İsrail və Fələstin arasında toqquşmalarda ölənlərin sayı artır

İsrail qırıcı təyyarələri Qəzza zolağında "HƏMAS"ın kəşfiyyat qərargahındakı hədəflərə zərbələr endirib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, İsrailin Müdafiə Qüvvələri "HƏMAS"ın “Cabalia” batalyonunun komandirinin evinə, "HƏMAS"ın Qəzzadakı siyasi qanadının rəhbəri Yəhya Sinvarın və onun qardaşı - "HƏMAS"ın logistika və işçi qüvvələri ilə bağlı məsələlərinə rəhbərlik edən Məhəmməd Sinvarın evlərinə də aviazərbələr endirildiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatdaqeyd olunub ki, bu evlər "HƏMAS" üçün hərbi infrastruktur rolunu oynayıb.

Qeyd edək ki, İsrail və "HƏMAS" arasında toqquşma mayın 10-dan başlayıb.İsrail Müdafiə Qüvvələri "HƏMAS" tərəfindən İsrailə ərazisinə 2300-dək raket atıldığını bildirib. Nəticədə, İsraildə 10 nəfər həlak olub, onlar arasında iki uşaq və bir hərbçi var. 560-dan çox israilli yaralanıb.

"Reuters"in məlumatına görə, İsrailin Qəzzaya endirdiyi hava və artilleriya zərbələri nəticəsində isə 174 fələstinli həlak olub, ölənlərin 47-si uşaqdır. Bildirilib ki, 1100-dən çox yaralı var.

Qəzzanın səhiyyə işçilərinin verdiyi xəbərə görə, İsrailin hava hücumlarında təkcə bu gün səhər Qəzzada 8-i uşaq olmaqla, 26 fələstinli həlak olub.

İsrailin bu gün endirdiyi aviazərbələr nəticəsində Qəzza sektorunda Əmək Nazirliyinin binası da tamamilə dağılıb. Hökumətin informasiya xidmətinin katibi Salam Maaruf Fələstinin “Sawa” nəşrinə bildirib ki, hava hücumu zamanı Sosial İnkişaf Nazirliyinin binasına da ciddi ziyan dəyib.

İsrail tərəfi isə bəyan edib ki, zərbələr ancaq hərbi hədəflərə, yaxud hərbi məqsədlər üçün istifadə olunan obyektlərə endirilib.

Fələstinin “Wafa” agentliyinin bu gün yaydığı məlumatda İordan çayının qərb sahilində və Şərqi Yerusəlimin bəzi rayonlarında İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda 3 fələstinlinin həlak olduğu, 580-nin yaralandığı bildirilir.

Bu gün BMT Təhlükəsizlik Şurası Qəzza ətrafında yaranan vəziyyəti müzakirə edəcək.

BMT baş katibi Antonio Quterreş vəziyyətlə bağlı yaydığı bəyanatında tərəfləri mülki və media quruluşlarının hər hansı ayrı-seçkilik edilmədən hədəf alınmasının beynəlxalq hüquqa zidd olduğunu, nəyin bahasına olursa-olsun, bunun qarşısını almağın vacibliyini vurğulayıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu