Cümhuriyyət aşiqi-sevdası sonsuz adam





Bu il şərqin ilk demokratik quruluşu- Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam oldu. Bizi dünya xalqları arasında ən öncüllərdən edən bu şanlı tarixi yazan uca adamların mənəvi varisi olmaq qüruru ozünü dərk edən bütün Azərbaycan türklərinin köksünü qabartdı. Hələ çox illər, əsrlər keçəcək gələcək nəsillərimiz bu şanlı tarixin sonsuz işığında mətin addımlarını atacaqlar. Respublikada "Cümhuriyyət ili” elan olunaraq, müxtəlif tədbirlər, o tarixi yazan böyük şəxsiyyətlərin xatirəsinə həsr olunmuş günlər qeyd olundu.

"Cümhuriyyət ili” boyunca aydınlarımız çox kitablar nəşr etdirdilər, məqalələr dərc etdirdilər. Ən sevindirici amillərdən biri isə təbii ki, bu qutsal işin axarında gənc aydınların çoxluğu oldu. Bu yazımı "Cümhuriyyət ili”nin son günündə özümü bir Azərbaycan türkü, bir cümhuriyyət aşiqi kimi, mənəvi cəhətdən borclu bildiyim qələm dostuma, bu qutlu yolun daimi yolçusu Dilqəm Əhmədə həsr etməkdən qürur duyuram. Mənə görə vətən Dilqəm Əhməd kimi insanlara görə vətən olur.

İstər bu il olsun, istərsə də bundan öncəki illər Dilqəm bəy Azərbaycanın tarix yazmış aydınlarının, ömrünü bu millətin yolunda sözün bütün mənalarında fəda etmiş şəxsiyyətlərinin həyatına dair ən kiçik detallara qədər üzə çıxarıb geniş ictimaiyyətə təqdim etmək üçün bütün gücü ilə çalışdı və indi də çalışmaqdan bir an belə olsun usanmır.

Ömrünü mühacirətdə, vətən həsrəti ilə başa vurmuş, uzun və amansız illərin axarında bəzən məzarları belə itmiş, Azərbaycan tarixinin böyük bir hissəsini öz çiyinlərində daşımış şəxsiyyətlərin qürbətdə yol gözləyən məzarlarının, uzun illərin və Sovet kabusunun amansızlığı ucbatından öz doğma vətənləri ilə əlaqəsi kəsilmiş, bir növ yadlaşmaqda olan yaşayan varislərin (Yaşayan tarixlərin) tapılaraq Azərbaycan ictimaiyyətinə təqdim olunması Dilqəm Əhmədin fədakarlığının sayəsində oldu. Bu gənc araşdırmaçı-yazar öz yaşından da çox-çox irəli, mövcud şəraitin fövqündə elə miqyasda işlər ortaya qoydu ki, ona minnətdarlıq hissi duymamaq mümkün deyil. Dilqəm Əhməd təkbaşına böyük bir institutun görə biləcəyi işə çiyin verdi və çox qutlu bir missiyanı yerinə yetirmiş oldu. Bu gənc adam haqqında cəsarətlə təpədən-dırnağa millət sevdalısı, vətən adamıdır deyə bilərik. Dilqəm Əhmədin cümhuriyyət sevgisinin özünə belə qibtə etməmək mümkün deyil. Bu təvazökar, mənəvi zənginliyin ən uca zirvəsini fəth etmiş qələm dostumuz tükənməz enerji ilə öz dəyərli araşdırmalarını ortaya qoymaqla tariximizin bizə məlum olmayan hələ çox səhifələrinə ürəyinin işığını salacaq.

İnanıram ki, onun min bir əziyyətlə topladığı eksponatların yer aldığı "Cümhuriyyət muzeyi” arzusu da tezliklə reallaşacaq. Hansı məhrumiyyətlər, hansı əziyyətlər hesabına toplanıb mühafizə olunduğu sirr olmayan bu eksponatlar tariximiz üçün, gələcəyimiz üçün son dərəcə əhəmiyyət daşıdığından biz hamımız onları qorumaq və gələcəyə ötürmək üçün əlimizdən gələni etməliyik. Etməliyik ki, tarix yaşasın, etməliyik ki, Dilqəm Əhmədin davamçıları olacaq nəsillər yetişsin.

Bizimçün bu əziz ilin ən gözəl xəbərlərindən biri də Dilqəm bəyin təşəbbüsü və baş redaktorluğu ilə "ÇAPAR” adlı tarix dərgisinin nəşrə başlamağı oldu. İnanıram ki, ömrünü ən qutlu amala sərf edən bir aydının baş redatorluğu ilə çap olunan bu dərgi öz qiymətli səhifələri ilə tariximizin şanlı səhifələrinə işıq salacaq.

Əziz qələm dostum Dilqəm Əhməd, yaxşı ki, sənin kimi bir aydın var. Yaxşı ki, qəlbində bu sevgini ucalıqlara daşıyacaq qədər böyüksən!

İntiqam YAŞAR


Paylaş
Bizi Facebookda izləyin
menu
menu