“Şərq”in əməkdaşı “çipləndi”- Vaksinasiya prosesindən reportaj

Xeyli müddətdir ki, vaksinasiya barədə düşünürdüm. Az qala, hər gün öz-özümə sual verirdim: peyvənd olum, ya yox? Cəmiyyətdə dolaşan müxtəlif fikirlər, birmənalı olmayan iddialar çoxları kimi mənim də başımı qarışdırırdı. Lakin tanışlardan birinin uzun müddət əvvəl təbəssümlə dediyi “Həyatı təəccübləndirmək lazımdır” sözlərini xatırladıqca qəti qərar verdim və yaxınlıqdakı polinklinikanın yolunu tutdum...

...İçəridə növbəsini gözləyən 6-7 nəfər var. Onları görüb cəsarətlənirəm. Telefonumdakı elektron saata baxaram. Elə etməliyəm ki, işə bacardığım qədər tez çatım. Növbəmi gözləyənədək ətrafı müşahidə edirəm. Peyvənd olunmağa gələnin ən cavanı, yəqin ki, mənimlə yaşıd olar. Amma aralarında 55-60 yaşlı insanlar da var. Həmin gənc oğlana yaxınlaşıb soruşuram:

- Çoxdan gözləyirsiniz?
Təxminən on beş dəqiqədir burda olduğunu deyir. Sonra əlinin arxası ilə alnının tərini silib özü davam edir:

- Vallah, gözləmək insanı lap hövsələdən çıxarır. Həyəcanlanıram.
Bir söz deməyib, sadəcə təbəssüm etməklə kifayətlənirəm. Əslində düz deyir. Suallar verməyə çalışırdım ki, bir az aralıdakı tibb bacılarında biri onu səsləyir: “Gəlin”. Oğlan mənimlə sağollaşır və gedir.

 Peyvənd olunanlardan biri dilucu gileylənə-gileylənə geri qayıdır: “Nə qədər vaxtım getdi e...”. Əvvəl yaxınlaşmaq istəyirəm. Lakin sonra bu durumda mənimlə dialoqa girməyəcəyini yəqinləşdirirəm.

 Tədricən içəridəki insanların sayı artır. Oturduğum yerdən qalxıb yaşlılardan birinə yer təklif edirəm. Əyləşir. Heç ağzımı açmağa imkan vermir. “Eh bala” deyir və əlavə edir: “Vallah, məcbur etməsələr bu istinin altında nə işim burada?! Oturaram evimdə. Heç bilmirəm nə iynəsidir...”. Yenə münasibət bildirmirəm. Sadəcə mücərrəd cavab verərək söyləyirəm ki, inşallah, yaxşı olar.

...Nəhayət, növbəm çatır. Tibb bacılarına yaxınlaşıram. Əvvəlcə, allergiyamın olub-olmadığını soruşurlar. Ardınca nəbzimi ölçüb göstəricələri qeyd edirlər. Sonra isə ad, soyadımı, nömrəmi yazırlar. Harada işlədiyimi soşurlar. “Şərq” qəzetinin müxbiri olduğumu bildirirəm. Yəqin, sonuncu sual imiş. Belə ki, elə bu cavabdan sonra “Buyurun, müəllim” deyərək məni peyvənd otağına yönləndirirlər. Kiçik otaq ilk baxışdan səliqəli görünür. İçəridə iki xanım tibb işçisi var.  Stulda oturar-oturmaz soruşuram:

- Hansı peyvənddir?
Nisbətən yaşlı həkim eynəyinin altından mənə baxır və suala sualla cavab verir. “Nə fərqi var ki?”. “Fərqi çoxdur” deyə bilmirəm. Əvəzində sadəcə maraqlı olduğunu bildirirəm. Bu dəfə digər tibb işçisi müdaxilə edir: “”Sinovaks”dır”. Bildiyimə görə, bu peyvəndin digərlərindən fərqi tərkibindəki hüceyrənin canlı yox, ölü olmasıdır. Həm də “Sputnik V” çox effektli olsa, qonşu Rusiyada yoluxanların sayı kəllə-çarxa çıxmazdı. Necə deyərlər, Rusiyanın əli yağlı olsa, əvvəl öz başına çəkərdi.

 Həkim əvvəlcə pambığı xüsusi məhlula(yəqin, spirtə) batırıb qoluma sürtür. Ardınca iynəni batırır. Yenə öz-özümə düşünürəm ki, daha nə oldusa oldu. Bəlkə də, el arasında gəzən iddialara uyğun olaraa çipləndim...Bundan sonra özümün də xəbərim olmadan idarə olunacam...Hətta, ola bilsin, ömrüm müəyyən qədər qısaldı(başqa versiyaya görə insanların sayını azaltmaq istəyirlər). Olsun. Təsəllim də var: biləcəm ki, həmin  zamanadək doya-doya, məhdudiyyətsiz, istədiyim kimi yaşadım. Onsuz da hamı gec-tez ölür. Məsələ yaşaya bilməkdədir. Sözün əsl mənasında yaşaya bilməkdə...Nə bilim, vallah.
Əmin olduğum bir şey var: bu koronavirus bəlasını başımıza açanlar Allahla Allahlıq iddiasına düşənlərdilər...

 Həkim iynənin yerinə “santavik” yapışdırıb xəbərdarlıq edir: “Baş ağrı, ürəkbulanma, qolunuzda ağırlıq hiss edə bilərsiniz.”. Daha nə qaldı ki?! Həm də hər gün koronavirusla bağlı ən azı bir material  hazırladığımıza görə (COVİD-19 cənabları gündə bir mutasiya olunur) nəyi necə etmək lazım olduğunu artıq bilirik. Hətta oxucular üçün onu da əlavə edə bilərəm ki, vaksindən sonra enerji içkiləri içmək olmaz.

 Minnətdarlıq edib dəhlizə çıxıram. Qeydiyyat masasındakı xanımlar bir neçə günə gəlib müvafiq sənədi götürə biləcəyimi bildirirlər. Artıq mənim də COVİD pasportum olacaq. Bir sənəd insanı bu qədərmi sevindirə bilərmiş?! Görünür, hə. Azadlıqların, təbii haqların əlindən alınanda ən adi şeyə də uşaq kimi sevinə bilirmişsən...

 Növbə gözləyənlər müzakirələr aparırlar.

Kimi vaksindən sonra virusa yoluxmamasına, kimi peyvəndin əks-təsirinin olmamasına, kimi də ən qısa zamanda normal həyata qayıdacağımıza ümid edir. Mütəfəkkirlərdən birinin məşhur aforizmini xatırlayıram: “Xəstəxana divarları məscidlərdən daha səmimi dualar eşidib”.

...İçimdə qəribə bir ümid var. Özümü güclü hiss edirəm. Lakin metroda polis işçilərinin tibbi maskalardan istifadə etmək barədə xəbərdarlıqlarını eşidəndə anlayıram ki, viruslarla hələ bir müddət də yoldaşlıq etməli olacağıq. Vaqondaykən xəbər portallarına baxıram. Professor Adil Qeybulla vətəndaşları vaksinasiyaya çağırır...

...Nə vaxtsa, hardasa dediyi bir cümləsi ilə məni bura gətirən həmin adama zəng edib peyvənd olunduğumu demək istəyirəm. Bilirəm ki, inanmayacaq. “Sən?!” deyə heyrətlə soruşacaq. Ona elə gəlirdi ki, mən vaksin olunacaq ən axırıncı adamam. Elə özüm də belə düşünürdüm. Fikrimi dəyişib telefonu cibimə qoyuram. Bunun üçün gecikdiyimi etiraf edirəm. Eyni ilə vaksinləşməyə gecikdiyim kimi. Gərək hər şeyi vaxtında edəsən. Vaxtında yaşayasan...

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu