Nazirlər, komitə sədrləri qanunvericiliyin tələbini bilməlidirlər

"İstənilən mərkəzi icra hakimiyyəti və dövlət orqanının rəhbərliyi millət vəkillərinin tələb və sorğularına təxirə salınmadan cavab verməlidir"

"Konstitusiyamıza əsasən, xalq adından söz demək Prezidentə və deputatlara məxsusdur. İcra orqanlarının rəhbərlərinin deputatları dərhal qəbul etməsi həm də hakimiyyət bölgüsünün mahiyyətindən irəli gəlir"


Milli Məclisin iclasında çıxış edən deputatlar ad çəkmədən nazirləri və məmurları sərt tənqid ediblər. Parlament üzvləri vurğulayıblar ki, seçicilərin problemlərini həll etmək üçün müraciət ünvanladıqları nazirlik və komitələrdən vaxtında cavab ala bilmirlər. Bir çox hallarda isə telefonlara, sorğulara cavab belə verilmir. Məsələn, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, nazirliklərə gedən məktublara reaksiya verilməsində ciddi problemlər var. Onun sözlərinə görə, cəmiyyətdə qanunverici orqanın nüfuzu artırılmalıdır:

“Millət vəkillərinin heç birinə adi telefon kitabçası verilmir. Nazirlər Kabinetinin, Prezident Administrasiyasının, nazirliklərin telefonları bizdən gizlidir. Deputat ancaq sorğu əsasında sual verə, məsələ qaldıra bilər. Nazirliklərdə bizi heç qəbul etmirlər. Köməkçi telefonu açır, deyir əlaqə saxlayacağıq”. Deputat Qənirə Paşayeva da məmurları kəskin tənqid edib və özlərinə çəki-düzən verməyəcəkləri təqdirdə adlarını çəkəcəyini söyləyib: “Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq, niyə baxılmır? Dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslübuna diqqət etməlidir. Bundan sonra onların adlarını da çəkəcəyəm”. Millət vəkili Tahir Kərimli və Razi Nurullayev də həmkarlarının fikirlərini bölüşüblər. 

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, qanunvericiliyə və deputat statusu haqqında qanuna görə, istənilən mərkəzi icra hakimiyyəti və dövlət orqanının rəhbərliyi millət vəkillərinin tələb və sorğularına təxirə salınmadan cavab verməlidir. Ekspert vurğulayıb ki, bu, qanunvericiliyin birmənalı tələbidir:

“Nəzərə alaq ki, deputatlar qanunverici orqanı təmsil edirlər və xalq adından danışmaq səlahiyyətinə malikdirlər. Konstitusiyamıza əsasən, xalq adından söz demək Prezidentə və deputatlara məxsusdur. İcra orqanlarının rəhbərlərinin deputatları dərhal qəbul etməsi həm də hakimiyyət bölgüsünün mahiyyətindən irəli gəlir. Bir çox deputat telefonlarına belə cavab verilmədiyini deyir. İstənilən nazir, komitə sədri yerində, vəzifə başındadırsa, xidməti telefonuna cavab vermək onun borcudur. Bu, qanunun tələbi olmaqla yanaşı, həm də dövlət etikası ilə bağlı məsələdir. Başa düşürük ki, bütün nazirlər daim kabinetdə oturub telefon zəngi gözləyə bilməz. Nazirlərin yeganə funksiyası zənglərə cavab vermək deyil. Dövlət qurumlarının rəhbərləri çoxistiqamətli funksional vəzifələr icra edirlər, səfərləri, tədbirləri olur və s. Yəni nazir obyektiv səbəblərdən də yerində olmaya bilər və bunu anlayışla qarşılamaq lazımdır”. 

Ə.Nuriyev vurğulayıb ki, ümumiyyətlə, parlamentə, deputatlara qarşı etinasız münasibət, üstdən-aşağı baxışı zaman-zaman müşahidə edilir:

“Millət vəkilləri onlara səs verən seçicilərin, vətəndaşların problemlərini gündəmə gətirməyə, həllinə nail olmağa çalışmalıdır. Dövlət başçısı növbədənkənar parlament seçkisindən sonra formalaşan Milli Məclisdə çıxışı zamanı deputatlara öz tapşırıqlarını verdi. Bildirdi ki, deputat seçicilərinin problemlərini həll etmək üçün fəal olmalı, dövlət qurumları ilə daim sıx əlaqə saxlamalıdır. Əlbəttə, bir qurumun digər struktur üzərində üstünlüyü yoxdur və bir-birinə tabe deyillər. Bütün strukturları ümumi məqsəd – xalqa xidmət birləşdirir. Hakimiyyət bölgüsündə tarazlıq qorunmalı, qurumlar bir-birini eşitməli, dəstək olmalıdır. Hər kəs öz səlahiyyəti çərçivəsində qarşılıqlı əməkdaşlıq etməlidir. Əks halda hakimiyyətin bütövlüyündən söhbət gedə bilməz”.

Hüquqşünas bəyan edib ki, hər il dövlət büdcəsini təsdiqləmək Milli Məclisin funksiyasına malikdir:

“Hökumət hər il parlament qarşısında hesabat verir. Bu, dolayı yolla hökumətin fəaliyyətinə parlamentin nəzarəti deməkdir. Parlamentarizmin güclənməsində hamımız maraqlı olmalıyıq. Nəzərə alaq ki, vətəndaşlarla birbaşa təmasda olanlar məhz deputatlardır. Millət vəkilləri yerlərdəki problemləri daha yaxşı bilmək imkanına sahibdirlər. Ona görə də deputatları dinləmək, telefonlarına cavab vermək çox vacibdir”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu