görə Ermənistan Azərbaycana minətdar olmalıdır”.

Politoloq əlavə edib ki, Azərbaycan qarşıdakı dövrdə öz hərbi potensialını artırmalı, sərhədlərimizin etibarlı şəkildə mühafizəsini təşkil etməli, hərbi qulluqçularımızın maddi-texniki təminatını daha da yüksəltməlidir:

“Biz çox güclü olmalıyıq ki, istənilən təxribatların, diversiya qruplarının həmlələrinin və müxtəlif xoşagəlməz halların, sülhə və təhlükəsizliyə təhdid törədən maneələrin qarşısını uğurla ala bilək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu