Bakının mövqeyi doğrudur

Dünya Ticarət Təşkilatının özü qlobal risklərlə üz-üzədir

“Azərbaycanla Avropa Birliyi arasında Tərəfdaşlıq Prioritetləri haqqında yekun razılaşmanın imzalanmasına əngəl yaradan əsas amil ticarət məsələləri ilə əlaqədardır”. Bu barədə siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib. Analitik bildirib ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sazişin imzalanmaması səbəbindən danışarkən Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasına diqqət çəkib: “Əslində, bu, yeni detal deyil. İqtisadi məsələlərlə bağlı başqa bir məqam da var, Avropa İttifaqı bu məsələdə də Azərbaycanın qarşısında şərtlərini açıqlayır. Mübahisəli məsələləri konseptual baxışlarla izah etmək üçün Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında yerli jurnalistlərə verdiyi müsahibəyə nəzər yetirmək lazımdır.

Dövlət başçısı da Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasının Avropa İttifaqını narahat etdiyini demişdi. Lakin Azərbaycanın bu iqtisadi təşkilata qoşulmaması üçün arqumentləri var. Bakı hesab edir ki, ölkənin ixracının əsas hissəsi neft-qaz məhsullarıdır. Bu məhsulları ixrac etmək üçün isə Dünya Ticarət Təşkilatına üzv olmaq şərt deyil. Bakının digər arqumenti budur ki, Azərbaycanın təşkilata üzvlüyü ilə yerli istehsalçılar, yerli sənaye sektoru, kənd təsərrüfatı sektoru böyük problemlərlə üzləşə bilərlər. Risk faktorunu izah etmək üçün, Bakının mövqeyi budur ki, Azərbaycan həmin təşkilata üzv olsa, ölkəyə yerli bazarda dominantlıq qazanmaq məqsədilə böyük həcmdə keyfiyyətsiz mallar idxal olunacaq və yerli istehsal ziyan görəcək”. 

A.Kərimovun qənaətincə, Bakı düşünür ki, təşkilatın özü qlobal risklərlə üz-üzədir:

"Avropa İttifaqının rəsmi nümayəndəsinin “narazılığındakı” digər detallar da gizlənir, hərçənd bunu açıqlamayıb. Həmin detalı anlamaq üçün dövlət başçısı İlham Əliyevin müsahibəsinə yenidən ekskurs edərək digər bir məqama da diqqət çəkmək lazımdır. Sazişə Avropa İttifaqı tərəfindən belə bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Dövlət başçısı buna izah verərkən qeyd edib ki, hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. Azərbaycan hesab edir ki, əgər öz təbii qazını daxili qiymətlərlə satsa, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. İstehlakçılara qaz qiymətini ixrac qiymətləri ilə satmaq isə təbii ki, ölkə əhalisinin də ürəyincə deyil”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu