Vüqar Rəhimzadənin 50 illik yubileyi qeyd olundu və monoqrafiyası təqdim olundu




Bu gün Bakı Slavyan Universitetində "İki Sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı və 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə mətbuatın tanınmış nümayəndələrindən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı, "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev və BSU-nun nümayəndələri, jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova və jurnalist Seymur Verdizadə də iştirak ediblər.

Vüqar Rəhimzadə monoqrafiyası ilə bağlı çıxış edərək, bu elmi-tədqiqat əsərinin onun bütün yaradıcılığını əhatə etdiyini deyib: "Azad söz və mətbuat azadlığından bəhs edən elmi mövzuda hazırladığım monoqrafiyada əsasən dünya mediası ilə müqayisəli məqamları qeyd etmişəm. Özüm BSU-nun jurnalistika fakültəsində dərs deyirəm. Bu, mənim çoxillik fəaliyyətimin bəhrəsidir. Bu, sırf tədris prosesi üçün nəzərdə tutulmasa da, gələcəkdə fikrim var ki, jurnalistikada tədris üçün belə bir vəsait hazırlayaq".

BSU rektoru Nurlana Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibəti ilə təbrik edib: "Jurnalitika olduqca geniş sahədir. Mətbuat o qədər önəmli bir sahədir ki, burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə inkişaf etdirirlər. Bu gün təqdim edilən bu monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU kollektivi adından Vüqar müəllimi təbrik edirik və fəaliyyətində ona uğurlar arzulayırıq".

Tədbirdə iştirak edən qonaqlar da Vüqar Rəhimzadəni təqdim olunan monoqrafiyası və yubileyi münasibəti ilə təbrik ediblər.

Hikmət Babaoğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu deyib: "Bu monoqrafiya jurnalistikanın fundamental əsəridir, desək, yanılmarıq. Söz və mətbuat azadlığı dedikdə, bu, yalnız media sahəsində deyil, eləcə də, cəmiyyətdə azad təfəkkür deməkdir. Demokratik respublikanın əsası məhz azadlıqdır. Azadlıq ümumiyyətlə, ruhun substansiyasıdır. İnsan övladı yarandığı gündən azadlığa meyilli olub. Bu, fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiya informasiya cəmiyyəti üçün faydalı olacaq".

Müşfiq Ələsgərli də tədbirdə çıxış edərək, Vüqar Rəhimzadəni təbrik edib: "Biz uzun illər media sahəsində çalışaraq, bir çox stereotipləri qırdıq. Düşünürəm ki, hazırda mətbuatda Qərb istiqaməti özünü göstərir. Və ümid edirəm ki, bu monoqrafiya sistemli şəkildə mətbuata öz töhfəsini verəcək"






Akif Aşırlı monoqrafiyanı jurnalistlər üçün fundamental baza hesab etdiyini deyib: 

"Vüqar müəllim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir. Bu elmi əsər də onun parlaq yaradıcılığının bariz nümunəsidir. Bu gün "İki sahil" qəzetinin geniş kollektivi də buradadır. Arzu edirəm ki, gələn təqdimatda "İki sahil" televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır".

Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, Mətbuat Şurası yaranandan onun mətbuatdakı töhfələrindən danışıb: "Mətbuat Şurası yaranandan Vüqar Rəhimzadə Mətbuat Şurasının üzvüdür. Jurnalistika elə bir sahədir ki, təsəvvür edin, bir insanın aldığı informasiya onun həyatında nə qədər əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet olmasın, televiziya, mətbuat orqanları olmasın, hər şey bir-birinə qarışar. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqaca mühüm rol oynayır. Vüqar müəllim isə çox gözəl jurnalist və dəyərli dostdur".

Rauf Arifoğlu Vüqar Rəhimzadəni dəyərli elmi tədqiqatının təqdimatı münasibətilə təbrik edib: "Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan, gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, dəqiq jurnalistikanın təbliğatçılarındandır. Biz əks cəbhələrdə olsaq da, dövlət naminə bir araya gəlməyi də bacarmışıq. Bu gün həmkarımızın 50 yaşı tamam olur. Ona yaradıcılığında uğurlar arzu edirəm".


Tədbirin sonunda Nurlana Əliyeva Vüqar Rəhimzadəyə BSU kollektivi adından suvenir xəncər və gül dəstəsi təqdim edib. Əflatun Amaşov isə Mətbuat Şurası adından Vüqar Rəhimzadəni "Medianın inkişafında fəaliyyətlərinə və 50 illik yubileyinə görə" diplomla təltif edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu