“Valideynlər də dəstək versə, daha savadlı şagirdlər yetişdirərik”

“Niyə valideynlər dedim? Bir nümunə çəkim, bəzən dərsi musiqi ilə keçdikdə və təsadüfən bunu valideynlər gördükdə narazılıqları ilə rastlaşırıq ki, dərs keçirilmir”

“Bunun kurrikulumun tələbi olduğunu bildirdikdə onların ənənəvi təhsilə daha çox önəm verdiklərinin şahidi oluruq”

“Şagirdləri dəcəllikləri, nadincliyi və ya sakitliyi ilə sevin, necə var sevin. Nəhayət, istədiyiniz kimi sizi sevən şagirdləriniz olacaq”


Bölgələrimizdə çalışan müəllimlərin fəaliyyəti, kənd yerlərində təhsilin səviyyəsi, tədris prosesinin çətin və zövqlü tərəfləri barədə “Kənddə gələcək yetişdirənlər” rubrikamız davam edir. Məlumdur ki, müəllimlik bütün ölkələrdə və cəmiyyətlərdə yüksək, şərəfli və ali peşələrdən biri sayılır. “Sherg.az” olaraq rayon və kəndlərdə çalışan müəllimlərlə həmsöhbət olub peşələrinin çətin, eyni zamanda şərəfli yönlərini, dərs zamanı istifadə etdikləri maraqlı metodları və yenilikləri öyrənməyə çalışdıq.

Rubrikamızın növbəti müsahibi Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin fransız dili müəllimi Əliyeva Gülnur Nizami qızıdır. Gülnür xanım artıq 3 ildir ki, fransız dili müəllimi kimi çalışır.

-Bu peşəni seçməyiniz öz istəyiniz idi, yoxsa ailənizdən, ya da kənardan hansısa məsləhətlər olmuşdu?

-Düzü, universitetə hazırlaşarkən ancaq universitet olsun düşüncəsi ilə qərar verən abituriyentlərdən biri olmuşam, lakin zaman keçdikcə müəllimlik peşəsinə yiyələndiyim, şagirdlərlə işləmək kimi böyük bir imkanım olduğu üçün özümü şanslı biri  və çox xoşbəxt hiss edirəm.

-Hər bir peşənin çətin tərəfləri var. Bəs müəllimliyin çətinliyi nədir?

-Şagirdlərlə işlədiyimiz üçün bir çox nadinc və ya özünə qapanan uşaqlarla rastlaşırıq. Bu zaman uşaqların nəyə görə nadinclik etdiyini, nə istədiklərini başa düşmək bir az çətin olur. Çünki valideynlərlə əlaqə saxlayıb övladlarının problemlərini öyrəndikdə bəzi valideynlər bizə yetərincə kömək etmirlər. Bu da problemin bir az gec həll olunmasına gətirib çıxarır. Amma çox şükür ki, sonunda hər şey yaxşılığa doğru gedir. Şagirdlərimi olduğu kimi sevirəm.

-Kənddə təhsilə maraq hansı səviyyədədir?

-Kənddə şagirdlər gələcəkdə təhsil alacağı ixtisasın olduğu qrupun fənlərinə daha çox maraq göstərirlər. Biz məktəbdə oxuduğumuz dövrə nisbətdə indi təhsilə maraq daha böyükdür.

-Ailəlisiniz və 3 övladınız var. Ailə, uşaqlar və müəllimlik sizə çətinlik yaratmır ki?

-İki övladım məktəbə, biri isə bağçaya gedir. Demək olar ki, hamımız evdən eyni vaxtda çıxır, eyni vaxtda da qayıdırıq. Mən məktəbdən gec gəldikdə isə nənələri yanlarında olur. Təhsilləri ilə sevə-sevə məşğul oluram. Çünki öyrədərkən həm də özüm öyrənirəm.

-İxtisasınız fransız dili müəllimliyidir. Fərqli üsullardan, həvəsləndirici metodlardan istifadə edirsinizmi?

-Bəli, edirəm. Əsasən oyunlardan istifadə edirəm,  çünki bu vaxt şagirdlər əylənərək öyrənir. Həm də incəsənətə olan maraqları üzə çıxır.

-Rayon və ya kənd yerində müəllim kimi işləməyin hansısa əziyyəti varmı?

-Kənd məktəblərində bəzi üsullardan istifadə etmək üçün texniki çatışmazlıq olur, yəni şəhər məktəblərində olan şəraitin bir çoxu kənd məktəblərində yoxdur.

-Bəzən yaşlı müəllimlər şagirdlər tərəfindən rəğbətlə qarşılanmır. Amma gənc müəllimlər xüsusilə azyaşlı şagirdlərin sevimlisi olur. Sizcə də belədirmi?

-Yaşlı müəllimlərin rəğbətlə qarşılanmadığını deməzdim, amma gənc müəllimlərin azyaşlı şagirdlər tərəfindən sevilməsi fikri ilə razıyam. Lakin yuxarı sinif şagirdləri ilə gənc müəllimlərin arasında ilk illərdə çox vaxt bir- birini başa düşməmək  problemi yaşanır. Təbii ki, nə vaxtsa şagird olduğunu xatırlayan müəllim bu problemi də həll edə bilir.

-İstərdim bir az da kurrikulum sistemindən danışaq. Bu sistemi necə qiymətləndirirsiniz? Bəzi müəllimlər kurrikulumun çox mürəkkəb sistem olduğunu söyləyirlər...

-Əslində, kurrikulum sistemi şagirdyönümlü olduğu üçün şagirdin cəmiyyətdə daha açıq fikirli bir şəxsiyyət kimi yetişməsinə imkan yaradır. Çətinliyi ondan ibarətdir ki, kurrikulum ilə tətbiq etdiyimiz bəzi üsullar şagirdlərin əksəriyyəti tərəfindən həyata keçirilmir, xüsusilə ev tapşırıqlarında. Çünki  bunun üçün onların şəraitləri yoxdur (internet kimi). Valideynlər də bizə dəstək versə, kurrikulum sistemi ilə keçirilən dərsdə biz cəmiyyətə daha özünə güvənən, intellektli, savadlı şagirdlər yetişdirərik. Niyə valideynlər dedim? Bir nümunə çəkim, bəzən dərsi musiqi ilə keçdikdə və təsadüfən bunu valideynlər gördükdə narazılıqları ilə rastlaşırıq ki, dərs keçirilmir. Bunun kurrikulumun tələbi olduğunu bildirdikdə onların ənənəvi təhsilə daha çox önəm verdiklərinin şahidi oluruq.

-Sizcə, xarici dil müəllimləri daha çox hansı səhvlərə yol verirlər?

-Dərsdə azərbaycanca danışığa çox yer verməklə ciddi yanlışlıq edirlər.  Azərbaycan dilində mən də danışıram. Bəzən məcburuq uşağı başa salmaq üçün. Ancaq ayın tarixini də azərbaycanca soruşmaq olmaz.

-Son olaraq istərdim ki, həmkarlarınıza məsləhətləriniz varsa, qeyd edəsiz.

-Şagirdləri dəcəllikləri, nadincliyi və ya sakitliyi ilə sevin, necə var sevin. Nəhayət, istədiyiniz kimi sizi sevən şagirdləriniz olacaq.

 
Söhbətləşdi: Yeganə Bayramova

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu