Abituriyentlər məmnundur

Azərbaycan dili və tarixdən yaxşı yazıblar

Bu dəfə üçüncü ixtisas qrupu üzrə imtahan sualları gözləniləndən daha asan olub


Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. DİM-dən bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. Yəni bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə imtahan prosesi barədə ətraflı məlumat verib. Ekspert qeyd edib ki, üçüncü ixtisas qrupu üzrə imtahan sualları gözləniləndən daha asan olub:

"Düzü, düşünürdüm ki, müəyyən qədər test tapşırıqları çətin olacaq. Amma sualların təhlilini aparanda gördük ki, abituriyentlərə orta və asan tipli test tapşırıqları təqdim edilib. Sualların akademik ağırlığını nəzərə alsaq, deyə bilərik ki, imtahana düşən suallar orta ümumtəhsil məktəblərinin proqramını tam olaraq əhatə edib. İlk dəfə olaraq tarix fənnindən test tapşırıqlarında Azərbaycanın zəfərlə başa çatan Vətən müharibəsinə aid suallar da təqdim edilmişdi. Əvvəlki illərdən fərqli olaraq tarix fənnindən üç xəritə tipli sualların salınması uşaqların Azərbaycan və dünya haqqında biliklərini yoxlamağa imkan verirdi. Hesab edirəm ki, tarix fənnindən təqdim edilmiş test tapşırıqlarını tam uğurlu hesab etmək olar".

Təhsil eksperti diqqətə çatdırıb ki, Azərbaycan dili fənnindən də suallar kifayət qədər yaxşı olub:

"Bilirik ki, bir ildən çoxdur ölkədə pandemiya səbəbindən tədrisin təşkilində sıxıntı və problemlər var. Məhz Dövlət İmtahan Mərkəzi bu dəfə keçirdiyi imtahanlarda bu problemi nəzərə alıb. Ümumiyyətlə, qeyd edim ki, dünən keçirilən imtahanlar şagirdlər tərəfindən kifayət qədər yaxşı cavablandırılıb. Orta, hətta bir az zəif abituriyentlər belə test tapşırıqlarına rahatlıqla cavab verə bilərdilər. Dünəndən etibarən abituriyentlər arasında apardığımız sorğulara görə, şagirdlərin test tapşırıqlarını cavablandırmaq imkanları da kifayət qədər yaxşıdır. Qeyd edim ki, üçüncü ixtisas qrupundan özündən aşağı nəticə gözləyən abituriyentlər belə Azərbaycan dili və tarix fənnindən kifayət qədər yaxşı yazıblar. Hətta bir neçə abituriyent var idi ki, onlar tarix fənnindən özlərinin 10-12 test tapşırığı yazmasını gözləyirdi, lakin dünənki imtahan suallarının ağırlıq səviyyəsinin aşağı olması onların 22-23 test tapşırığını doğru yazmağa imkan verib. Bütün hallarda keçirilən imtahanı müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu imtahanda həm müharibənin, həm də pandemiyanın çətinliyi nəzərə alınıb. Şagirdlər üçün təhsilin əlçatanlığı təmin edilib". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu