İranın Azərbaycana qarşı “B” planı: “Xankəndidə narkotrafik..."

“Təxribatlar davamlı olacaq. Ona görə diqqətli davranmalıyıq”

“Gürcüctana başa salmalıyıq ki, ermənilərin törətdikləri provokasiyalar strateji müttəfiqliyimizi təhdid edir”

“İranın narkoticarəti barədə isə dünya ictimaiyyətinə məlumat verməliyik”


Siyasətlə az-çox maraqlanan hər kəs, yəqin ki, bunun fərqindədir: Azərbaycan öz sərhədlərini bərpa etdiyi bir vaxtda bizə qarşı ard-arda təxribatlar törədilir. Gürcüstanda svanların soydaşlarımıza hücumu, İranla sərhəddə iki hərbçimizin öldürülməsi və s. kimi faktlar artıq bizi narahat etməyə başlayıb. Maraqlıdır, provokasiyaların indiki vaxta düşməsi təsadüfdürmü? Siyasətdə təsadüf nadir hallarda olur və ya olmur. 

 BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli baş verənlərlə bağlı “Sherg”-ın suallarını cavablandırdı:

- Sizcə, son hadisələrin Azərbaycanın qələbəsini rəsmiləşdirməsi ilə eyni vaxta düşməsi təsadüfdür?

-  İnanmıram. Əslində bunlar gözlənilən idi. Məsələ ondan ibarətdir ki, qələbəmiz Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırdı.  Həm Gürcüstanda, həm də İrandakı soydaşlarımızın özünəinam hissi artdı. Hətta türkdilli dövlətlərdə, Rusiyada da eyni prosesin şahidi olacağıq. Qonşu dövlətlər bundan narahatdırlar.  Ona görə də formalaşan özünəinam hissini bütün vasitələrlə azaltmağa çalışırlar. İranda fars rejimi, Gürcüstanda isə ermənilər xırda bəhanələrdən istifadə edərək, hətta təxribatlar törədərək bunu edirlər. Beləliklə, rəsmi Bakının imicinə zərbə vurmağa çalışırlar.

- Niyə düşünürsünüz ki, Gürcüstandakı təxribat məhz ermənilərin işidir?

- Bəli, buna şübhəm yoxdur. Məlum kadrları izləmişəm. Hiss olunur ki, polis hadisəyə gec reaksiya verir, məsələyə laqeyd münasibət göstərir. Beləliklə, proses bilərəkdən “körüklənib”. Hərçənd, belə hallar əvvəllər də olmuşdu və hüquq-mühafizə orqanları operativ reaksiya sərgiləmişdilər. Bu dəfə isə onun əksini gördük. Bunu hətta gürcüstanlı şərhçilər özləri də deyirlər.

- Bəs İranın təxribatı nə ilə bağlıdır?

- İran rəsmiləri Qarabağdakı bərpa işlərinə cəlb olunmadıqlarına narazılıqlarını bildiriblər. Halbuki cənub qonşumuz haqq savaşımız dövründə daim bizə mane olurdu, Xankəndiyə müxtəlif yüklər göndərirdi. İran indi də Azərbaycanın güclənməsini, nüfuz sahibi olmasını istəmir. Həm də rəsmi Tehran müəyyən mənada “B” planını həyata keçirməyə məcbur qalıb.

-  Hansı “B” planı?

- Rus mətbuatında Xankəndinin narkotrafik üçün istifadə olunduğu barədə material dərc olunmuşdu. Hətta bildirilirdi ki, oradakı rus sülhməramlıları da prosesdə iştirak edirdilər və məhz buna görə prokurorluq həmin zabitlər haqqında araşdırma başladıb. Sonradan vəziyyət dəyişdi. Ermənilər Xankəndiyə nəzarəti itirdikdən sonra İran öz çirkin əməllərini həyata keçirməkdən ötrü alternativ yollar axtarmağa başladı.

- Potensial təxribatların qarşısını almaq üçün nələr etməliyik?

- Fikrimcə, təxribatlar davamlı olacaq. Ona görə diqqətli davranmalıyıq. Gürcüctana başa salmalıyıq ki, ermənilərin törətdikləri provokasiyalar qarşılıqlı əlaqələrimizə zərbə vurur, strateji müttəfiqliyimizi təhdid edir. Yəni rəsmi Tiflis hadisələrə həssas yanaşmalıdır. İranın narkoticarəti barədə isə dünya ictimaiyyətinə məlumat verməliyik.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu