Əhməd bəy Ağaoğlunun dəfni - AKİF AŞIRLI YAZIR





Bu böyük Azərbaycan türkünün ölüm xəbəri İstanbulu silkələdi. Ailə üzvləri, yaxın dostları, İstanbul mətbuatında çalışan qələm yoldaşları Əhməd bəyin səhhətinin artıq düzəlməyəcəyini bilirdilər. Ancaq qəzet səhifələrində onun qələmindən çıxan yazılarını, polemik üslubdakı publisistik məqalələrini axtaran minlərlə insan Ustadın ölüm yatağında sayılı günlər yaşadığından xəbərsiz idilər. Mübarizə dolu həyatından heç vaxt şikayətçi olmayan böyük mütəfəkkir sevimli həyat yoldaşı Sitarə xanımı itirəndən sonra kədər dolu həyat yaşadı. Buna yaşamaq demək olardımı?

Ən yaxın silahdaşı Atatürklə münasibətləri pozulmuş, Bakıda ermənizmə qarşı mübarizə aparan "Həyat"la başlanan jurnalist ömrü güc-bəla ilə çıxardığı "Axın" qəzeti ilə tamamlandı. 1933-cü ildə İstanbul universitetində islahat adı ilə vəzifədən uzaqlaşdırılıb təqaüdə göndərildi. İstanbulun Topağacındakı 33 saylı evində gündüzlər yatır, gecələr oxuyur və düşünürdü. Yalnız hər həftənin birinci günü evinin qapısını ürək sirdaşlarına açır, məşhur elm-fikir insanlarının, dostlarının yolunu gözləyirdi. Türk dünyasının mədəniyyət söhbətləri, cəmiyyətin inkişaf qanunları, dövləti zəiflədən və gücləndirən amillər müzakirə olunurdu. Kim qatılırdı bu toplantılara? Nazim Hikmətdən tutmuş Pəyami Səfaya qədər hamı bura gələr, sonda fikir savaşı başlardı. Fikir və düşüncələrində sabitqədəm olan Əhməd bəy mübahisələrdə, müzakirələrdə arqumentlərinin gücü, məntiqi ilə seçilərdi. Geri çəkilməzdi. Haqlı olduğunu sonacan isbatlayardı. Ölümü gözləyən adam düşüncə cəbhəsində yenə döyüşürdü. "Axşam" qəzeti Ağaoğlunun vəfatına həsr etdiyi məqalədə bu evin önəmini ən dəqiq ifadə edərək yazır:

"Türkiyədə intellektual toplantılar keçirilən yeganə ev".

Başqa bir məqalədə isə məşhur evin önəmi bu cür dəyərləndirilirdi: "Çölün ortasında tək-tük halda elm və sənət mühiti varsa, bunun İstanbulda bir nümunəsi Əhməd bəy Ağaoğlunun evi idi".
Yenə də onu izləyir, güdürdülər. Bu evdə olub-bitənləri bir-bir yuxarılara çatdırmaq üçün mülki polislər bir-birini əvəzləyir, sübh açılanadək qapıdan uzaqlaşmırdılar. Məcburən təqaüdə göndərilib "sivil ölümə" məhkum edildiyindən dostu Fəthi Okyara şikayət edirdi. Hansı ki, Fəthi bəy Türkiyənin Londondakı səfiri, Əhməd bəyin yaxın dostu idi.

Ə.Ağaoğlu dostuna için-için sızlayıb yazırdı:

 "Təqaüdə göndərildim və bundan sonra fəal həyat qapıları üzümə bağlandı. Bütün bunları sizə şikayət etmək üçün yazmıram. Sırf içdən sevdiyim və etimad bəslədiyim birisinə ürəyimi açaraq bir az yüngülləşmək istəyirəm. Şikayət? Nədən və nə üçün? Məni tanıyırsız. Altmış altı yaşına çatdım. İçimi yoxlayıram, özümə qüsur gətirəcək bir şey tapmıram... Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məətəl və seyirçi durmaqdır".

Fəal ictimai-siyasi həyatdan uzaqlaşmağına səbəb Atatürklə münasibətlərinin soyuması idi. Atatürkün israrı ilə müxalif mövqeli "Sərbəst firqə"ni yaratmağı onun siyasi karyerasına ciddi zərdə vurdu. Cümhuriyyət Xalq Partiyası "Sərbəst firqə"yə uduzurdu. Xalq Ə.Ağaoğlunun da lideri olduğu partiyanın arxasınca gedir, İzmirdə hətta ayağa qalxıb, xoşagəlməz qarşıdurmalar yaşanmışdı. Atatürkə isə bu vəziyyətə Ə.Ağaoğlunun bais olduğunu inandırmışdılar.

Görüşlərin birində Əhməd bəyin "bir küncə sıxışdırılması"nın sirrin üstünü Atatürkün özü açır: 

"Əhməd bəy, İsmət bəy (İsmət Paşa - A.A.) söylədi ki, Ağaoğluna dövlət idarəçiliyində yer yoxdur". İki böyük türkün dialoqunda Əhməd bəy qürurunu sındırmadan deyir: "Mən kimsədən dövlət vəzifəsi istəmədim və istəmirəm də".

Əhməd bəyin qızı, Türkiyənin ilk qadın hüquqşünası, BMT-də və digər beynəlxalq təşkilatlarda qadın hüququ üzrə ekspert Sürəyya Ağaoğlu xatirələrində Atatürklə atasının münasibətlərinin soyumasının səbəbkarı kimi İsmət Paşanı göstərir.

1934-cü ildə "Böyük Ada Yay klubunda" Əhməd bəy Ağaoğlu ilə Atatürkün görüşünü xatırlayan Sürəyya Ağaoğlu yazır ki, Atatürkün özü də bu soyuqluğun yaranmasından məmnun olmayıb.
Hətta Atatürk Sürəyya Ağaoğluna "gəl bizi barışdır, atan mənə çox hirsləndi" deməsinin qarşılığında yenə də Əhməd bəy dik duruşunu, vüqarını qoruyub saxlayaraq deyir: "Mən istənilən vaxt atılacaq, istənildiyində seviləcək insan deyiləm, kimsənin də önündə əyilmərəm".
Atatürkün önündə belə əyilməyən insan əcəl qarşısındaydı. Ölümü gözləyirdi. Amma yenə də sakit oturmurdu. Həyatının son günlərinə qədər qələmdən ayrılmayan yenilməz adam "Kültür həftəsi", "İnsan", "Türklük məcmuəsi", "İqdam", "Cümhuriyyət" qəzetlərində məqalələr yazırdı.
Hətta cənazə xərci son günlər "İqdam" qəzetindən aldığı qonorarla ödənildi.
Özündən sonra "Bakıdan İstanbula qədər yol olacaq qədər" yazılar, əsərlər, monoqrafiyalar yazan Əhməd bəy son nəfəsində beş övladı yanına çağırdı, onların simasını axırıncı dəfə seyr etdi. 

Vəsiyyət məqamı gəldiyini duyub xırıltılı səslə aram-aram söylədi: 

"Ölüm təbii bir şeydir. Bilin, insan vicdanlı bir makinadır. Hər bir texnika mütləq günün birində hərəkətdən qalır, işləməz olur. Həyatımızda hamının müqəddəratı olacaq ölümdən təəssüflənməyin. Mətin olun, bunu sizə tövsiyə edirəm. Bir-birinizdən ayrılmayın".


Müxtəlif istiqamətli, amma hamısı İsmət Paşanı "Milli Şef" kimi təqdim edən türk mətbuatı Ə.Ağaoğlunun Qafqazda, Qarabağın dilbər guşəsi Şuşada həyata açdığı gözlərini İstanbulda qapanmasının acı xəbərini verirdi.

Elə bir mətbuat, jurnal yoxdur ki, bu böyük türkün ölüm xəbərini ilk səhifəsində qara haşiyələr içərisində çap etməsin. Nekroloq, xəbər və təəssüf dolu bu məqalələrin başlıqlarına baxmaqla yetər ki, Türk dünyası üçün bu böyük itkinin acısı duyulsun. "Çox ağır bir itki", "Türk mətbuatının uğradığı ziya", "Bir çinar devrildi", "Sözün qisası... Ağaoğlu", "Qiymətli alim, dəyərli mühərrir vəfat etdi", "Əhməd Ağaoğlunu itirdik", "Acı xəbər" başlıqlı təəssüf dolu yazılar Əhməd bəy Ağaoğlunun artıq dünyada olmadığını, haqq dünyasına qovuşduğunu oxuculara çatdırırdı.

"Yeni əsir", "Cümhuriyyət", "Son posta", "Yeni əsir", "Anadolu", "Vaxt", "Yeni sabah", "Xəbər axşam", "Qars" qəzetləri İstanbuldan telefonla alınan xəbəri ilk səhifələrində qara haşiyə içində mərhumun son illər çəkdirdiyi fotolarla birgə çap edərək yazırdı: "On gündən bəri xəstə yatan Ağaoğlu Əhməd bəy bu sabah vəfat etdi. Mərhum minlərcə tələbə yetişdirmiş qiymətli bir alim, dəyərli bir mühərrir idi. Ölümü böyük təəssüf hissi doğurdu. Cənazə sabah qaldırılacaqdı".

Təəssüf dolu yazılarda həyatı, fəaliyyəti, Türkiyə dövlətinə göstərdiyi xidmətlər məmnunluqla xatırlanırdı. Onun ölümünü İsmayıl bəy Qaspralının ölümüylə eyniləşdirən N.Artman yazırdı: "1914-cü ildə Şimal türklərinin böyük mütəfəkkiri İsmayıl bəy Qaspralının ölümünə "Türk yurdun"da həsr etdiyi bir məqalədə Ə.Ağaoğlu Qaspralıda olan həyat eşqini və əzmini xatırlayaraq yazırdı ki, o, bu ölümə inanmır. Özü də İsmayıl bəy qədər mübariz və fədakar olan Ağaoğlunun ölüm xəbərini də biz onun 25 il əvvəlki duyğularıyla qarşıladıq. Ağaoğlunun ölümü ilə təfəkkür cəbhəsində bir köç başlandığını düşünürük".

1939-cu il mayın 19-dan 22-dək olan bütün türk qəzetləri Əhməd Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap etdirdi.

"Ulus" qəzeti dəfn törəni ilə bağlı yazırdı: 

"Qiymətli mütəfəkkir Ağaoğlunun cənazəsi dünən törənlə qaldırıldı. Onu sevənlər cənazəni əlləri üzərində apardılar.

Sabah erkəndən İhlamurda geniş yaşıllıqlarla əhatə olunan evinin önü, bağçası yaxınlarının, dostlarının, onu sevənlərin və eyni zamanda elm-mədəniyyət müəssisələrinin göndərdikləri gözəl çələnglərlə dolmuşdu. Dəfn mərasimində vali Lütfi Kırdar, İstanbuldakı indiki və sabiq millət vəkilləri, səfirlər, universitet professorları, bütün mətbuat heyəti, dostları, onu sevənlər və yaxınları toplaşmışdı. Cənazə saat 11:15-də evin önünə gətirildi. Burada qısa dini mərasim icra olunduqdan sonra əllər üzərində camiyə aparıldı.

 Dəfində bir böyük əsgər və "Çapa" qız məktəbi tələbələri də iştirak edirdi".
Dəfn təfərrüatlarını isə qəzetlər sabahkı saylarında şəkillərlə çap etdilər. Ağaoğlunun Ferikoy qəbiristanlığında, ailə məzarlığında dəfn olunduğunu qeyd edən mətbuat dəfn törənindən sonra doktor Fəthi Ədibin, filosof-naşir Pəyami Səfanın, İsmayıl Həbibin, Azərbaycan türkləri adından professor Əhməd Cəfəroğlunun matəm çıxışı etdiklərini yazır.

Əhməd bəy ölümü ilə Sovetlər imperiyasında yaşamağa məcbur edilən Azərbaycanı, Qarabağı da Türkiyə mediasının diqqətinə gətirdi. Bu böyük türk mütəfəkkirinin Qafqaz Azərbayanında, türkçülüyün mərkəzi Şuşada doğulduğu qəzet məqalələrində yada salınırdı. 

Qəzetçi dostlarından biri isə yazırdı: 

"Əhməd bəy Ağaoğlu məqalələrinin çoxunda İstanbul ləhcəsindən daha çox Qarabağ ləhcəsindən istifadə edirdi".

Türkiyənin məşhur jurnalisti Burhan Cahid bu ölümü çinarın devrilməsinə bənzədirdi: "Ağaoğlu kimi özünü mətanətlə fikir həyatına bağlayanlar getdikcə azalır. Yeni nəsillər ideal olaraq özlərini başqa mövzularda tanıtmağa çalışırlar. Onların elmi qayələri adətən xəyal və əfsanəni xatırlayır... Ağaoğlu kimi ulu çinarlar yetişdirmək ehtiyacı bir millət üçün yeni nəslin ümidverici olmadığını etiraf edirəm".












Paylaş

Bizi Facebookda izləyin
menu
menu