4 iyun qiyamı! - “Sürət və Əlikram Rusiyanın ssenarisini icra edirdi”

Tariximizin qara səhifələri, milli dövlətçiliyimizin sınağa çəkilən anları, xalqımızın ağrı-acılar, məhrumiyyətlər içərisində yaşadığı günlər çox olub. Ancaq 1993-cü ilin iyun ayının əvvəllərində öz kuliminasiya nöqtəsinə çatmış hakimiyyət böhranı, siyasi böhran milli tariximizin ən ağır səhifələrindəndir. Çünki o günlər Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə idi. Həmin günlər xalqımız qardaş qanı tökmək üçün hazırlanmışdı. Azərbaycan xanlıqlara parçalanmanın bir addımlığında idi. Bütün bunları isə ssenari kimi ardcıllıqla hazırlayan bədxahlar idi. 


4 iyun 1993-cü il Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu 4 iyun hadisələri ilə bağlı “Sherg.az”a danışıb.

Politoloq baş verənlərin ssenarisini kimlərin hazırladığına dair maraqlı faktları açıqlayıb:

“4 iyun 1993-cü il tarixində başlayan və sonda hakimiyyət dəyişikliyi ilə nəticələnən proses postsovet məkanında bir çox ölkədə gedən ümumi prosesin tərkib hissəsi idi. Yəni 1991-ci il sonunda SSRİ dağıldı və milli azadlıq hərəkatı dalğasında postsovet ölkələrinin bir hissəsində milli hakimiyyətlər quruldu. Onlar da milli dövlətçiliyin möhkəmlənməsi üçün yol aldılar. Əlbəttə, milli azadlıq hərəkatı dalğasında hakimiyyətə gələn insanların çoxu təcrübəsiz idi. Ümumiyyətlə, SSRİ dövlət idarəçiliyi artıq işə yaramırdı, hər şeyə sıfırdan başlamaq lazım idi. Amma müvafiq modellər də yox idi. Demək olar ki, Mərkəzi Asiya ölkələri və Rusiya xaric baltikyanı ölkələrə toxunulmurdu. Məlum idi ki, onlar heç vaxt SSRİ-nin tərkibinə qayıtmayacaqdılar, nə də Rusiya onları öz təsir dairəsinə sala biləcəkdi. Çünki NATO, Avropa Birliyi, Qərb ölkələri baltikyanı ölkələri təsir dairəsinə salmaqda maraqlı idi. Sonda bu proses baş verdi. Rusiya isə həmin dövrdə postsovet ölkələrində gedən milli dövlətçilik quruculuğunun qarşısını almaq və onları təsir dairəsində saxlamaq üçün müvafiq senarilər hazırlayırdı. Bu ssenarilər əslində 4 ölkədə baş verdi”.

Ə.Oruclu qeyd edib ki, Azərbaycanda 1993-cü il hadisələri hərbi və siyasi komponentlərlə paralel olaraq baş verdi:

“1993-cü ilin iyununda hərbi güclərdən istifadə olundu. Həmin güclər SSRİ dağılanda artıq Rusiya tərəfindən Azərbaycan dövlətinin ərazisində yerləşdirilib, silahlandırılmışdılar. Konkret olaraq Sürət Hüseynov və Əlikram Hümbətovu nəzərdə tuturam. Bu qiyamçı dəstə birmənalı olaraq Rusiyanın ssenarisini icra edirdi. Sadəcə olaraq Azərbaycanda, eləcə də Gürcüstanın özündə senari pozuldu. O zaman Gürcüstanda hərbi şura yaradıldı və həmin şuraya Eduard Şevarnadze rəhbərlik etməyə başladı. Rusiya Azərbaycanda qiyama start verməklə Elçibəy hakimiyyətinin devrilməsinə səbəb oldu. Bununla da hakimiyyətə Heydər Əliyev gəldi. Mərkəzi Asiya ölkələrində isə bu proses olmadı. Çünki orada köhnə kommunist liderləri qalmışdı. Onların hamısı ölənə qədər dövlətin başında idi. Onlar Rusiya üçün narahatlıq doğurmudular. Belarus və Ukraynada isə bu proses bir qədər dinc və parlament yolu ilə həyata keçirildi. 1994-cü ildə Belarus Parlamentinin sədri Stanislav Şuşkeviç və Ukrayna prezidenti  Leonid Kravçuk kənarlaşdırıldı və Rusiya onların yerinə daha loyal adamları gətirdi”.

Analitikin sözlərinə görə, Rusiya başa düşürdü ki, postsovet ölkələrində başlanan milli dövlət quruculuğu prosesi gedən dövlət Rusiyadan uzaqlaşacaqlar:

“Onlar Rusiyanın geosiyasi rəqibləri ilə daha yaxından ünsiyyət quracaqdılar. Bununla da Rusiya faktiki olaraq bu ərazilərə siyasi nəzarəti itirmiş olacaqdı. Ona görə də 4 iyun hadisələri bu səbəbdən baş verdi. Rusiyada heç cür qəbul edə bilməzdilər ki, milli azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş şəxslər hakimiyyətə qalsınlar. Ona görə də daha çox köhnə sovet məmurları, SSRİ təcrübəsi keçmiş siyasətçilər Rusiya üçün əlverişli idi. Rusiya Azərbaycandakı bölgələrə təsir etməklə bizi öz təhdidi altında saxlayırdı. Hətta hakimiyyət dəyişdikdən sonra belə münaqişə davam etdi. Rusiya bu bölgələri öz nəzarətində saxlamaq üçün bu addımları atmışdı. İndi müxtəlif iddialar var. Məsələn, bir çoxları deyir ki, guya Elçibəy hökuməti qalsaydı, yaxşı olacaqdı? Bir çoxları daha pis olacağını, digərləri isə yaxşı olacağını söyləyirlər. Bunu indi söyləmək çətindi, çünki tarix belə müqayisələri sevmir. “Olsaydı” kimi mülahizələr real siyasətlə əlaqəli deyil. Amma istənilən halda ən azı Rusiya ilə bu qədər yaxınlıq olmayacaqdı, ölkədə müəyyən inkişaf və siyasi dinamika, iqtisadi azadlıq olacaqdı. Amma bu proseslərin qarşısı alındı. Hadisədən  28 il keçdikdən sonra və hər il 4 iyun olanda geridə yaşananları müzakirə edirik. Fikrimcə, bu müzakirənin özü yanlışdır. Çünki tarixi müzakirə etməklə keçmişdə qalmış oluruq. Lakin indi gələcəyə baxmaq lazımdır, yəni nə etməliyik ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin edək. Bu mənada düşünürəm ki, keçmişi tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Çünki siyasətçilər bu mövzunu müzakirə edəndə çoxlu mübahisələr çıxır. 4 iyun hadisələrinə dair dayanmayan müzakirələrin səbəblərindən biri odur ki, həmin dövrdə hakimiyyətdə olmuş və hakimiyyəti itirmiş şəxslər bu gün də Azərbaycan siyasətində aktualdırlar. Bu mənada hər kəs çalışır ki, öz həqiqətini cəmiyyətə aşılasın. Hər halda  irəliyə baxmaq lazımdır. Düşünürəm ki, tarixdə qalmaq keçmişdə qalmaq deməkdir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu