Əhməd bəy Ağaoğlunun dəfni - ARAŞDIRMA





Bu böyük Azərbaycan türkünün ölüm xəbəri İstanbulu silkələdi. Ailə üzvləri, yaxın dostları, İstanbul mətbuatında çalışan qələm yoldaşları Əhməd bəyin səhhətinin artıq düzəlməyəcəyini bilirdilər. Ancaq qəzet səhifələrində onun qələmindən çıxan yazılarını, polemik üslubdakı publisistik məqalələrini axtaran minlərlə insan Ustadın ölüm yatağında sayılı günlər yaşadığından xəbərsiz idilər. İndi onlar ölüm xəbərini müxtəlif qəzetlərdən oxuyub təəssüf hissi keçirirdilər.

Türkiyə mətbuatında Ə.Ağaoğlunun ölümü və dəfni barədə onlarla məqalə, xatirə və reportajlar dərc olunub. 

Həmin məqalələrin bəzilərini "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan türkcəsinə uyğunlaşdırıb. İndi həmin yazıların bir qismini oxuculara çatdırırıq.

İstanbul (xüsusi) - dünən vəfat edən Ağaoğlu Əhməd bəyin cənazəsi bu gün götürüldü. Cənazə törənində vali V.Lütfi Kırdar, B.Fəthi Okyar, B.Rəcəb Pekər, universitet professorları və tələbələri, bir qitə əsgər və polis dəstəsi düzüldü. Mərhum Feriköy məzarlığında dəfn edildi.

"Yeni əsr” qəzeti
20 may, bazar günü, 1939-cu il
Çox ağır itki.

Qiymətli alim və dəyərli mühərrir Əhməd Ağaoğlunu itirdik.
İstanbul (xüsusi) - On gündən bəri xəstə yatan Əhməd bəy Ağaoğlu bu sabah vəfat etdi. Mərhum minlərcə tələbə yetişdirmiş, qiymətli bir alim, dəyərli bir mühərrir idi. Ölümü byük təəssüf hissi ilə qarşılandı. Cənazə sabah qaldırılacaqdır.

Həyatı

Əhməd bəy Azərbaycan türkçülüyünün əsas mərkəzlərindən olan Qarabağ yaylasının mərkəzində doğuldu. Atası və anası islam üləmalarındandır. İlk təhsilini öz məmləkətində aldıqdan sonra rus liseyinə daxil oldu. Peterburqda ali məktəb imtahanını verib, qəbul olub. Amma gözlərində xəstəlik olduğundan geri qayıtdı. Xəstəliyi keçəndən sonra məmləkətinə döndü və Parisə getdi. 21 yaşında fransızca məqalələr yazaraq mətbuat həyatına qədəm qoydu. 1892-ci ildə "Şiə məzhəbinin mənbəələri” adlı bir tədqiqat əsəri ilə Şərqşünaslar Konqresində iştirak etdi.

1905-ci il hürriyyətindən istifadə edərək, Əli bəylə (Hüseynzadə - A.A.) bərabər bir ilə qədər "Həyat” qəzetində çalışdı. Daha sonra müstəqil "İrşad”ı çıxardı. İlk kitabı rusca yazılan "İslama görə və islam aləmində qadın”dır. İslam mədəniyyəti üzərində apardığı təqdqiqatlarında iraniliyə düşmən kimi davranır. 1908-ci ilin məşrutiyyətindən sonra "Tərcümani-həqiqət” qəzetinin baş redaktoru oldu. Darülfünunda müəllim idi. Maltaya sürüləcək adamların siyahısında oldu. Bir müddət mətbuat müdiri olub, millət vəkili kimi fəaliyyət göstərib.

Türkçülüyü və tarixçəsi

Qələmi, imzası tanınan məşhur bir mütəfəkkirdir. Məşrutiyyətin elanından bəri mətbu həyatda onun qədər müxtəlif qəzet və məcmuələrdə məqalə yazıb çap etdirən yazar yoxdur. Dərin təhlili əsərlər yazırdı. Fəqət, Şərq və Qərbin dörd-beş dilini bilməsi sayəsində geniş məlumatlı bir qəzetəçilik işi həyata keçirirdi.

Ağaoğlunun ölümü

Yazdığı qiymətli əsərlərdən başqa, əxlaq və xarakterinin bütövlüyü baxımından adı sayğı ilə anılmağa layiq məşhur ingilis naşiri, yazarı Volter Skot ölümündən qısa bir müddət əvvəl yanında olan kürəkəninə yaşadığı ömür boyu həyatdan hasil etdiyi qənaətlərin nəticəsi, əməl və arzularını ifadə olaraq demişdi:

-Oğlum, yaxşı olmağa çalış.

1908-ci ildən sonra ictimai fikir və mədəni həyatımızda bəlli başlı bir şəxsiyyət olduğu üçün inqilablar tariximizdə yeri olan Əhməd Ağaoğlu da dünənki gün əsl mütəfəkkirlərə yaraşan ölümlə dünyadan köçdü. Ölümündən bir az öncə ətrafına toplaşan övladlarına söylədiyi bu sözləri dünənki "Ulus” qəzetindən oxuyacaqsınız:

-İnsan vicdanlı bir texnikadır. Hər bir texnika mütləq günün birində hərəkətdən qalır, işləməz olur. Həyatımızda hamımızın müqəddəratı olacaq ölümdən təəssüflənməyin. Sizə mətin olmağı tövsiyə edirəm. Bir-birinizdən ayrılmayın.

Qafqazda açdığı gözlərini İstanbulda yuman bu türk mütəfəkkirinin ölümü qarşısında duyduğumuz acı təəssüfü ifadə etməklə yanaşı, onun həyatı və əsərləri kimi ölümümndən də dərs almalıyıq.
Kayzerlinqin "Sürücü əsri” dediyi əsrimizin "sürət əsri”, "makinə əsri” deyənlər olduğu kimi, çex ədibi, rəhmətlik Kopekin məşhur əsərlərindən sonra zamanımızdakı insanların bir texnika, mexanika halına gəldiyini qınayanlar və bəyənənlər də var. Ağaoğlu son nəfəsində əsrimizin ideal insanının tərifini verərək, son vəzifələrindən birini də gördü:

Vicdanlı makina!

Mücadiləsi, parlament fəaliyyəti, nəşriyyat, universitet aləmində yorulmadan çalışan, hətta yaşının və səhhətinin imkan vermədiyi ömrünün son günlərinədək dünya siyasətindən bizə əhəmiyyətli, qüdrətli yazılar yazan Əhməd Ağaoğlu ölümü ilə də "vicdanlı makina” kimi yaddaşlarda qaldı.
Onun övladllarından, millət miniatürü olan ailəsinə xitab edən son sözlərində böyük vətəndaşların da pay alacağı bir vəsiyyət ortaya çıxır: Fövqəladə hadisələr qarşısında daha çox təəssüf hissinə qapılmamaq, mətin olmaq, birliyi və bərabərliyi əldən buraxmamaqdır.
1914-cü ildə şimal türklərinin böyük mütəfəkkiri İsmayıl Qaspiralının ölümünə "Türk yurdu”nda yazdığı bir məqalədə Əhməd bəy Qaspiralıda olan böyük həyat eşqini və əzmini xatırlayarkən yazırdı ki, o, bu ölümə inanmır. Özü də İsmayıl bəy qədər mübariz və fədakar olan Ağaoğlunun ölüm xəbərini də biz onun 25 il əvvəl öncəki duyğuları ilə qarşıladıq. Ağaoğlunun ölümü ilə təfəkkür cəbhəsində bir köç başladığını düşünür və onun hər biri ayrıca mütəfəkkir olan övladlarının bu boşluğu dolduracağından təsəlli tapırıq.
























N.Artman 

Qiymətli mütəfəkkir Ağaoğlunun cənazəsi dünən törənlə qaldırıldı.

Onu sevənlər cənazəni əlləri üzərində apardılar.
İstanbul. - Böyük türk mütəfəkkiri Əhməd bəy Ağaoğlu onu sevənlərin çiyinlərində əbədi istirahətə yola salındı. Sabah erkəndən İhlamurda geniş yaşıllıqla əhatə olunan evinin önü, bağçası yaxınlarının, dostlarının, onu sevənlərin və eyni zamanda, elm-mədəniyyət müəssisələrinin göndərdikləri gözəl çələnglərlə dolmuşdu. Dəfn mərasimində vali Lütfü Kırdar, İstanbuldakı indiki və sabiq millət vəkilləri, səfirlər, universitet professorları, bütün mətbuat heyəti, dostları, onu sevənlər və yaxınları toplaşmışdı. Cənazə saat 11:15-də evin önünə gətirildi. Burada qısa dini mərasim icra olunduqdan sonra əllər üstündə cənazə camiyə aparıldı. Dəfndə bir bölük əsgər və "Çapa” qız məktəbi tələbələri də iştirak edirdi.

Dünən Əhməd bəy Ağaoğlunun dəfn mərasimi olub.

Ötən sayımızda vəfatını təəssüflə xəbər vediyimiz ustad, byük mütəfəkkir Əhməd bəy Ağaoğlunun cənazəsi dünən həzin bir törənlə Nişantəpədəki evindən qaldırılıb, Təşfikiyyə camisində namaz qılındıqdan sonra Feriköy qəbiristanlığına gətirilib. Həyat yoldaşının yanında dəfn olunmuşdur. Vida mərasimində vali və bələdiyyə rəisləri, Lütfü Kırdar, Bolu millət vəkili Rəcəb Pekər, bir çox indiki və sabiq millət vəkilləri, vilayət, partiya və bələdiyyə nümayəndələri, universitetlərin tələbə və professorları, mətbuat işçiləri, qız məktəbinin müəllimləri, tələbələri, sabiq vali Üstündağ, mərhumun dostları və yetişdirdiyi tələbələr iştirak etmişlər. Mərhumun tabutu saat 11-də evindən qaldırılaraq, Təşvikiyyə camisinə gətirilmişdir.

Ağaoğlunun məzarı başında doktor Fəthi Ədib, İsmayıl Həbib və mühərrir Peyami Səfa nitq söyləmişlər, mərhumun fəaliyyətindən, elmə, türkçülüyə və gənc nəslin yetişməsində xidmətlərini sadalamış və qeyd etmişlər ki, Ağaoğlunun işıqlı həyatı, xatirəsi daim könüllərdə yaşayacaqdır.
Mərhumun məzarı üzərinə universitetlərdən, Anadolu agentliyindən, Qalatasaray idman klubundan, mətbuat idarəsindən, Anakara Universitetinin hüquq fakültəsi və dostları adından çələng qoyulmuşdur. Mərhumun ailəsinə üzüntü keçirdiyimizi bildirir, baş sağlığı veririk.

Bir çinar devrildi

Fikir və elm dünyamızın kamalını bulan bir insanı daha itirdik. Əhməd Ağaoğlu yeni fikir aləmi içərisində qüdrətli və yenilməz bir şəxsiyyətdir. Sağlam bir qafaydı. Yarımçıq alimlərdən deyildi. Mədəniyyətində, əxlaqında cövhər vardı. Bütün fikir inqilablarını çox yaxşı araşdırmış, yaxşı qavramış və bilgili qafasında çox gözəl təsnifatlaşdırmışdı. Mütaliəsi kor-koranə deyildi, oturaqlı idi. Münaqişələrdə dəmir kimi idi, davasını söz oyununa çevirən, kiçik məqsədləri müdafiə edən çürük alimlərdən deyildi. Son zamanlar itirib, ancaq yerini doldura bilmədiyimiz qüvvətli qələm sahiblərindən biri idi Ağaoğlu.

Bu son aylarda mütəfəkkirlərin sıralarımızı bir-bir tərk etmələri bizi mütəəssirləndirir, Ağaoğlu kimi özünü mətanətlə fikir həyatına bağlayanlar getdikcə azalır. Yeni nəsillər ideal olaraq özlərini başqa mövzularda tanıtmağa çalışırlar. Onların elmi qayələri adətən xəyal və əfsanəni xatırlayır. Onlar daha ziyadə əllərdə möhkəm tutulur, çim toxumu kimi bir həftədə cücərib, yetişənlərə həvəs gstərirlər. Ağaoğlu kimi ulu çinarlar yetişdirmək ehtiyacı olan bir millət üçün yeni nəslin ümidverici olmadığını etraf edirəm.

(Davamı gələn sayımızda)



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Paylaş

Bizi Facebookda izləyin
menu
menu