Azərbaycan Gürcüstandan 6 milyon dollar kapitalını geri çəkib


İqtisadçı: "Ehtimal ki, bazar araşdırılmayıb, risklər nəzərə alınmayıb"

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 6,240 milyon ABŞ dolları həcmində investisiyanı geri çəkib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkə iqtsadiyyatından geri götürdüyü sərmayələrin həcmi 2,23 dəfə azalıb. 2020-ci ildə Azərbaycanın Gürcüstandan geri çəkdiyi investisiyaların həcmi 30,8 milyon ABŞ dolları təşkil edib.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Nazim Baydəmirli vurğulayıb ki, investisiyaların geri çəkilməsi o deməkdir ki, normal bazar araşdırılması aparılmayıb. O qeyd edib ki, ehtimal ki, bütün hesablamalar yerində olmayıb və risklər nəzərə alınmayıb:

"Əsas olaraq Gürcüstana dövlət şirkətləri investisiya qoyur. SOCAR başda olmaqla, illər boyu Azərbaycan investorları Gürcüstana külli miqdarda vəsait yatırıblar. Elə illər olub ki, bu vəsait 6 milyon dollardan yuxarı olub, hətta bəzən 1 milyarda çatıb. Yəni Gürcüstana Azərbaycan mənşəli kapital çox gedib. Kapitalın geri çıxarılması isə hər hansı bir layihənin bağlanmasıyla, ya da ki, hər hansı bir sanksiyalarla bağlı ola bilər. Təbii ki, bunlar ehtimallardır. Ümumiyyətlə, burda səbəblər çox ola bilər.

Amma investisiyaların geri çəkilməsi o deməkdir ki, normal bazar araşdırılması aparılmayıb. Ehtimal ki, bütün hesablamalar yerində olmayıb və risklər nəzərə alınmayıb.

Adətən dövlət investisiyalarında bu tipli addımlar adi qaydada çoxdur. Çoxlu sayda belə örnəklər var ki, Azərbaycan başqa ölkələrə investisiya qoyub, amma onun effektliyi az olub. Həmçinin, SOCAR-ın bütün dünya üzrə "SOCAR Trading" deyilən şirkəti dövlət şirkətinin büdcəsi hesabına müxtəlif investisiyalar qoyub. Ancaq onlar nə dövlət büdcəsinə böyük qatqı gətirir, nə də ki, vergi ödənişlərində artım yoxdur". 

N.Baydəmirli qeyd edib ki, əslində Azərbaycanın öz daxilində investisiyalara kifayət qədər ehtiyac var:

"Biz həmişə deyirik ki, niyə xarici ölkələrə investisiyalar yatırılır? Çünki burda məmur sahibkarlığının və yaxud da dövlətin şəxsi maraqları var. Əslində isə o investisiyalar vasitəsilə bizim vəsaitlərimiz mənimsənilir. Ancaq təbii ki, dediyim kimi, elə investisiyalar var ki, onlar effektiv ola bilər".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu