Türkiyəli general: ““Dəmir yumruq” əməliyyatı “Polad yumruğa” çevrildi”

Məlum olduğu kimi, dünən Şuşada Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müqavilə həm də özündə hərbi əməkdaşlığı ehtiva edir. Bu isə o deməkdir ki, bizi istəməyənlər, düşmənlər bundan sonra sərsəm bəyanatlar səsləndirməzdən əvvəl iki dəfə düşünməli olacaqlar. Çünki “Şuşa bəyannaməsi” ilə gücümüzə güc qatıldı.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi ateşşəsi, ehtiyatda olan general-mayor Yücel Karauz sənədin əhəmiyyətini “Sherg.az”a izah etdi:

“Tərəflər arasında 1918-ci ildə imzalanan Batum müqaviləsi ilə Bakının, 1921-ci ildəki Qars müqaviləsi Naxçıvanın ərazi bütövlüyünə təminat verilirdisə, “Şuşa bəyannaməsi” ilə Türkiyə Qarabağın ərazi bütövlüyünə qarant olur. “Şuşa bəyannaməsi” ilə Azərbaycanın başlatdığı “Dəmir yumruq” əməliyyatı “Polad yumruğa” çevrildi. Bu sənəd Üzeyir Hacıbəyov, Əhməd Cavad, Nuru Paşa, Ənvər Paşa...Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev deməkdir.  Bu sənəd 83 milyonluq Anadolu türkü ilə 10 milyonluq Azərbaycan türkünün ruhunun birləşməsi deməkdir. Həmçinin digər türkdilli dövlətlərlə əməkdaşlıq üçün də bir siqnaldır”.

Y. Karauzun sözlərinə görə, bundan sonra hərbi qüdrətimiz daha da artacaq: “Ankara Bakının, Bakı da Ankaranın yanındadır. Birinin ayağına dəymiş daş digərinin ayağına dəymiş kimidir. Müqavilə təbii ki, regiondakı sabitlik, sülh məqsədlidir. Bizim kiminsə torpağında gözümüz yoxdur. Bundan sonra Türkiyə yerli istehsallı silahlarını, o cümlədən “Bayraqdar”ı Azərbaycana verəcək və bu, Bakını daha güclü edəcək. Dünyada Azərbaycanla Türkiyə kimi nümunəvi münasibətlər saxlayan başqa dövlət yoxdur”.