Dərsləri yüz dəqiqə davam edirdi...

BDU- nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti Yaşar Məmmədli tələbələlik həyatında tanıdığımız ilk müəllimlərdən biri idi. "Müasir Azərbaycan dili" fənnindən mühazirələr keçirdi. Onunla ilk qarşılaşmamızda çoxumuz Yaşar müəllimin xeyli fərqli adam olduğunu hiss etmişdik. Sadə davranar, sadə geyinərdi. Pafosu sevməzdi. Adəti üzrə fakültəyə vaxtından tez gələr, dəhlizdə oturub tənəffüsün bitməyini gözləyərdi. Həmin anlarda bütün tələbələr başına yığışardı. Və dərs əslində elə o vaxtdan başlayardı. Yəni Yaşar müəllimin dərsləri 90 yox, 100 dəqiqə( iki tənəffüs) davam edərdi...
 Fərqli metodologiyası var idi. Özünün dediyi kimi, dilçiliyi jurnalistikaya uyğunlaşdırmağı bacarırdı. Bizə düzgün sual verməyi, həmin sualları doğru, dəqiq cavablandırmağı öyrədirdi. Elə ona görə də dərsləri həmişə maraqlı keçirdi. Seminar müəllimi gəlməyəndə çox sevinirdik. Bilirdik ki, Yaşar müəllim bir dərs daha artıq keçəcək. Onun hər dərsi, hər sözü  qənimət idi. 
 Zarafatcıl adam idi. Auditoriyanı idarə etməyi yaxşı bacarırdı. 
 Çoxumuz onun siyasi mübarizəsindən xəbərdar idik. Daha doğrusu, ordan- burdan eşitmişdik. Lakin özü heç vaxt bu barədə danışmazdı. 
 Mübariz insan idi. Belə ki, mən indiyədək hələ dərsə çəliklə gələn ikinci müəllim görməmişəm. Atdığı addımlarla, keçdiyi dərslərlə sanki kimlərəsə nəyisə izah edirdi, hətta meydan oxuyurdu.
 
 Bir dəfə yoldaşlarınızdan biri ilə danışıb alimdən müsahibə almaq istədik. Sağ olsun, xahişimizi yerə salmadı. Bizi digər iş yerində qarşıladı, suallarımızı cavablandırdı. Biz onda Yaşar müəllimin həm də jurnalistikaya yaxından bələd olduğunu gördük. "Məlumatı çatdıran jurnalist öz savadını nümayiş etdirməyi yox, auditoriyanı düşünməlidir. Səmimi deyirəm ki, bəzən efirdə o qədər mürəkkəb cümlələr işlədilir ki, mən dilçi ola- ola onu başa düşmürəm. Bu isə həmin jurnalist və ya şərhçinin qeyri-peşəkarlığının göstəricisidir".

Həmin müsahibə zamanı dediyi bu sözləri xatırlamaq kifayətdir ki, onun təkcə peşəkarlığı yox, həm də səmimiliyi haqqında rəy yaransın. Müəllimlə sağollaşandan sonra nəyinsə kabinetdə qaldığını xatırlayıb, tələsik geri qayıtdım. Qəndqabındakı bir neçə konfetin hamısını mənə verdi, "Gedə- gedə yolda yeyərsiniz" dedi. 

 Bizə müəllifi olduğu, müxtəlif illərdə yazdığı məqalələrindən ibarət "Sözümüz" kitabını hədiyyə etmişdi. Hərdən vərəqləyirəm. Müəllif "Bizim senzorumuz nəyi qoruyurdu?!" məqaləsində yazıb: "Biz elə həmişə yazırdıq və vicdanımız da senzorumuz idi". Bizə həmişə qısa, lokonik danışmağı öyrədən alim bundan artıq nə deməli idi ki?! 

 Son bir neçə ilə kimi bayramlarda zəng edirdim. Həm də səhhəti ilə maraqlanırdım. Gümrah danışırdı. Hər şeyin yaxşı olduğunu deyirdi. Yadımdadır, bir dəfə tələbə yoldaşlarımızdan birinin problemi ilə əlaqədar müraciət etmişdim. "Hə, ciddi məsələdir" deyib həll edəcəyini bildirmişdi. Yəni Yaşar müəllim bizə həm də inam verirdi. Gələcəyə inam...

 Bu gün vəfat xəbərini aldıq. Müxtəlif saytlar fərqli sərlövhələrlə konkret informasiyanı təqdim etmişdilər. Əminəm ki, Yaşar müəllim o cümlələri oxusa xeyli səhv tapardı. Sanki üsyan edirmişcəsinə "Bilmirlər, qardaş, az, qala, Afrikadakı hansısa tayfanın dilini bilib, öz dilimizi bilmirlər..." deyərdi. Doğma dilimizi qorumaq, təəssübünü çəkmək onu çox düşündürürdü. Görkəmli alim yazırdı: "Tarix adları gözəl səsləndiyinə görə deyil, bu ad sahiblərinin gözəl əməllərinə görə qoruyub saxlayır...". O qədər haqlı imiş ki...

  Tarix sizi həmişə yaşadacaq, Yaşar müəllim. Biz bilməsək də, O sizin keçmisinizdən, gəlib- keçdiyiniz yoldan xəbərdardır. 
 "Daha çox unudulan ziyalı" məqalənizdəki bir sitatı da xatırladım: "Nə yaxşı ki, heç olmasa bir şey yaltaqlıq və pulla alınmır- kişilik". Əlbəttə! Məhz kişiliyi pulla almaq olmaz. 

 Deyirdiniz ki, xoşbəxt o adamdır ki, qatili böyük olsun. Qatiliniz kim, nə oldu bilmirəm, ancaq xoşbəxt olduğunuzdan əminəm! Və əmin olduğum bir şey də var: bir daha heç bir müəllimin başına tənəffüsdə onlarca tələbə yığılmayacaq...

Kənan Novruzov

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu