Hacı Nuran Rəmişdən yazdı:"Özü boyda dərd idi"

Bir ay əvvəl Rəmiş ləqəbi ilə tanıdığımız gitara ifaçısı Rafiq Hüseynov var idi. Bu gün yoxdur. Təbii sadəcə cismən aramızda deyil. Lakin sənəti və ifaları ilə yaşayır. Nə dostları, nə də sevənləri gitara ifaçısını unuda bilir.
Aparıcı və xeyriyyəçi Nuran Hüseynov ( Hacı Nuran) da ölümünün 40-cı günündə xalq artistini yada salıb.
“Sherg.az” xəbər verir ki, Rəmişlə videosunu İnstaqram hesabında paylaşan Hacı Nuran mərhumun onun həyatında xüsusi yeri olduğunu söyləyib:

“Sənətinə, istedadına heyran olduğum sənətkarlardan idi. Rəmişin yoxluğuna inanmıram. İllərdir, Rəmişin gözlərindəki və qəlbindəki nisgili görürdüm. O Ağdamın dərdini çəkirdi. Əslində özü Ağdamın bir parçası idi.  İfaları da  Ağdamı  xatırladırdı. Həzin, kövrək və yanıqlı səslənirdi. Rəmiş özü boyda dərd idi. Onu tanıyanlar dərdini yaxşı bilirdi. Tək Ağdamın ağrısını daşımırdı, oğlunun, toyu günü dünyasını dəyişən qardaşı Sabirin acısı da ürəyində idi. Ona görə də “Ayrılıq” mahnısını kimsə Rəmiş kimi  ifa edə bilmədi. Yurd həsrəti, qardaş dərdi ürəyini əritdi. Bu gün Rəmişin ölümündən 40 gün ötür. Azərbaycan musiqi sənətində öz çəkisi olan, mahir gitara ifaçısı aramızdan getdi. Yerin behişt olsun, sənətkar”.

 
Qeyd edək ki, Rafiq Hüseynov uzunmüddətli xəstəlikdən sonra 5 aprel 2021-ci ildə vəfat edib. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu