"Bizim gürcülərlə ortaq nöqtələrimiz çoxdur"


Nəriman Əbdürrəhmanlı: "Onları reallaşdırmaq, birgə layihələr həyata keçirməyin zamanı çoxdan çatıb"

Mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində  bu ölkənin  mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşüb. Görüşdən sonra mətbuat üçün keçirilən birgə brifinqdə A.Kərimov bildirib ki, Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Nazirin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlıq sahəsində yeni səhifə açılacaq. A.Kərimov gürcüstanlı həmkarı ilə faydalı görüş keçirdiyini bildirib: “Görüşdə hər iki ölkənin mədəni irsinin qorunması, muzey, kino, yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb”. Nazir Gürcüstana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Yazıçı-publisist, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Nəriman Əbdürrəhmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, mədəniyyət nazirinin təkliflər paketində nələr olduğunu bilmir, lakin Azərbaycanla Gürcüstan arasında mədəni sahədə əməkdaşlıq üçün kifayət qədər imkanlar var: 

- Azərbaycanla Gürcüstan o qədər yaxın, bir-birilə dost ölkələrdir ki, mədəni əlaqələr  hazırkı səviyyədə qalmamalıdır. Daha da genişlənməli, şaxələnməlidir. Azərbaycan Türkiyə ilə qardaş, dost ölkə olduğu kimi,  Gürcüstanla da ən yaxın, dost dövlətdir. Belə olduğu halda mədəniyyət sahəsində əməkdaşlıq da yüksək səviyyədə olmalıdır. Tbilisidə Azərbaycan Dövlət Teatrı var. Truppası, aktyorları... Lakin teatrın binası uzun illərdir ki, qəza vəziyyətindədir. Və bu, daim narazılıq yaradır. Mərhum prezidentimiz Heydər Əliyev Tiflisə səfər edəndə məsələni qaldırdı, sonra ora mütəxəssislərdən ibarət nümyəndələr  göndərildi ki, məsələ araşdırılsın. Teatrın dövlət statusu saxlandı, lakin bina hələ də qəzalı vəziyyətdədir. Gürcüstan hökuməti teatra vəsait ayırır, lakin bu, cüzidir. Gərək məsələ qaldırılsın, teatrın binası bərpa olunsun ki, teatr öz binasında fəaliyyətini davam etdirə bilsin. Bundan başqa, kino, rəngkarlıq, musiqi, televiziya sahəsində birgə layihələr icra edilə bilər. Gürcüstanda bizim çox istedadlı rəssamlarımız, fotoqraflarımız var. Onların Bakıda sərgilərini təşkil etmək olar. Birgə kitab layihələri, tv-layihələr həyata keçirmək olar. Gürcüstan dövləti ərazisində 500 mindən artıq Azərbaycan türkü yaşayır, Azərbaycanda isə 10 min gürcü – inqiloy. Azərbaycanlılar gürcü mədəniyyətinə inteqrasiyada böyük rol oynadıqları kimi, burdakı inqiloylar da bizim mədəniyyətə öz töhfələrini verirlər. Bizim gürcülərlə mədəniyyət sahəsində birgə, ortaq nöqtələrimiz çoxdur. Onları reallaşdırmaq, birgə layihələr həyata keçirməyin zamanı çoxdan çatıb. Bu işlər təkcə nazirlərdən asılı deyil, ziyalılardan, ictimai xadimlərdən, ümumilikdə cəmiyyətdən asılıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu