Yaxşı ki, Nizamini Gəncə ermənisi çıxarmayıblar

Azərbaycan aydınları ABŞ dövlət katibinin İran xalqına ünvanladığı təxribatçı təbrikinə sərt reaksiya veriblər
Nizami dünyanın ilk beşliyində olan şairlərdəndir. Onu hər cür təzyiq və təpki ilə bizim əlimizdən almaq istəyənlərə qarşı tədbir görülməlidir

İran xalqını Çillə bayramı münasibətilə təbrik edən ABŞ dövlət katibi Mayk Pompeo tvitinin sonunda Azərbaycan şairi Nizami Gəncəvini fars şairi olaraq təqdim edərək ondan sitat gətirib: "Fars şairi Nizami deyirdi ki, hətta ümidsizlikdə də ümid var. Ən qaranlıq gecənin də sonu işıqdır. Yalda bayramınız mübarək!”.

Qeyd edək ki, ABŞ dövlət katibinin Nizamini fars şairi kimi təqdim etməsi bizim üçün ilk deyil. Dahi Nizaminin iran-fars şairi kimi qələmə verildiyinin zaman-zaman şahidi oluruq. Sanki dünya ictimaiyyəti müxtəlif tarixi mənbələrdən sübutlar gətirilməsinə rəğmən Nizamini Azərbaycan dühası kimi qəbul etmək istəmirlər. Maraqlıdır, xarici ölkələrdə bu məsələ ilə bağlı təbliğatımız zəif olduğu üçün belə neqativ hallar baş verir? Yoxsa burda başqa məqamlar var?

Gələn il Nizami Gəncəvi beynəlxalq konfransına Mayk Pompeonu dəvət etmək lazımdır

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ dövlət katibi M.Pompeonun İran xalqını təbrik mesajında böyük Azərbaycan şairi Nizami Gəncəvini İran şairi kimi təqdim etməsi çox ciddi problemdir: 

"Ölkəmizdə Nizami Gəncəvi beynəlxalq konfransı keçirilir. Bu konfransa dünyanın müxtəlif ölkələrindən sabiq prezidentlər, professorlar dəvət edilir. YUNESKO Nizamini Azərbaycan şairi kimi tanıyır. Dövlət katibi Pompeonun bu yanlış addımını düzəltmək bizim öhdəmizə düşür. Demək, gələn il Nizami Gəncəvi beynəlxalq konfransına Mayk Pompeonu dəvət etmək lazımdır. Gəlib iştirak etməsə də, artıq öz səhvini anlayacaq. Bundan sonra belə bir böyük yanlışa yol verməsin”.
ABŞ-da İran lobbisinin varlığına toxunan politoloq deyib ki, bu lobbi əsasən İranda şahlığı yenidən təsis etmək yönündə çalışır. Görünür, Pompeonun həmin lobbilərlə əlaqələri mövcuddur və onlar Nizamini fars şairi kimi ona tanıtdırıblar: "ABŞ-da fəaliyyət göstərən İran şahının qalıqlarının ətrafında birləşən farslar daima ölkəmizə qarşı mədəni terror həyata keçirirlər. Təəssüf ki, ABŞ-dakı səfirliyimiz bir tədbirə İran şahının oğlunu da dəvət etmişdi. Demək səfirliyimizin belə şəxslərlə əlaqələri də var. Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsində İran rejimi də çalışır. Azərbaycanın ABŞ-dakı səfirliyi hara baxır? Niyə ölkəmizin mədəni irsinə qarşı bu təcavüzə seyrçi qalır?! Bu istiqamətdə beynəlxalq işlər sürətlənməli, ölkəmizin tarixi şəxsiyyətlərinə qarşı bu kimi kobud hücumlara kəskin reaksiyalar verilməlidir”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov da Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu və bunu şairin sağlığında öz əsərlərində də qeyd etdiyini bildirib.

"Çingiz Abdullayev nə qədər rus xalqına məxsusdursa, Nizami də o qədər farsların şairidir"

Hüquqşünas Sahib Məmmədov "Şərq”ə açıqlamasında ABŞ kimi super dövlətin 2-ci şəxsinin bu cür səhv etməsinin çox böyük təəssüf doğurduğunu deyib: 

"Onu deyim ki, bu, ABŞ rəsmilərinin məlumatsızlığını göstərən ilk fakt deyil. Əvvəllər də Corc Buş Əfqanıstanla digər ölkələri səhv salırdı. Bütün bunlar Amerika təhsil sisteminin qüsurudur ki, vətəndaşlara dünya elmi haqqında düzgün bilik vermirlər, robot yetişdirirlər. Pompeo da ABŞ təhsil sisteminin yetişdirdiyi həmin robotlardan biridir”.
S.Məmmədovun qənaətincə, Nizami çox nəhəng mütəfəkkir olduğundan hər xalq, hər dövlət onu özününküləşdirmək istəyir. Bu böyük şəxsiyyət ilk intibah dövrünün 8 dahisindən biridir. Hər xalq onun yaradıcılığından özünə bir pay çıxarmaq istəyir və bunu böyük xoşbəxtlik hesab edir. Bu mənada Nizamiyə iddialı olan xalqları qınamağa dəyməz. Bu onun böyüklüyünü daha da artırır: "Amma bu adamın türk olduğuna dair heç bir şübhəyə yer yoxdur. Gəncəvi təxəllüsü bütün nöqtələri yerinə qoyur. Gəncə minilliklər əvvəldən qədim türk diyarı kimi tanınıb. Ölkəmizdə fərqli xalqların yaşadığı regionlar var, amma Gəncədə hər zaman türklər yaşayıb. Bu fakt fonunda Nizaminin türk olmadığını iddia etmək, onu fars şairi adlandırmaq absurddur. Dünya səviyyəsində tanınan yazıçılar, şairlər var ki, mənsub olduğu xalqın dilində yox, başqa bir dildə yazıb- yaradıb. O cümlədən də Azərbaycanın özündə bu cür yazarlar olub. Çingiz Abdullayev nə qədər rus xalqına məxsusdursa, Nizami də o qədər farsların şairidir. Fars dilində yazıb deyə, onu İran şairi adlandırmaq ikrah doğurur”.

S.Məmmədovun sözlərinə görə, Nizaminin türk şairi olduğuna dair əlimizdə olan çoxsaylı sübutları beynəlxalq təşkilatlara təqdim edib, müxtəlif ölkələrin səfirliklərinə bu barədə məlumat verməliyik:

"Əslinə qalsa, Pompeo kimi savadsızların bu cür açıqlamaları bizim üçün bir əhəmiyyət kəsb etmir. Amma Azərbaycanı sevməyən qüvvələr bu kimi fürsətlərdən öz maraqları üçün istifadə edirlər. Azərbaycan xalqının milli kimliyini başqa yerə yozmaq istəyən daxildəki qara qüvvələr də bu mövzu ətrafında manipulyasiya aparmağa başlayırlar. Bütün bunlara yol verməmək üçün rəsmi Bakı ABŞ dövlət katibinin bu yanlışı ilə bağlı rəsmi mövqe bildirib, bisavad olduğunu onun diqqətinə çatdırmalıdır”.

Çox maraqlıdır ki, Nizaminin hamıya aid olmasını istəyirlər, amma bizə yox...

"Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs özəlliklə qərb dünyasında Nizami Gəncəviyə olan münasibətin çox ağrılı olduğu qənaətindədir. Onun sözlərinə görə, dahi şairin Azərbaycan xalqına məxsus olduğunu xarici ölkələrə çatdırmaq üçün hər zaman təbliğatlar aparılmalıdır: 

"Biz az qala ABŞ-ın bütün ştatlarını, xarici ölkə adlarını əzbər bilirik. Onlar isə sanki qəsdlə bizim klassiklərimizə kölgə salmağa çalışırlar. Məsələn, Sankt-Peterburqda Nizamini fars şairi kimi, İranın özündə isə İran şairi kimi tanıyırlar. Bir sıra ölkələrdə Nizami Gəncəvinin adı məhz iran-fars şairi kimi təqdim olunur. Nizami farsca da yazıb-yaradıb. Hələ 1990-cı ildə "Azərbaycan” qəzetində belə bir iddia irəli sürülmüşdü ki, Nizami eyni zamanda Azərbaycan dilində yazıb, sadəcə həmin yazılar üzə çıxmayıb. Nizaminin Azərbaycan şairi olmasının heç bir sübuta ehtiyacı yoxdur. Onun bütün əsərləri, yaradıcılığı və həyatı Azərbaycan, Gəncəylə bağlıdır.

Bütün dünyaya demək istəyirik ki, "biz köklü xalqıq”. Məhz bu sözü deyəndən sonra kökümüzü qazıb çıxarmaq istəyən təşkilatlar, dövlətlər olur. Çox maraqlıdır ki, Nizaminin hamıya aid olmasını istəyirlər, amma bizə yox. Hətta siyasi baxımdan İrana münasibətdə düşmən mövqeyində duran ölkələr belə İranın tərəfini saxlayır, Nizamini İran şairi kimi qəbul edirlər. Bu məsələ ilə bağlı təbliğatımız güclü olmalıdır”.

Q.Ağsəs bildirib ki, tarixi şəxsiyyətlərimizə qarşı hər zaman təpkilərin olacağı gözləniləndir: "Hətta iş o yerə gəlib çata bilər ki, eyni ittihamlar Şah İsmayıl Xətaiyə və başqa şəxsiyyətlərimizə yönələcək. Dünyanın inkişaf etmiş ölkələrindən biri, dünya musiqisinin beşiklərindən olan, özünü son dərəcə kübar, elitar bir xalq kimi təqdim edən fransızlar Nizaminin Azərbaycan şairi olmadığını dilinə gətirirsə, bu çox utancvericidir. Ermənilər bir ucdan milli musiqimizi, sərvətlərimizi daşıyıb aparırlar. Artıq iş o yerə çatmışdı ki, Türkiyənin özündə belə "Sarı gəlin" erməni mahnısı kimi təqdim edilirdi. Nizamiyə olan bu münasibət çox ürəkağrıdandır. Gücümüz çatan qədər bu halların qarşısını almalıyıq. Nizami dünyanın ilk beşliyində olan şairlərdəndir. Onu hər cür təzyiq və təpki ilə bizim əlimizdən almaq istəyənlərə qarşı tədbir görülməlidir. Gücümüz nəyə çatırsa, çalışıb bu məsələyə birdəfəlik son qoymalıyıq. Elə təbliğat aparmalıyıq ki, Nizami Gəncəvinin fars şairi olmasına dair iddialara birdəfəlik son qoyulsun”.

Tarixi həvəskarların və könüllülərin öhdəsinə buraxanda həmişə belə olur

Şair Aqşin Yenisey isə hesab edir ki, bu məsələdə bir çox faktlar toqquşduğu üçün Nizaminin Azərbaycan, yoxsa fars şairi olduğunu sübut etmək olduqca çətindir. Şairin sözlərinə görə, Nizaminin Azərbaycan şairi olduğunu sübut edən faktlar onun ömrü boyu Gəncə şəhərində yaşaması, bir neçə qəzəlini Azərbaycan dilində yazması və məqbərəsinin indiki Azərbaycan topraqlarında olmasıdır: 

"Amma o zaman bizim indi Azərbaycan dediyimiz yer türk-ərəb ordularının dağıtdığı Sasanilər, yaxud II Pers imperiyası deyilən fars dövlətinin ərazisinə aid edilirdi. Hətta Məmməd Səid Ordubadinin "Qılınc və Qələm” bioqrafik romanında da Nizaminin Gəncəyə təyin olunmuş fars qubernatorunun qızı ilə münasibətlərindən danışılır. O zamanlar mədəniyyətin, xüsusilə şeirin dili fars dili idi. Nizamini farsca yazmağa ruhlandıran da Şirvanşah Axistan olub. Sədi Şirazi, Mövlana Cəlaləddin Rumi, Hüsrəv Dəhləvi Əlişir Nəvai və c. Bu dövrün yazarları, demək olar ki, hamısı farsca yazırdılar. Səlcuqların zamanında belə fars dili şeir dili olub. Anadolu türkləri hətta Nizaminin Azərbaycan şairi olduğunu Məhəmməd Əmin Rəsulzadənin 1951-ci ildə Ankarada yazıb çap etdirdiyi "Azərbaycan şairi Nizami” kitabından sonra öyrənib”.

"Ədəbiyyatın milləti yazıldığı dildir” deyən A.Yenisey qeyd edib ki, bu gün bütün Latın Amerikası ədəbiyyatı ispandilli ədəbiyyat adlanır. Amma heç kim Kortasarı, Borxesi ispan hesab etmir. Nizami də millətçə türkdür, amma farsdilli ədəbiyyata daxildir:

 "Yaxud müasir ingilisdilli ədəbiyyat siyahısında bir neçə hind mənşəli yazarın adı var. Dünyanın tanınmış dahilərinin çoxu mənşəcə yəhudidir, amma mənsub olduğu ölkələrin adını daşıyırlar, məsələn, yəhudi mənşəli çex alimi və s. Biz ən yaxşı halda Nizamiyə də belə deyə bilərik, türk mənşəli fars şairi, çünki heç kim əsl Nizamini Məmməd Rahimin tərcüməsində oxumur, farscaya müraciət edir. Məncə, Pompeo Nizamini İran şairi adlandırmaqla İran tarixinə bir qiymət verib. İki böyük dövlət biri-birlərini Gəncədən qırağa çıxmayan Azərbaycan şairinin adı ilə qiymətləndirirsə, bu, pis bir şey deyil. Bizə düşən iş odur ki, Nizaminin həyatı haqqında müasir dünyanı düşündürə biləcək filmlər çəkək, romanlar yazaq. Tarixi həvəskarların və könüllülərin öhdəsinə buraxanda həmişə belə olur, bilmirsən farssan, yoxsa türk, hələ nə yaxşı ki, adamı Gəncə ermənisi çıxarmayıblar”.

Onlar bütün Şərq mədəniyyətinin çox böyük sütunlarıdır

Yazıçı Səfər Alışarlı isə deyib ki, fransızlar Misir fironlarının DNT analizini edib, onların əksəriyyətinin türk olduğunu deyib:

- İndi burdan-bura Nizaminin DNT-sini analiz etmək beləmi çətindir? Haradasa oxumuşdum ki, Nizaminin kəllə sümüyünü Leninqrada aparıblar. Ondan hələ də xəbər yoxdu. Onlar 1941-ci ildə Teymurləngin də bütün sümükləri qarışıq kəlləsini aparmışdılar ora, nəticədə şəklini çəkdilər, sümüklərini isə Stalinqrad döyüşlərinin ən gərgin vaxtında təyyarə ilə cəbhənin üstündə fırladıb qələbə qazandılar. O ki qaldı dil məsələsinə, burada iş bir az çətinə düşür. Müasir analoqlar işə yaramır, çünki onların hansı dildə nə yazdıqlarının heç bir əhəmiyyəti yoxdur. Ancaq Nizami, Rumi kimi dühalar fərqlidi, onlar bütün Şərq mədəniyyətinin çox böyük sütunlarıdır.

Şəymən

Paylaş
Bizi Facebookda izləyin
menu
menu