Pakistanlı generalların Bakı səfəri: “Çox ciddi maraqlar var” – Pərdəarxası

Bu gün Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri (HHQ) komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılmasına dair fikir mübadiləsi aparıblar.

Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. General həmçinin digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

General-mayor N.Zakaria Azərbaycanın hərbi pilotlarının Pakistanın hərbi təhsil müəssisələrində təhsil almaları, ölkəsinin HHQ-nin helikopter heyətlərinin isə Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsinin iki ölkə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.

Məlum görüşü “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, iki ölkə arasındakı münasibətlər ötən əsrə, hələ ondan da əvvələ dayanır:

“Pakistan 44 günlük müharibədə Türkiyədən sonra Azərbaycanı dəstəkləyən ən böyük nüvə dövlətidir. Bu dövlət hərbi cəhətdən inkişaf etmiş ölkələrdən biridir. Pakistan-Azərbaycan münasibətlərinin yaxşı olması həm də dövlət başçılarının şəxsi münasibətlərindən irəli gələn bir məqamdır. İki ölkənin hərbi sahədə əlaqələri çox yüksək səviyyədədir. Pakistan oturşmuş nüvə dövləti olmaqla bərabər, hərbi baxımdan da qüdrətli ölkədir. İkitərəfli münasibətlərin hərbi müstəviyə keçməsi maraqlarımıza uyğun gələn bir haldır. Məlumdur ki, Pakistan Ermənistanı qəbul etməyən dövlətlərdən biridir. Bütün bunların fonunda pakistanlı generalların ölkəmizdə olmasının arxasında çox ciddi maraqlar dayanır”.

C.Nuriyev yaxın zamanlarda Azərbaycanla Pakistanın silah istehsalı ilə bağlı birgə müəssisə yaradacağına inandığını vurğulayıb:

“Eyni zamanda iki ölkənin qarşılıqlı silah satışları, təchizat, hərbi taktika məsələlərinin araşdırılıb öyrənilməsinin arxasında dövlətlərin ortaq maraqları dayanır. Pakistan rəsmilərinin ölkəmizə sıx-sıx gəlməsi və bu tip görüşlərin keçirilməsi yaxın zamanda Azərbaycanın hərbi cəhətdən qüdrətinin daha da artmasına səbəb olacaq. İnanıram ki, Azərbaycan-Pakistan münasibətlər yalnız hərbi deyil, iqtisadi, siyasi, mədəni sahədə də daha yeni nailiyyətlər əldə edəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu