"Avronun da arxası hara getsə, yenə gedib dollara bağlanır"

Rusiya Amerika kəşf etmək istəyir, amma mümkün deyil

Rusiya hökuməti ölkə iqtisadiyyatında olan bütün valyuta likvidliyini ABŞ dollarından avroya köçürmələri üçün təşviq edəcək. Bu barədə Rusiya Maliyyə Nazirliyinin Xarici məhdudiyyətlər üzrə nəzarət departamentinin direktoru Dmitri Timofeyev deyib. Onun sözlərinə görə, əsas hədəf Rusiyanı avrolaşdırılmış ölkəyə çevirmək və dolları avro ilə əvəzləməkdir. "Bu, likvidliyə, valyuta mübadiləsinə və s. aid olacaq. Lakin bunun üçün stimullar lazımdır və biz ona görə də təşviqlərin istifadəsi və inkişafı ilə bağlı təklifləri dəstəkləyirik. Onlar fərqli ola bilər, lakin bazar iqtisadiyyatı şəraitində olduğumuz üçün biz əmr verə bilmərik ki, dollar istifadə etməyi dayandırın", - deyə D. Timofeyev bildirib.

Nazirliyin rəsmisi onu da qeyd edib ki, Moskva birjasındakı valyuta mübadiləsində dolların payı 80 faiz, avronun payı isə payı 20 faizdən bir qədər azdır. Yuan və digər valyutalar isə likvid deyil.

İqtisadçı-ekspert  Pərviz Heydərov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya hökumətinin ölkə iqtisadiyyatında olan bütün valyuta likvidliyini ABŞ dollarından avroya köçürməsi bir qədər çətin məsələdir. Çünki Rusiyanın Avropa ölkələriylə, ABŞ-la və dünyanın bütün digər ölkələri ilə qarşılıqlı iqtisadi, ticari əlaqələri var:

"Düzdür, Rusiya böyük iqtisadi potensiala malik ölkədir. Onun zəngin təbii resursları və qeyri-neft sektor sənayesi mövcuddur. Amma nəzərə alaq ki, Rusiya Avropa ölkələriylə, ABŞ-la və dünyanın bütün digər ölkələri ilə qarşılıqlı iqtisadi, ticari əlaqələrdədir. Əgər bunlar olmasa, Rusiyanın bu cür resurslara və iqtisadi potensiala malik olması heç bir formada realizə oluna bilməz. Düzdür, Rusiyanın dollardan tamamilə imtina etməsi, avroya keçməsi hardasa praktik olaraq mümkündür.

Amma biz nəzərə almalıyıq ki, avronun da arxası hara getsə, yenə gedib dollara bağlanır. Bundan başqa, avronun dollarla bağlılığı, yəni dollarla qarşılıqlı münasibətləri aspektləri mövcuddur. Bu nöqteyi-nəzərdən yenə də Rusiya rublu dolayı yolla da ABŞ valyutası ilə münasibətlərdə qarşılıqlı nisbət məsələlərinə gəlib çıxmalıdır. Buna görə də bu məsələ istər-istəməz mümkün deyil. Yəni məsələn, sən qazını Avropaya satırsan və onun müqabilində pulu avro ilə tələb edə bilərsən. Amma həmin avronun dəyərinin dünya valyutaları içərisində aparıcı mövqeyi  müəyyən edən əsas amillərdən biri nədir?Təbii ki, onun ABŞ valyutasına olan münasibəti. Ona görə də hesab edirəm ki, bu cür fikirlərin ortaya atılması absurd xarakter daşıyır".

İqtisadçı əlavə edib ki, bu kimi fikirlər müxtəlif vaxtlarda siyasi intriqalardan, siyasi münasibətlərdəki gərginlik  və sairdən doğaraq bir növ cığallıq kimi sadəcə ortaya atılır:

"Zamanla belə fikirlər ortalığa atılır. Amma konkret olaraq heç bir nəticə olmur. Nəyə görə? Çünki qlobal iqtisadiyyat elə bir formada bir-birilə elə əlaqəvi və bitkin mexanizm şəklində formalaşıb ki, onun  hər hansı bir üzvünün əlahiddə Amerika kəşf etməsi mümkün deyil". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu