Elə bil 100 ildir onu tanıyırdım

10 dəqiqə danışmadı, ancaq məni dinlədi

“Şərq”in müxbiri pasiyent kimi psixoloq qəbulunda oldu və duyduqlarını qələmə aldı.
Mənə bu tapşırıq veriləndə xeyli düşünməli oldum. Kimə, hara müraciət edim? Təsadüfən sosial şəbəkələrdə adına rast gəldiyim “Genessis” psixologiya mərkəzinə zəng etdim. Əslində, ətrafımda psixoloqlar kifayət qədərdir. Amma mənə məni tanımayan biri lazım idi.

 …Qeydiyyat masasına yaxınlaşıram. Gülərüz, gənc qız sual dolu baxışlarla "Buyurun" deyir.

- Buranı mənə bir tanış məsləhət gördü. Haqqınızda xoş sözlər eşitmişəm. Narahatlığım var. Və psixoloq qəbuluna yazılmaq istəyirəm.

- Əvvəlcədən hazırladığım cümlələri deyirəm.

Xanım ad, soyadımı yazır və soruşur:

- Narahatlığınız nədəndir?

Konkret cavab verə bilməyib, sadəcə təbəssüm edirəm.

 Qız məni diaqnostika otağına yönləndirir: "Gedin, orada məlum olar. Nəticədən sonra sizi psixoloqa yönləndirərik".
 ...Qapını döyüb içəri girərəm. Burada da məni təbəssümlə qarşılayıb, "Xoş gəlmisiniz" deyirlər, oturmaq üçün yer göstərirlər. Mütəxəssis bir ağ vərəq çıxarıb mənəvi və fiziki ağrılarla bağlı konkret "Hə", "Yox" cavabı tələb edən suallar verir. Çox düşünmədən cavab verməyə çalışıram.  Mən cavab  verdikcə vərəqdə, hər sualın qarşısında "1" və ya "0" yazır. Suallar tam bitdikdən sonra "Psixoloq qəbuluna yazılsanız yaxşı olar" deyir. Mənə lazım olan da elə bu idi.

...Yenidən qeydiyyat masasına yaxınlaşıram. Başqa bir pasiyentə (Bəli, burada mən də pasiyentəm) nə isə izah edən xanıma sual verirəm: "Diaqnostikadan keçdim, seanslara bu gündən başlasaq, olar?". Sözləri xüsusi intonasiya ilə tələffüz etdiyimə görə nə söyləmək istədiyimi başa düşürlər. Və "Problem yoxdur" deyib məni müvafiq psixoluqun otağına yönləndirirlər. Tanımadığım, indiyədək üzünü görmədiyim psixoloqa nə deyəcəyimi düşünürəm. Qapının ağzında bir qadın, biri kişi olmaqla iki nəfər söhbət edirlər. Yaxınlaşıb, məni qeydiyyat masasından göndərdiklərini deyirəm. Kişi - sonradan adını öyrəndiyim psixoloq Müşviq Mustafayev məni kabinetinə dəvət edir. Birlikdə içəri keçirik. Otaq o qədər böyük olmasa da, işıqlı və rahatdır. Rəfdəki kitablar diqqətimi çəkir. Psixoanalizin banisi Ziqmund Freydin əsərləri də var.

 Psixoloq həyəcanlı olduğumu görüb (Bu həyəcan işimin hər an yarımçıq qala biləcəyi ehtimalına görədir) bir qədər sakitləşməyimi gözləyir.  Ardınca sanki məni illərdir tanıyırmış kimi soruşur: "Xeyirdimi?". Məndən səs çıxmadığını görüb özü təşəbbüsü ələ alır.  Təbəssümlə dediyi "Başla, görüm, nədir səni bura gətirən" sözlərilə cəsarətlənirəm. Deyəsən, psixoloqların hamısı gülərüz olur.
Bilirəm ki, yalandan senari uydurmağa dəyməz. Ona görə də yaşadığım bəzi xatirələrdən söz açıram. Sakit formada dinləyir, hərdən bir qarşısındakı vərəqə nələrsə qeyd edir. Bəzən də gülümsəyir. Təxminən on dəqiqə danışmadı. Ancaq dinlədi. Ola bilsin, necə deyərlər, ürəyimi boşaltmağımı gözləyirdi.

Danışdıqca arabir pəncərədən çölə baxıram. Mənzərə gözəldir. Sanki bütün şəhər ayağımın altında imiş kimi hiss edirəm özümü.
 Sonra suallar verməyə başlayır. Mümkün qədər səmimi cavab verməyə çalışıram. Bura jurnalist kimi gəlsəm də, tədricən özümü, həqiqətən, pasiyent kimi hiss edirəm.

 Psixoloqun telefonuna bir neçə dəfə zəng gəlir. Əvvəl zəngdən imtina edir. Sonra isə həmin şəxsin israrı qarşısında smartfonunun ekranını çevirir. Bütün diqqətinin məndə olduğu aydın sezilir.

 Dediyim kimi, danışdıqlarım realdır. Elə buna görə də bəzən tərəddüd edirəm, çəkinirəm. Həmin anlarda “Hə, sonra?” deyir və qəribə həlimliklə mənə baxır. Sanki “Dərdini açmayan dərman tapmaz” söyləyirmişcəsinə…

 Yavaş-yavaş danışdıqlarıma münasibət bildirir, müxtəlif psixoloji texnikalardan istifadə edir. Yəni söhbətimiz daha interaktiv olur.
İstiləndiyimi hiss edir. Qalxıb pəncərəni açır. Sonra da mənimlə üzbəüz oturur. Danışdıqca öz-özümə düşünürəm ki, ilk dəfədir psixoloq qəbulunda oluram. Əslində lazımdır. Hətta problem olmasa belə, eşitdiklərinlə, elə bil, ruhun yenilənir. Psixoloq bayaq qeydlər apardığı vərəqə hərdən bir, gözucu baxaraq sözlərinə davam edir. 

 Adətən filmlərdə, kitablarda psixoloqları elə təqdim edirlər ki, sanki onların işi ancaq “Başa düşürəm” deməkdən ibarətdir. Lakin belə deyil. Demə, psixoloqların işi pasiyentlərini diqqətlə dinləmək və onların düşüncələrini dəyişməkdən ibarət etmiş. Bir az düşünüb bu dəfə mən sual verirəm ki, mənim kimi pasiyentləriniz çoxdur?. “Hə, var” cavabından sonra istər-istəməz sevinirəm. Dəqiqləşdirmə aparmaq üçün bu dəfə daha konkret soruşuram: “Ən çox hansı problemlərə görə müraciət edirlər?”. Psixoloqun sözlərinə görə, insanlar bura ən  müxtəlif psixoloji problemlərlə bağlı gəlirlər. 
Gözüm divardakı saata sataşır. Təxminən 40 dəqiqədir ki, buradayam. Psixoloq tədricən fikirlərini yekunlaşdırır: Qapıdan çıxan kimi düşünürəm ki, görəsən, psixoloqlar gün ərzində neçə pasiyenti qəbul edir, neçə dərdi dinləyirlər? Bir vaxtlar eşitdiyim “Psixoloqların da bəzən psixoloqlara ehtiyacı olur” fikri yadıma düşür. Əlbəttə. Çünki onlar da insandırlar…

Bayaq gördüyüm xanımla yenə üz-üzə gəlirəm. Seansın necə keçdiyi ilə maraqlanır. Razılığımı bildirirəm. Elə ünsiyyət üçün nə deyəcəyimi fikirləşirdim ki, özünü təqdim edir:

“Mənim adım Güneldir. Günel Aslanova. Sizi narahat edən düşüncələrdən tez bir zamanda uzaqlaşacağınıza inanır və ümid edirəm”. Adını öyrənən kimi otaqda onun adının yazıldığı diplomlar, sertifikatlar gözümün qabağına gəlir. 

 Qəfil yadıma nəsə düşübmüş kimi Müşviq Mustafayevin otağına gedirəm. Qapını döyüb içəri keçəndə başqa bir pasiyentin olduğunu görürəm. Cəld bu sözləri tələffüz edirəm: “Müşviq müəllim, dediklərinizdən sonra xeyli rahatladım. Sanki yüklərdən azad oldum. Sizinlə bir xatirə şəkli çəksək olar?”. Təəccüblənsə də, bir söz demir. Beləliklə, digər pasiyentdən fotomuzu çəkməyini xahiş edirəm. O da heyrətlənir, lakin sözümü yerə salmır.
 
…Qeydiyyat masasındakı xanım da seansın necə keçdiyi ilə maraqlanır. Psixoloqun sözlərini xatırlayıb cavab verirəm ki, hər şey düşündüyünüzdən də yaxşı oldu. Ardınca da təbəssümlə “Genesis” psixologiya mərkəzini tərk edirəm. Üzlərini ilk dəfə görsəm də, burada ünsiyyətdə olduğum hər üç nəfəri, elə bil, yüz ildir tanıyıram...

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu