Mina terroru, "xəritə oyunu"...

"Ermənistana qarşı məcburedici tədbirlər görülməlidir"


Torpaqlarımız işğaldan azad olunduqdan sonra bəlli oldu ki, ərazilərimizdə çox böyük miqyaslı minalanma həyata keçirilib. Hazırda minalanmış ərazilər qarşıda duran ciddi problemdir. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsi prosesi getsə də, axtarışların hələ uzun çəkəcəyi deyilir. Çoxsaylı müraciətlərə baxmayaraq, Ermənistan tərəfi hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Çox təəssüf ki, ötən gün Kəlbəcərdə minanın partlaması nəticəsində Azərbaycanın iki media işçisi dünyasını dəyişdi.

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli Bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Nurlan Qələndərli vurğulayıb ki, mina xəritələrinin Azərbaycana verilməsi həm strateji zərurət, həm də hüquqi öhdəlikdir. Politoloq qeyd edib ki, geosiyasi güc mərkəzlərinin bu məsələdə adekvat təşəbbüslə çıxış etmələri zəruridir:

"Mina terrorunun həyata keçirilməsi və minalanmış ərazilərin xəritələrinin gizlədilməsi hərbi cinayət kateqoriyasına aid olan siyasi sabotajdır. Ümumiyyətlə, bəhs olunan xəritələrin Azərbaycana verilməsi həm strateji zərurət, həm də hüquqi öhdəlikdir. Birincisi, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların konkret tələbidir. Digər tərəfdən, Ermənistanın mina terroru, “xəritə oyunu” bütövlükdə regional təhlükəsizliyə ciddi təhdidlər yaradan neqativ faktordur. Ona görə də bu məsələ dünya ictimaiyyətini ciddi şəkildə narahat etməlidir. Müvafiq beynəlxalq təşkilatların, dünya siyasəti və beynəlxalq münasibətlər sistemində mühüm təsir imkanlarına malik olan geosiyasi güc mərkəzlərinin adekvat təşəbbüslə çıxış etmələri zəruridir. Yəni regionda sabitlik, sülh, təhlükəsizlik və gələcək əməkdaşlıq mühiti nəzərə alınmaqla, qəti addımlar atılmalı – mina xəritələrinin Azərbaycana verilməsi ilə əlaqədar məcburedici tədbirlər görülməlidir. Xüsusilə də, Ermənistana beynəlxalq sanksiyanın tətbiq olunması məsələsi qlobal institutlar tərəfindən dünyanın siyasi gündəliyinə çıxarılmalıdır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu