Elmi jurnalistika sahəsini inkişaf etdirmək lazımdır

Ekspertlər hesab edir ki, elmi yazılar cəmiyyət üçün maraq kəsb etməlidir, insanlar ondan nəsə öyrənməlidir


Jurnalistika dedikdə öncə yazılı və internet media, televiziya və radiolar ağlımıza gəlir. Ancaq jurnalistikanın mühüm sahələrindən biri də elmi jurnalistikadır. Ətraf aləmdə, o cümlədən sosial həyatda baş verənlər, onların səbəbləri və nə ilə nəticələnəcəyi daim insanın marağındadır. Araşdırma, səbəblərə işıq salma fitrətimizdə var. Elm və alimlik fəaliyyəti, həmçinin elmi jurnalistika da məhz bu fitrətdən irəli gəlib, formalaşıb.

Elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz "laboratoriyasında” sadələşdirir və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də, jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır. 

ABŞ və Avropada "science journalism” adı ilə məşhur olan elmi jurnalistikaya "elmi əlaqələndirmə” də deyirlər. Elmi jurnalistlər isə "elmi yazarlar” adlandırılır. Nəticə etibarilə bu tip jurnalistika elmin təbliği və əlaqələndirilməsi funksiyasını daşıyır. Məşhur "National Geographic”, "NewScientist”, "Discovery”, "Nauka i Jizn” və bu tip digər jurnallar, televiziya kanallarının yayımladığı məqalələr, sənədli filmlər məhz elmi jurnalistika materiallarıdır.

Beynəlxalq təcrübədə elmi jurnalistika...

ABŞ və İngiltərənin qabaqcıl elmi jurnalistika təşkilatları internetdə hər kəs üçün açıq olan təlimat xarakterli proqramlar yerləşdiriblər. Materiallarda elmi jurnalistikaya yeni başlayan müxbirlər üçün dəyərli məsləhətlər yer alır. Həmin proqramlarda elmi jurnalistikanın qaydaları barədə yazılanları bir neçə abzasla ifadə etmək, mümkün deyil. Amma qısaca onu demək olar ki, elmi jurnalistika materialları alimlərin çap olunmuş elmi məqalələrindəki faktlar əsasında hazırlanır. Hər hansı mövzu bir alimin yox, planetin fərqli yerlərində eyni istiqamətdə tədqiqatlar aparan bir neçə mütəxəssisin məlumatları üzərində araşdırılır və yazılır. Elmi jurnalistikada alim müsahibəsinə əsaslanan materiallar yayıma yararlı hesab olunmur. Mövzunun bir mütəxəssis üzərində özəlləşdirilməsinə yol verilmir. Yazılı elmi mənbələrdən götürülmüş faktların doğru anlaşıldığına əmin olmaq üçün mətnin nəşrdən qabaq alimə göstərilməsi tövsiyə olunur. Məqalə və sənədli filmlər informativ, yəni bol məlumatlı olmalıdır ki, bu da həm oxucunun intellektini artırır, həm də eyni istiqamətdə tədqiqatlar aparan alimləri bir-birinin elmi nəticələri ilə tanış edir və onlar arasında əlaqə yaradır. Bir çox hallarda alimlər bu tip materialların sayəsində dünyanın müxtəlif yerlərində həmkarları ilə əməkdaşlıq əlaqələri qurur və birgə tədqiqatlar aparır. Bununla jurnalist elmin inkişafına öz töhfəsini vermiş olur. Ümumiyyətlə, Amerika və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Alim, müəllim, həkim, tələbə və digər ziyalılardan bu cür təəssüratlar məni jurnalistikanın bu sahəsinə daha da həvəsləndirib. Amerika və Avropa ölkələrində alimlər arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz alimin özü daha dəqiq və dolğun məlumatla yaza bilir. Lakin əksər alimləri bu işdən çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin olmamasıdır.

Əslində elmi məqalələr daha diqqətçəkici olur

Elmi-publisistik üslubda olmayan yazılar bir neçə saat və ya gün ərzində hazırlandığı halda elmi jurnalistika materiallarının ərsəyə gəlməyi aylar tələb edir. Bu iş müxbirdən elmi jurnallarda xeyli məqalə araşdırmağı, lazım gələrsə, alimlərin çöl tədqiqatlarına qatılmağı, yekunda faktları ehmalca əlaqələndirib kağıza köçürməyi tələb edir. Amma bununla iş bitmir. Materialın ilkin variantı hazır olduqdan sonra mövzu üzrə 1-2 yerli və ya xarici alimə mütəxəssis gözü ilə oxumaq üçün təqdim olunur. Müəyyən dəqiqləşdirmə, həmçinin redaktə işləri aparılır. Növbəti mərhələdə redaksiya heyəti jurnalistin araşdırma işindəki mövzunun aktuallığını və orijinallığı qiymətləndirir. Müsbət qarşılandığı təqdirdə yazıdakı faktlar redaksiyada yenidən araşdırılır. Beləcə, məqalə ictimaiyyətə təqdim olunana qədər aylar keçir. Elmi jurnalistika müxbirlik peşəsində ən yüksək keyfiyyətləri ilə fərqlənir. Ən maraqlı, önəmli, böyük auditoriya toplayan, çox məsuliyyət tələb edən, vaxt aparan, qonorar qazandıran məqalə və ya sənədli filmlər məhz elm əsasında hazırlananlardır. Məsələn, "National Geographic”, "Discovery”, "Animal Planet” və digər jurnal, həmçinin televiziya kanallarında izlədiklərimiz ictimaiyyətin hər təbəqəsinin diqqətini çəkir. Siyasət, iqtisadiyyat, idman, kriminal və şou-biznes mövzularından birini bəyənməyən ola bilər. Amma elmi əsaslı təqdimatlar hər kəsin marağını cəlb edir. Hətta evdar qadın və fəhlənin də. Bundan əlavə, ABŞ və Avropada elmi jurnalistika məqalələrinə 1-2 min dollar qonorar yazılır ki, bu da aylarla çəkilən zəhmətə, o cümlədən böyük dəqiqliklə aparılan araşdırmalara dəyir.

Elmi anlayışlar, terminlər mediada sadə dildə verilməlidir

Elm ilə ictimaiyyətin əlaqələnməsində, elmi dünyagörüşün inkişafında model olan elmi jurnalistika alim və jurnalistlər arasında əməkdaşlığı bir normaya çevirir və yeni media sahəsini formalaşdırır. Elm aləmi ilə media arasında rabitə yaradaraq ictimai düşüncədə elmi populyarlaşdırır. Ümumi anlamda isə elmin, akademik çalışmaların ictimaiyyət üçün anlaşılan hala gətirilməsinə xidmət edir. Məqsəd elmi ictimaiyyət üçün ətraflı və anlaşılan etmək, qəliz informasiya vərdişini aradan qaldırmaqdır. Elmi jurnalistika məhsulu o dərəcədə sadə olmalıdır ki, təkcə cəmiyyət üçün təqdimat xarakteri daşımamalı, elmin və ya kütlənin həqiqətən maraqlarına cavab verməlidir. Sadə baxımdan jurnalistikanın bu sahəsi elmdəki son hadisələri araşdırır və onları ümumi auditoriyaya uzun və ya qısa məqalələr şəklində çatdırır. Ondan kompleks elmi məlumatları, nəzəriyyə və təcrübəni aydın, yığcam və dəqiq izah etmək tələb olunur. Bu göstəricilər təmin edilərsə, ictimaiyyət tərəfindən doğru qəbul olunan və başadüşülən olur. Jurnalist və alim fərqli davranışlara malik, lakin oxşar hədəfi olan tərəflərdir. Hər ikisi həqiqəti axtarmaq və məlum etmək istəyir. Hər ikisi yanlış informasiya əleyhinə enerji sərf edir. Hər ikisi cəmiyyətdə azad araşdırmaq imkanına malikdir. Təcrübəli elmi jurnalist cəmiyyətin əhəmiyyətli informasiya xidmətçisidir. Əhəmiyyətli elmi jurnalistika da analitik və tənqidi yanaşma tələb edir ki, bu da öz növbəsində tənqidi elmi jurnalistikanı formalaşdırır.

"Qəzetlərin oxucusu jurnallardan daha çoxdur”

Məsələ ilə bağlı "Şərq”ə danışan Əməkdar jurnalist, BDU-nun professoru Nəsir Əhmədli deyib ki, elmi jurnalistika deyəndə onu aydınlaşdırmaq lazımdır. Ekspertin sözlərinə görə, bizdə hələ elmi jurnalistika ayrıca sahə, ixtisas kimi formalaşmayıb: "Elm haqqında məqalələr əsasən elmi jurnallarda çap olunur. Akademiyada, ayrı-ayrı universitetlərdə, xarici jurnallar çıxır. Onların öz qrifləri var. Tutaq ki, eyni məqalə başqa qəzetdə çıxıbsa, artıq elmi məqalə sayılmır. Elmi status daşıması üçün mütləq həmin jurnalda çıxmalıdır. Qayda belədir. Amma əslində mənə elə gəlir ki, bu gün qəzetlərin oxucusu jurnallardan daha çoxdur. Buna görə qəzetləri də elmi məqalələrə sövq etmək lazımdır”.

"Elmi yazılar cəmiyyət üçün maraq kəsb etməlidir”

Media eksperti, professor Zeynal Məmmədli də "Şərq”ə açıqlamasında elmi jurnalistika sahəsinin çox lazımlı olduğunu deyib. Professorun sözlərinə görə, elmi jurnalistika medianın spektri sayılır: "Xarici təcrübəyə nəzər salsaq, bu problemin necə həll olunduğunu görərik. Xarici ölkələrdə elmi jurnalistika müxtəlif sahələrdən mediaya gələn insanlar vasitəsilə formalaşıb, inkişaf edib. Bir peşənin ən yaxşı bilicisi həmin sahə üzrə təhsil almış, müəyyən müddət məşğul olmuş şəxs ola bilər. Məsələn, bir bioloq öz sahəsi ilə bağlı məsələləri daha yaxşı bilir. Ancaq bununla kifayətlənmir və şəxsən öz elmi potensialını bir qədər də inkişaf etdirmək, cəmiyyətə faydalı olmaq üçün biologiya elmi ilə bağlı hansısa media orqanında məqalələrlə çıxış edir. Lakin həmin məqalələri olduqca sadə dildə çatdırmağa çalışır. Ən önəmli məsələ budur. Elmi yazılar cəmiyyət üçün maraq kəsb etməlidir, insanlar ondan nəsə öyrənməlidir. Oxucular elmi məqalələrlə elmə ruhlanmalı, həm də elmin önəmini dərk etməlidir”.

"Alimlərimizin çoxu dəftərxana dili ilə yazır”

Ekspertin fikrincə, Azərbaycandakı vəziyyət təkcə elmi jurnalistikanın zəifliyi ilə deyil, ümumilikdə elmi potensialın olmaması ilə bağlıdır: "Ölkəmizdə müxtəlif elm sahələri ilə məşğul olan alimlər ictimaiyyətə mesaj vermək baxımından özlərində güc hiss etmirlər. Onlar məşğul olduqları sahənin önəmi ilə bağlı mesajlara hazır deyillər. Demək olar ki, heç bir elm sahəsi ilə bağlı mətbuatda parlaq yazılara rast gəlmirik. Media isə gücü çatdığı qədər xəbər verməklə məşğuldur. Məncə, cəmiyyət mediadan hərtərəfli istifadə etməyi bacarmalıdır. Alimlər də bu işdə maraqlı olmalıdır. Elmi məqalələrin öz dili var. Söhbət təkcə elmi terminləri bilməkdən getmir. Onların terminoloji aparatları, zəruri tələbləri olur. Bir çox hallarda elmi məqalələr konkret kimlərəsə, həmin sahəni bilən peşə sahiblərinə ünvanlanır. Ona görə də kütləvi mediada gedən elmi məqələləri toplumun böyük əksəriyyəti üçün açmaq, sadə dillə vermək mühüm məsələdir. Təəssüflər olsun ki, bizim alimlərin çoxu dəftərxana dili ilə yazırlar”.

(davamı var)
İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu