Uğursuz evliliklərin qurbanları... - Cocuqların günahı nə?  

“Ailə qurulur amma cəzanı, əzabı və hər cür dərdi uşaqlar çəkir”


Ötən günlərdə atanın azyaşlı qızına işgəncə verməsinə dair yayılan video görüntü böyük rezonans doğurdu. Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib ki, doqquz yaşlı qız atasından şiddət görür.
O bildirib ki, Rauf Vəliyev adlı şəxs doqquz yaşlı M.M-nı işgəncə verərək döyüb. 

“Həmin şəxs “WhatsApp” vasitəsi ilə keçmiş həyat yoldaşına zəng edir və qızına işgəncə verir.
Cütlük 10 il qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Artıq ayrılıblar və qadın Rusiyanın Moskva şəhərində yaşayır. Qadının Raufdan ayrılma səbəbi işgəncə görməsidir”.

Baş Prokurorluqdan hadisəyə münasibət bildirilib:

“Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya vatsap vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. Qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir”.



Baş verənləri “Sherg.az”a dəyərləndirən yazıçı-jurnalist Türkan Turan bildirib ki, bu gün cəmiyyətimizdə yüzlərlə travmalı uşaq var. Həmin uşaqlar uğursuz evliliklərin cəzasını çəkir:

“Son zamanlar anormal davranış tərzi olan şəxsləri, qatilləri izləyirəm. İstənilən ölkədə belə şəxslər var. Bu gün onların törətdiyi əməllərin sayəsində Oskarlıq filmlər çəkilir, romanlar yazılır.

Anormal davranışı olan şəxslərin, çoxsaylı cinayət törədənlərin hər birinin uşaqlığında iki travma diqqəti cəlb edir: ya heyvana şiddətdən sonra qatil olurlar, ya da ailədə gördükləri şiddətdən sonra.

Ümumiyyətlə, uşaq ailədə şiddət, döyülmə görürsə, o, səbəb nə olursa olsun, hansı şəraitdə böyüdülürsə, böyüdülsün gələcəyində mütləq qaranlıq məqamlarla  özünü göstərir”.

T.Turan qeyd edib ki, baş verən hadisədə ana şiddətə məruz qalıbsa və şiddət törədən atanın yanında uşaq qoyubsa, burada bir problem də anadadır:

“Ümumiyyətlə, ailə institutu, ailə dəyərləri ölkəmizdə zəifdir. Sanki zaman keçdikcə analıq-atalıq dəyərləri də azalır.

Bu günlərdə ana 4 övladını evdə qoyub, birinə də hamilədir. Dövlət 4 uşağı anadan aldı. Guya uşaqların dövlət qurumuna verilməsi düzgündür? İnternatlarda uşaqlara lazım olan sevgi yetərincə verilə bilməz axı.

Hansı dövlət qurumu uşağı ana-ata qədər sevə bilər? Düşünürəm ki, belə bədbəxt hadisələrin kökündə uğursuz evliliklər dayanır.

Evlənmək, ailə qurmaq xatirinə qurulan ailələr dayanır. Təəssüf ki, belə hallar ildən-ilə artır. Sözügedən uşaq kimi yaralı böyüyən yüzlərlə, onlarla uşaq var. Onların hamısı uğursuz ailələrin qurbanıdır. Ailə qurulur amma cəzanı, əzabı və hər cür dərdi uşaqlar çəkir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu