Anti-terror əməliyyatına başlamalıyıq - Deputat

"Ermənilərin atəş nöqtələrini, hərbi sursat anbarlarını bombalamaq lazımdır"

Ermənistan silahlı qüvvələrinin təxribatları ara vermir. Demək olar ki, hər gün Müdafiə Nazirliyi erməni tərəfinin Kəlbəcər, Tovuz, Gədəbəy, o cümlədən Naxçıvan istiqamətində atəşkəsi pozması ilə bağlı məlumatları tirajlayır.

İyulun 17-də də Kəlbəcər və Tovuzla yanaşı, Naxçıvanın Sədərək rayonundakı mövqelərimiz də müxtəlif çaplı silahlardan atəşə tutulub. Həmçinin, Qarabağdakı erməni quldurları Ağdam və Şuşa şəhərindəki hərbi bölmələrimizi atəşə məruz qoyublar. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan və onlara havadarlıq edən qüvvələr 44 günlük müharibənin nəticələri ilə razılaşmaq istəmirlər. Rəsmi Bakı ciddi şəkildə Ermənistanı təxribatlardan uzaq olmağa çağırır və qeyd edir ki, təxribatların artması onlara baha başa gələcək.

Erməni təxribatları ilə bağlı “Şərq”ə danışan millət vəkili Razi Nurullayev bildirib ki, ermənilərin atəşkəsi davamlı şəkildə pozması dünya güclərini narahat etməlidir. Deputatın sözlərinə görə, Ermənistan bu cür addımlarla hələ də ağlını başına almadığını nümayiş etdirir, özünü “güclü tərəf” kimi göstərməyə çalışır:

“Azərbaycan bu cür təxribatlara dözüm göstərməməlidir. Düzdür, ermənilərin bütün atəşkəs pozuntularına Azərbaycan Ordusu tərəfindən tutarlı cavab verilir, atəş nöqtələri susdurulur. Fikrimcə, başqa addımlar da atılmalıdır. Əgər erməni tərəfinin təxribatı davam edəcəksə, anti-terror əməliyyatına başlamalıyıq. Separatçılara qarşı güzəştə getmək olmaz. Əməliyyat keçirərək 40-50 erməni quldurunu yaxalayıb Bakıya gətirmək lazımdır. Başqa formada erməniləri başa salmaq olmur. Eyni zamanda ermənilərin atəş nöqtələrini, hərbi sursat anbarlarını bombalamaq lazımdır. Azərbaycan bununla bağlı əvvəlcədən xəbərdarlıq da edə bilər. Bəyan edərik ki, bu cür təxribatlar davam edərsə, hərbi addımlar qaçılmaz olacaq”.

Parlament üzvü vurğulayıb ki, Azərbaycanın öz ərazisindən Şuşanın, Ağdamın atəşə tutulması açıq göstərir ki, Xankəndi və ətrafında erməni silahlı birləşmələri qalmaqdadır: “Yəni Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni silahlıları var. Ultimativ formada vaxt verməliyik və tələb etməliyik ki, erməni silahlı qüvvələri dərhal ərazilərimizdən rədd olsunlar. Əks halda hərbi əməliyyatlara başlamalıyıq. Yumşaqlıq və dözüm göstərdikcə, ermənilər daha da həyasızlaşacaq”.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu