Qərb mediasının, beynəlxalq jurnalist təşkilatlarının ritorikası...


İki jurnalistin terror qurbanı olmasına niyə susdular?


Bir neçə gün öncə xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("AzərTAC" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş vermiş hadisə ilə bağlı bir sıra dövlət qurumları və təşkilatlar bəyanat yayıblar.

Milli Televiziya və Radio Şurasının hadisə ilə bağlı yaydığı bəyanatda bildirilib ki, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilib. Qeyd olunub ki, indiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Ermənistan isə minalanmış ərazilərin xəritələrini təqdim etmir. Milli Televiziya və Radio Şurası  bəyanatda dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edib. 

Medianın İnkişafı Agentliyi (MEDİA) Kəlbəcərdə mina partlayışı nəticəsində Azərbaycanın iki media işçisinin şəhid olması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi minlərlə insanın həyatını təhlükəyə məruz qoyur və bu gün olduğu kimi günahsız insanların ölümü ilə nəticələnir.

Diqqətə çatdırılıb ki, törədilən terror aktı beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının ağır pozuntusu olmaqla Ermənistanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibətinin, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən bu kimi qeyri-insani davranışları vərdiş halına gətirməsinin və humanist ideyaları təcavüzkar milliyyətçiliyə qurban verməsinin göstəricisidir. 

Jurnalistlərin Müdafiəsi Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Gülnoza Səidin bəyanatında isə bildirilib ki, Ermənistan hakimiyyəti minalanmış sahələrin xəritəsini verməlidir ki, digər jurnalistlər minaların qurbanı olmasın. O bildirib ki, Kəlbəcər rayonunda jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ölümü faciədir: "Ermənistan hakimiyyəti digər jurnalistlərin münaqişə qurbanına çevrilməməsini təmin etmək üçün mina sahələrinin xəritəsini verməlidir. Jurnalistlərin vəzifə səlahiyyətlərini yerinə yetirərkən təhlükəsizliklərini təmin etməyə çağırırıq".

"Global Journalism Council" (GJC) beynəlxalq jurnalist təşkilatı da ermənilərin minaladığı Azərbaycan ərazilərində iki azərbaycanlı jurnalistin minaya düşüb həlak olması ilə bağlı bəyanat yayıb: 

"Bu gün iki jurnalist həmkarımız, azərbaycanlı jurnalistlər, Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru Sirac Abışovun Ermənistanın minaladığı Azərbaycanın Kəlbəcər bölgəsində mina partlaması nəticəsində həlak olması bizi çox qayğılandırdı və qanlı olayı dərin kədərlə qarşıladıq. Həmkarlarımızın öz jurnalist vəzifələrini yerinə yetirərkən Ermənistanın minaladığı ərazidə həyatlarını itirmələrini bütün dünya jurnalistlərinin terrora məruz qalması kimi qiymətləndiririk".

Qlobal Jurnalistlər Şurasının Prezidenti Mehmet Ali Dimin adından yayılan bəyanatda daha sonra deyilir: “Rəsmi Bakıya istinadən Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini verməməsi bütün beynəlxalq konvensiyalara zidd və hayqırıdır. Məhz bunun nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun həyatlarını dəyişmələrini dünyadakı bütün jurnalistlərə qarşı terror kimi qiymətləndiririk. Bütün beynəlxalq təşkilatları, insan haqlarını müdafiə edən beynəlxalq qurumları, xüsusilə də beynəlxalq jurnalist təşkilatlatrını bu qanlı olaya laqeyd qalmamağa çağırır, jurnalistlərin ölümünə səbəb olan bu qanlı aktı qınayırıq. Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə səsləyirik".
Tərkibində Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyası AzTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu hadisə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərəfindən təəssüf və kədərlə qarşılanıb. Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır. Bu qorxunc əməli törədənlərin tezliklə layiqli cəzalarını almalarını diləyirik. Bildirilib ki, bunun üçün isə beynəlxalq ictimaiyyətin məsələyə ciddi reaksiyasına və  həmrəylik nümayişinə ehtiyac var.

Mövzu ilə bağlı  "Şərq"ə açıqlama verən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, həm media təşkilatları, həm də insan hüquqları və azadlıqları ilə məşğul olan təşkilatlar bütün dünyanın gözü qarşısında baş verən bu hadisəyə, faciəyə, terror aktına faktiki olaraq diqqət yetirməli və münasibət bildirməli idilər:

"Necə ki, dünyanın hər hansı bir ölkəsində jurnalistlərlə bağlı ən adi bir hadisə baş verəndə və yaxud da jurnalistə kiçicik bir təzyiq göstəriləndə, hətta həqiqətə uymayan informasiyalar yarananda ayrı-ayrı jurnalist və müdafiə təşkilatları dərhal reaksiya verirdilər. Buna görə də bu hadisəyə də beynəlxalq təşkilatlar diqqət yetirməli və münasibət bildirməli idilər ". 

E.Mirzəbəyli vurğulayıb ki, ancaq bu dəfə məsələyə yanaşmada əslində neytrallığın qorunub saxlanılmasının şahidi olduq:

"Yəni təəssüflər olsun ki, ümumi şəkildə minalar əleyhinə fikirlər səsləndirildi. Sanki bu minaları havadan kimsə gətirib və Azərbaycan torpaqlarında yerə basdırıb. Belə deyək ki, xidməti vəzifələrini yerinə yetirərkən faktiki olaraq həlak olan Azərbaycan jurnalistləri ilə bağlı prinsipial hər hansı bir mövqe sərgilənmədi. Şübhəsiz ki, bu cür standartlardan qaynaqlanan, eyni zamanda indiki şəraitdə Ermənistanla bağlı Qərb mediasının və təşkilatlarının gündəmində olan ritorika ilə bağlı olan bir məsələdir. Mən sadəcə bu təşkilatların baş verən hadisəyə neytral bir reaksiya ilə kifayətlənmələrini sözün doğrusu gözləyirdim. Çünki bu beynəlxalq təşkilatlar yaranışdan geosiyasi alət funksiyasını yerinə yetirmək üçün yaranıblar. Onların məqsədi dünyada söz və fikir azadlığının müdafiəsi, ona təhdid yaradan amillərə qarşı mübarizədir".

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət də açıqlamasında beynəlxalq jurnalist qurumlarının bu məsələyə münasibətinin onu qane etmədiyini deyib: 

"Əlbəttə, həmkarlarımızın bu cür həlak olması hər birimizi ciddi şəkildə üzdü. Haqlı olaraq, biz özəlliklə də beynəlxalq ictimaiyyətdən buna münasibət gözləyirdik. Bəli, bəzi beynəlxalq jurnalist qurumları bu məsələyə öz münasibətlərini bildirdilər. Amma deyim ki, o münasibət şəxsən məni tam olaraq qane etmədi. Düşünürdüm ki, ən aparıcı insan haqları təşkilatları və jurnalist təşkilatları bununla bağlı çox sərt bəyanatlarla çıxış edəcəklər. Çünki ortada Ermənistanın günahı ucbatından iki jurnalistin ölüm faktı var. Amma çox təəssüflər olsun ki, o bəyanatlarda bu sərtliyi biz müşahidə edə bilmədik. Əsasən, Beynəlxlaq Jurnalistlər  Federasiyası və Avropa Jurnalistlər Federasiyasının birgə bəyanatında bu məsələyə bir qədər uyğun münasibət bildirildi. Həmçinin Dünya Mətbuat Şuraları Assosiyasının bəyanatında yetərincə geniş və ayrıntılı şəkildə bu məsələyə münasibət bildirildi. Ancaq Nyu-Yorkda olan Jurnalistlərin Müdafiəsi Komitəsi təşkilatının açıqlaması şəxsən məni qane etmədi. Onların açıqlaması yayımlanan kimi dərhal onlara öz etirazımı bildirdim. Bundan başqa, qeyd edim ki, Avropa Şurasının İnsan Haqları komissarı Dunya Miyatoviçin tvitterdə bu məsələ ilə bağlı bir paylaşımı vardı. Ona da çox sərt şəkildə etirazımı bildirdim. Çünki çox dişsiz, mahiyyətdən və məğzindən uzaq bir yanaşma idi. Halbuki, Ermənistanda bizim tərəfimizdən bir jurnalistin burnu qanamış olsaydı, o zaman onlar bu hadisə ilə bağlı çox sərt bəyanatlar verərdilər. Çünki bunu biz dəfələrlə görmüşük, yəni Azərbaycanın dəxli olmadığı məsələlərdə belə bizi çox sərt ittiham ediblər. O baxımdan düşünürəm ki, bizim beynəlxalq ictimaiyyətlə daha çox, daha ağıllı və daha uyğun şəkildə işləməyimizə ehtiyac var.  Ölkəmizdə təbii ki, bu işi bacaranlar çoxdur. Sadəcə olaraq, dövlətimiz artıq o səfərbərliyi etməlidir. Bu işləri bacaran adamlara meydan verilməlidir. Nə qədər ki, bu işləri bacaran adamlar sıxışdırılmış vəziyyətdə qalacaq, əlbəttə ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar da bizə arzu etdiyimiz reaksiyaları verməyəcəklər".   

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu