"Buzlar” əriyəcəkmi?- “Rəisi sərt ritorikasından əl çəkməsə...”

İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi keçirdiyi ilk mətbuat konfransında ABŞ-la münasibətlərdən danışıb. O, bildirib ki, ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir. “Onlar nüvə anlaşmasını pozdular, Avropa İttifaqı da müqavilənin müddəalarına əməl etmədi”.- deyə, prezident bildirib. Rəisi hakimiyyətə gələr-gəlməz “Burda mənəm, Bağdadda kor xəlifə” deməyə başladı. Görünür, bölgəni çətin günlər gözləyir.

Bu barədə “Sherg.az”a danışan Natiq Mirinin fikrincə, Rəisinin hakimiyyətə gətirilməsi məqsədyönlüdür:

“Bildiyiniz kimi, o, qatı mühafizəkardır və sərt siyasət yeridir. Əlbəttə, prezident “seçilməsi” təsadüfi deyil. Çünki ali liderin dəyişməsi məsələsi gündəmdədir. Bu, daxildə qarışıqlıq, xaos yarada bilər. Yalnız Rəisi kimi sərt siyasətçi həmin prosesin dinc keçməsini təmin etməyi bacarar”.

N. Mirinin sözlərinə görə, bundan sonra Tehranla Vaşinqton arasındakı “buzların əriməsini” gözləmək əbəsdir:

 “Rəisinin bəyanatlarında xoş mesaj yoxdur. Əksinə, o, ABŞ-ı ittiham edir. Halbuki ABŞ zəifləmiş İrana möhtac deyil. Əslində İranın ABŞ-a ehtiyacı var. Çünki sanksiyaların ləğvini və iqtisadi böhrandan çıxmağı arzulayır. Fikrimcə, yeni prezident radikal siyasətini davam etdirdiyi müddət ərzində tərəflər arasında münasibətlər normallaşmayacaq və sanksiyalar davam edəcək. Bunun günahkarı isə İranın yeni prezidentidir. Nəzərə almaq lazımdır ki, sanksiyaların ləğvi üçün Tehran qarşısında konkret tələblər qoyulub və bu məsələ Ruhani hökuməti ilə müzakirə olunmuşdu. Dediyim kimi, Rəisi sərt ritorikasından  əl çəkməsə, “qınına çəkiləcək” və Çinin “qapısında qalacaq”. Ümumiyyətlə, mən rəsmi Tehranın ən azı qarşıdakı illərdə normal regional siyasət yeridəcəyinə, qonşuluq münasibəti apacağına inanmıram”.