"Yerli serialların ssenariləri zəif olur"

Asya Atakişiyeva: "Belə olanda aktyorlar nə qədər güclü olsalar da, ekran əsəri maraqlı alınmayacaq" "Teatrdan aldığım maaş mənim kosmetikama bəs edir yalnız"



Seriallarımızda yaşlı, böyük sənətkarla yanaşı, gənc aktyorlara, aktrisalara da rast gəlirik ki, onların aktyor potensialı barələrində fikir formalaşdırmağa imkan yaradır. Son illər bir çox seriallarda çəkilən gənc aktrisa Asya Atakişiyeva da tələbatlı aktrisalardan sayılır. Demək olar, çəkilən əksər yerli seriallarda Asyanı görmək mümkündü. Bu dəfə onunla həmsöhbət olmaq istədik. Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva «Şərq»ə sənət aləmindən danışdı.

- Son illər daha çox seriallara dəvət alan aktrisasız. Sizcə, niyə rejissorlar üçün bu qədər maraqlısız?

- Özüm haqqında nə deyə bilərəm ki? Rejissorlar üçün maraqlı ola bilmişəmsə, buna görə sevinə bilərəm. Özümü tərifləyim ki, beləyəm-eləyəm? Bircə onu deyə bilərəm ki, ali təhsilim var, təsadüfən səhnəyə, sənətə gəlməmişəm. Universiteti qırmızı diplomla bitirmişəm, magistr pilləsində qırmızı diploma layiq görülmüşəm. Moskvada Kalyagenin məktəbini bitirmişəm. Gənc aktrisa olsam da, 14 ildir Gənc Tamaşaçılar Teatrının aktrisasıyam.

- Bu yaş üçün 14 il professional səhnədə fəaliyyət göstərmək də hər aktrisaya qismət olmur…

- Əslində özümü şanslı aktrisa hesab edirəm. Gənc Tamaşaçılar Teatrında bir çox tamaşaların baş qəhrəmanıyam. Əsas obrazları oynayıram. Teatrda «Leyli və Məcnun» tamaşasında Leyli obrazını oynayıram. Səhnədə Culyetta, Şərəfnisə kimi əsas obrazları mənə həvalə ediblər.

- Yerli serialları türk serialları ilə müqayisə edəndə, deyirlər ki, yerli seriallar keyfiyyətsizdi. Nə ilə bağlıdı bu nöqsanlar? Niyə türklər kimi serial çəkə bilmirik?

- Bilmirəm dediklərim nə qədər səmimi səslənəcək, amma yerli seriallarımız zəif çəkilmir. Sadəcə, keyfiyyətsizlik varsa, bu daha çox texniki avadanlığın lazımi səviyyədə olmaması, səsləndirmə prosesində texniki qüsurların mövcudluğu ilə bağlıdır. Bu da istər- istəməz serialın baxımlılığına təsirsiz ötüşmür. Bir də bizdə ssenari qıtlığı var. Yəni çəkilən serialların ssenariləri çox zaman zəif olur. Ssenari zəifdisə, aktyorlar nə qədər güclü olsalar da, ekran əsəri maraqlı alınmayacaq. Yerli seriallarımızda olan aktyorlar heç də türk aktyorlarından zəif deyillər.

- Hesab etmirsən ki, seriallarda ssenari zəifliyi, texniki problemlərin varlığı bəzən aktyor oyununun boynunda qalmış olur. Serial zəif alınanda, daha çox aktyorlar qınağa tuş gəlir.

- Axı aktyorlar görünən tərəfdi. Əgər pis nəsə olursa, çox zaman biz aktyorlar qınanır, onlar günahkar elan edilir.

- Rejissor-aktyor problemi zaman-zaman yaşanır. Sizin rejissorlarla probleminiz yaranıbmı?

- Bu günə qədər heç bir rejissorla problem yaşamamışam. Bütün rejissorların sənətini yüksək qiymətləndirirəm. Hər bir rejissorun öz dəst-xətti var, mən də onlara uyğunlaşmağa çalışıram.

- Səhnə rəqabəti sevir. Amma paxıllıq edənlər də az olmur…

- Məncə, əslində səhnə rəqibliyi yox, tərəf-müqabili olmaq mədəniyyətini sevir. Düzdür, hər sahədə rəqabət var. Mən heç kimə paxıllıq etməmişəm. Hesab etmirəm ki, öz yaşıdlarım olan gənc aktrisalardan zəifəm. O zaman paxıllıq hissi məndə baş qaldıra bilərdi ki, özümü zəif hiss edim. Peşəkar aktrisa kiməsə paxıllıq etmək hissi ilə sənətini təqdim edə bilməz. Bir sözü də deyim ki, ilk vaxtlar səhnədə olmaq çətin idi. Leyli obrazı mənə həvalə olunanda çətinlik yaşadım. Füzulinin dilində yazılmış şəkildə Leylini səhnədə oynamaq, bəzi sözləri tələffüz etmək çətin idi. Məşqlər zamanla o qorxunu məndən uzaqlaşdırdı.

- Teatrdan aldığınız maaş sizə yetir?

- Teatrdan aldığım maaş mənim kosmetikama bəs edir yalnız (gülür).

- Səhnədə olan xanımın şəxsi həyat yaşaması, ailə qurması bəzən çətin olur. Aktrisanı evinə hər kişi gəlin gətirmir, ya da sənət aləmində olanlara münasibət birmənalı deyil.

- Həqiqətən sənət adamı ilə ailə qurmaq çətindi. Çünki biz həssas insanlarıq. Bir də, bəzən məşqlər, çəkiliş meydançalarından gec çıxmaq ailədə problemlər yarada bilir. Ona görə də sənət adamını qəbul etmək üçün böyük mədəni təfəkkürə sahib olmaq lazımdı.

- Yaşlı nəslin nümayəndələri ilə gənc sənətçilər arasında gərginliklərin də şahidi oluruq. Sizin yolunuzu kəsənlər, yaşlı nəslin nümayəndələrindən sizi qısqananlar oldumu?

- Bilirsiz, yaşlı nəslin arasında qısqanclıqların şahidi oluruq. Amma mənim yolumu kəsən yaşlı sənətçi olmayıb. Gənc Tamaşaçılar Teatrında mənə dəstək olan böyük sənətkarlarımız olub. Onların məsləhətini dinləməyə çalışmışam. Çəkiliş meydançasında da elə sənətkarlar olub ki, onlardan nəsə öyrənmişəm. Normal haldır ki, böyük sənətkarların özlərinə aid «kapriz»ləri olur. Bunu çəkiliş meydançasında, teatrda görmək olar. Amma onu da qeyd edim ki, bu «kapriz»i etməyə də haqları var. Çünki illərini sənətə, səhnəyə həsr edən sənətkarın «kapriz»inin olması qəbulolunandır.

Tahirə


Paylaş

Bizi Facebookda izləyin
menu
menu