Türkiyənin lideri də, sıravi vətəndaşlar da Azərbaycanın yanındadır


"Bu gün Türkiyə ilə hərbi əməkdaşlığımız günü-gündən möhkəmlənir"


"Azərbaycan-Türkiyə dostluq əlaqələri etibarlı gələcəyin uğurlu təməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı.

“Dəmir yumruq” əməliyyatı nəticəsində 28 ildən sonra şəhidlərimizin qanı bahasına, ordumuzun böyük şücaəti sayəsində yenidən doğma yurdumuza qovuşmaq bizə nəsib oldu. 44 gün ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkirli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı". 



Bu fikirləri "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, dost və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni bir dönəmin qapılarını açmaq şansı verdi:

"Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz dəstəyini və köməyini əsirgəmədi. Bu iki qardaş dövlətlər arasında olan münasibətlərin fəlsəfi ideoloji xəttini Ulu Öndər Heydər Əliyev qoyub. Burada əsas dövlətlər arasındakı bağlayıcı tezis “Bir millət, iki dövlət” ifadəsidir. Dost və qardaş olan bu iki dövlət arasındakı səmimi münasibətlər uğurlu siyasətin məntiqi nəticəsi olaraq daha da yüksək səviyyəyə çatıb".  

Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı həm də regionda sabitliyin, tərəqqinin olmasına mühüm töhfələr verir:

"Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini hər zaman hiss etmişik. İstənilən taleyüklü tarixi məqamlarda türk xalqının və dövlətinin qüdrətli əlini çiynimizdə görmüşük. Bu dəstək 2020-ci ilin iyul hadisələrində Azərbaycan-Ermənistan sərhədində baş verən insidentdə də çox qabarıq şəkildə özünü göstərdi. Türkiyə hər zaman apardığımız haqq savaşında daim Azərbaycanın yanında olub. Bu, təkcə müharibə dövründə deyil, müharibədən əvvəl də belə idi. Müxtəlif platformalarda Türkiyə dövləti Azərbaycanın haqlı mövqeyini dəstəkləyirdi. Bu dəstək həm Türkiyənin hərbi sənayesinə məsul şəxslər, həm də Türkiyə diplomatiyasının rəsmiləri tərəfindən mütəmadi olaraq müşahidə olunurdu. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Böyük kürsülərdən dəfələrlə səsləndirilən bu açıqlamalar eyni zamanda, Ermənistanın havadarlarına, onu müdafiə edən qüvvələrə və ölkəmizə qarşı ədalətsiz mövqedə duran qruplara bir mesaj oldu. O, Azərbaycanın apardığı haqlı mübarizəsində dünya ölkələrinə kənarda durmalarını, bu məsələyə müdaxilə etməməyi bəyan etdi. Vətən müharibəsindən sonra təşkil olunan möhtəşəm Zəfər paradı Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin əbədi olacağını göstərməklə yanaşı, dünya ölkələrinə də bir mesaj idi. Paradda həm Azərbaycan, həm də Türkiyə prezidentlərinin səsləndirdikləri fikirlər dosta güvən, düşmənə göz dağı oldu. Təbii ki, Türkiyə kimi regionda və dünyada hegemon bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Vətən müharibəsinin ilk günlərindən döyüş bölgəsinə ezam olunmuş türkiyəli müxbirlər canları bahasına ən qaynar nöqtələrdən operativ şəkildə informasiya və çəkilişlər əldə edərək bütün dünya ictimaiyyətini baş verən hadisələrlə məlumatlandırmağa çalışırdılar. Onlar həmçinin Gəncədə, Bərdədə və müharibənin getmədiyi şəhərlərdə erməni vandalizmi nəticəsində baş verən hadisələri çəkərək bu vəhşiliyin hüdudunun olmadığını dünyaya çatdırdılar. Bir sözlə, müharibə zamanı türk xalqı liderindən tutmuş ən sıravi vətəndaşına kimi, Azərbaycanın yanında olaraq, bu mübarizədə öz dəstəyini göstərdi. Bunun sayəsində dünyaya dostluq, qardaşlıq, həmrəylik və birlik mesajları verildi. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi oldu. Bu gün də bu iki dövlət arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri həyata keçirilir. Bura təbii ki, hərbi əməkdaşlıq da daxildir. Bu gün Türkiyə ilə hərbi əməkdaşlığımız günü-gündən möhkəmlənir. Qardaş ölkədən yeni müasir silahlar alınır. Gələcəkdə də bu işlərin davam etdirilməsi və birgə təlimlərin keçirilməsi məsələsində lazımi işlər görüləcək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu