Problem var!-“Mediada naşıların sayı peşəkarları üstələyir”

Son günlər müxtəlif media qurumlarının bir-biri ilə qeyri-sağlam əqabətə girməsi xoşagəlməz durumlara səbəb olub. Məsələn, ötənlərdə Elnur Əfəndiyev adlı şəxsin qazi olmadığına dair müəyyən iddialar irəli sürüldü. Məhz bu informasiya bəzi media sturukturlarının bir-birini təkzib etməsinə yol açdı.


Sözügedən durumla bağlı “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid Feysbuk hesabında status yazıb.

Baş redaktorun fikrincə, ölkəmizdə fəaliyyət göstərən media qurumları daha önəmli mövzuların müzakirəsinə zaman ayırmalıdır:

“Siz bir-birinizi qırın, arada Mark qazansın...

Bir- birinə savaş açan media qurumları bu enerjini və maliyyəni şəhid həmkarlarımızla bağlı məlumatların yayılmasına sərf etsəydilər daha çox Vətənə və mətbuatımıza xidmət olardı”.

“Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı “Sherg.az”a bildirib ki, medianın tamamilə qeyri-peşəkarların ixtiyarında olduğunu söyləmək də düzgün olmazdı:

“Peşəkar jurnalistlərimiz var. Lakin peşəkar olmayan, ümumiyyətlə, mediadan başı çıxmayanların sayı peşəkarları üstələyir. Ona görə də bu sahədə müəyyən problem var. Hamıya elə gəlir ki, yazı yazmaq və fikir ifadə etmək bacarığı olan adamların hər biri jurnalistdir. Amma jurnalistika başqa bir sahədir, yazı yazmaq isə tamamilə fərqlidir. Jurnalistika peşədir, inşa yazmaq, fikir söyləmək isə başqa anlayışdır. Hər bir insan fikrini ifadə etməyi bacarmalıdır.

Sadəcə olaraq hərc-mərclikdir, hərə bir şey deyir və kimin öz peşəsinə dair əlindən nəsə gəlmirsə, jurnalistikaya “cumurlar”. Özünü siyasətçi adlandıran, amma siyasətdən başı çıxmayanlar, həkimlər və.s jurnalist olurlar. Bir sözlə, peşəsində uğur qazana bilməyənlər özünü jurnalist kimi qələmə verir. Ona görə də mediada problemlər əmələ gəlir”.

Kiminsə qazi olub-olmamasına gəlincə, E.Şıxlı vurğulayıb ki, söhbət onlara hansısa imtiyazların verilməsindən gedirsə, dövlət sturukturları və məmurlar bunu müəyyən etməlidir:

“Müvafiq sturukturlarda əyləşən məmurların, həmin şəxsi qazi təyin edənlərin mütləq əksəriyyəti öz yerində deyil. Ümumiyyətlə, məmurluqdan, peşəsindən, işindən-gücündən başı çıxmayanlar, naşılar hər yerdə doludur.

Problemlərimiz də məhz buradan qaynaqlanır.

Ən böyük problem isə budur: hansı birimiz müdiriksə, ətrafımıza özümüzə sadiq olan adamları yığmaq istəyirik. Amma onların peşəkar olub-olmadıqları, bacarıqlarının hansı səviyyədə olması bizi az maraqlandırır. Nəticədə xoşagəlməz vəziyyətə gəlib çıxırıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu