"Maddi vəziyyətləri ağırlaşanda Şahbazın ailəsinə pul göndərirəm" - Girovun bacısı




"Anam Şahbazın girov kimi saxlandığını hələ bilmir”.

Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Şahbaz Quliyevin bacısı İradə Quliyeva  bildirib.

Onun sözlərinə görə, aylar sonra qardaşımdan xəbər tutduq:

"Bir müddət əvvəl, Dünya Azərbaycanlılarınmın Həmrəyliyi və Yeni İl bayramı ərəfəsində Beynəlxalq Qızıl Xaç Kommitəsinin(BQXK) nümayəndələri bizə qardaşımdan məktub gətirdi. Məktubda Şahbaz səhhətinin yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu yazıb. BQXk-nin nümayəndələri də qardaşımın səhhətinin yaxşı olduğunu söylədi. Gələn həftə isə biz məktub yazıb, qardaşıma göndərəcəyik. Amma Şahbazın özünü görə bilmirik. Nə video, nə də foto gətirirlər. Sadəcə, eyni mətnli məktub gəlir, bir də şifahi şəkildə yaxşı olduğu deyilir, vəssalam".

İ.Quliyeva onu da qeyd edib ki, Ş.Quliyevin ailəsinin dolanışığına da o kömək edir:

"Sosial yardımla bağlı Şahbazın həyat yoldaşı ilə birlikdə bütün lazımi sənədləri toplayıb, idarəyə verdik. Ünvanlı sosial yardımın düzəlməsini gözləyirik. Hazırda qardaşımın yoldaşı Sumqayıtda işləyir. Əvvəllər əmək haqqını ala bilmirdi. Amma indi o problem aradan qalxıb. Lakin şəhər yerində dolanmaq çox çətindir. Bəzən maddi vəziyyətləri ağırlaşanda onun ailəsinə pul yollayıram”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Kənan Eynuroğlu



Paylaş

Bizi Facebookda izləyin
menu
menu