Qarabağda inşa işləri gedir

Tikinti materiallarının bahalaşması birbaşa dövlət büdcəsinə ziyandır

"Bir kub taxtanın qiyməti 2 dəfə, plastik pəncərə və qapıların 20-40 faiz arasında qiymətləri qalxıb"


Son günlər Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artım müşahidə edilməkdədir. Xüsusilə də taxta və taxta məmulatlarının qiyməti kəskin  artıb. Bahalaşma armatur və eləcə də xaricdən gətirilən bütün növ tikinti materiallarında müşahidə olunur.  Lakin qeyd edək ki, bir müddətdir ki, tikinti materiallarının qiyməti sabit qalmışdı. Bəs hazırda Azərbaycanda tikinti materiallarının bahalaşmasına səbəb nədir?

Sualımızı iqtisadçı-ekspert Rauf Qarayevə ünvanladıq. Ekspert "Şərq"ə açıqlamasında tikinti sektorundakı qiymət artımının müxtəlif səbəblərinin olduğunu bildirdi:

"Tikinti materialların bahalaşması ilə bağlı səbəblər müxtəlifdir. Norm Sementinin Bakıda Nərimanov rayonunda yerləşən distribyuterindən əldə etdiyim məlumata görə, həqiqətən də qiymət zavod tərəfindən 40 qəpik qaldırılıb. Əgər sementin qiyməti əvvəllər  6 manat 80 qəpik idisə, indi 7 manat 20 qəpik təşkil edir. Təbii ki, bunu da vergi rüsumlarının artması ilə əlaqələndirdilər". 

R.Qarayev qeyd edib ki, əslində hazırkı vəziyyəti nəzərə alsaq qiymətlər də artım olmalı deyildi:

"Səbəb odur ki, Qarabağ zonasında tikinti işləri gedir. Qiymətin qalxması birbaşa dövlət büdcəsinə ziyandır.  Bildiyiniz kimi, Qarabağ zonasına 2.2 milyard vəsait ayrılıb. Burda tək tikinti deyil, həm də yenidənqurma işləri gedir. 

Təsəvvür edin ki, tikinti materiallarının qiyməti qalxır və dövlət büdcəsi nə qədər ziyana düşür. Bir kub taxtanın qiyməti 2 dəfə, plastik pəncərə və qapıların 20-40 faiz arasında qiymətləri qalxıb. Sual verilə bilər ki, taxtanın çoxu  Rusiyadan  idxal olunur və sair arqumentlər gətirmək olar.

Amma niyə məhz iki dəfə, yəni faiz hesabı ilə bu qədər fərq edir? Bildiyiniz kimi, Qarabağ zonası həm də tikinti materialları bazası adlanır. Orada o qədər təbii sərvətlər var ki, əksinə, tikinti materiallarından Azərbaycanı ixraçı kimi dünyaya tanıda bilər. Yəni biz tək neftlə yox, həm də tikinti materiallarına görə dünyada tanına bilərik. Hesab edirəm ki, indiki dövrdə tikinti materiallarının artması dövlətə xəyanətdir. Bu artım mövcud vəziyyəti daha da çətinləşdirəcək. Fikrimcə, dövlət bu sahəyə diqqət etməlidir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu