Türkiyəli hüquqşünas: “Kremlin bölgədəki mövcudluğu üçün hüquqi əsas qalmayacaq”

Azərbaycanın Qarabağ müharibəsində qazandığı parlaq zəfər sözün əsl mənasında dillərdə dastan oldu. Artıq ayrı-ayrı hərbi məktəblərdə uğur taktikamızdan danışılır. Həmçinin qələbəmizlə bağlı fərqli əsərlər yazılmaqdadır. Türkiyəli hüquqşünas, vəkil Ferhat Aznevi də bu prosesdən geri qalmadı. Onun “Türkiyə və Azərbaycan ortaq erməni problemi, Dağlıq Qarabağ və 10 noyabr 2020 atəşkəs andlaşması” kitabında 44 günlük döyüşlərin siyasi nəticəsi geniş təhlil edilib.

 Odur ki, “Sherg.az” olaraq müəlliflə əlaqə saxladıq və kitab haqqında daha ətraflı öyrəndik.

- Necə oldu ki, belə bir əsər yazdınız?

-Birinci Qarabağ müharibəsindəki itkiləri Türkiyədə eyni universitetin yataqxanasında qaldığımız azərbaycanlı dostlarımızla birlikdə yaşamışdıq. Həmin çətin günlərdə arda-arda itirilən torpaqlar barədə xəbərləri birlikdə izləmişdik. Odur ki, Azərbaycan və Türkiyəyə qarşı qoyulan erməni məsələsi əleyhinə mübarizə aparmaq hər birimizin işidir. Əsla unutmaq olmaz ki, yalnız 1918-ci ildəki Batum müqaviləsindən sonra İrəvan Ermənistana verilmişdi. Sonradan Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları bu iki dövləti bir-birinə daha da yaxınlaşdırmışdı. Sonradan vəziyyət dəyişdi, tarix öz hökmünü verdi. Məhz indiki həssas dövrdə, müharibədə qazanılan qələbənin siyasətdə də təsdiqlənməsi baxımından “Erməni problemi- Dağlıq Qarabağ və 10 noyabr 2020 atəşkəs andlaşması” kitabını yazdım. Fürsətdən istifadə edib professor Mətin Feyziğluna və Ankarada Azərbaycanın milli mübarizəsini müdafiə edən və türk ictimaiyyətinə tanıdan professor Aygün Attara minnətdarlığımı bildirirəm.

-Kitabda hansı məqamlar  qabardılıb?

- Əvvəla onu deyim ki, Azərbaycan və Türkiyə üçün iki fərqli erməni problemi yoxdur. Və iki qardaş dövlətin bu problemi ayrılıqda həll edə bilmədiklərini tarix göstərib. Azərbaycan tarixi, o cümlədən Qarabağ həqiqətləri mənə yaxşı məlumdur. İkinci hissədə İkinci Qarabağ müharibəsi və 10 noyabr 2020-ci il razılığı hüquqi müstəvidə təhlilə cəlb edilib. Nəzərinizə çatdırım ki, Rusiyanın regiondakı varlığı məhz həmin üçtərəfli bəyanatın şərtləri ilə tənzimlənir. Tərəflərdən hansısa razılıqdan imtina etsə, Kremlin bölgədəki mövcudluğu üçün hüquqi əsas qalmayacaq.

-Bəs qardaş dövlət?

- Bildiyiniz kimi, Türkiyə üçtərəfli razılaşmada yox idi. Buna baxmayaraq, həmin sənədin beşinci maddəsinə uyğun olaraq yaradılan monitorinq mərkəzinin bərabərhüquqlu üzvüdür. Eyni zamanda rəsmi Ankara Naxçıvan Muxtar Respublikasının qarant dövlətidir. Bu, hələ illər əvvəl imzalanan Kars və Moskva müqavilələrində öz əksini tapıb. 10 noyabr bəyanatının tələblərinə zidd olaraq Ermənistanın regiondakı təxribatları bu gün də davam edir. Həmçinin silahlı qruplaşmalar hələ  çıxarılmayıb. Kitabda bütün bu  mövzular, o cümlədən rus sülhməramlılarının fəaliyyəti aydın işıqlandırılıb.

-Bundan sonra bənzər kitablar yazacaqsınız?

-Bəzi işlər üzərində çalışıram. Yəqin, tədqiqatların davamı gələcək. Onu da deyim ki, bu kitabın Azərbaycanda da nəşr olunmasını istərdim.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu