ABŞ qoşunları tezliklə evlərinə qayıtmayacaq

Ona görə də Türkiyə Suriyada planlaşdırdığı hərbi əməliyyatları zərgər incəliyi ilə həyata keçirməlidir



"Prezident Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması barədə bəyanatı heç də hərbi qüvvələrin tezliklə evlərinə qayıdacağı anlamına gəlməməlidir”. Bunu Yaxın Şərqdə gedən proseslərlə bağlı "Şərq”ə açıqlama verən politoloq Vasif Əfəndiyev deyib. Ekspert bildirib ki, bu sayaq bəyanatlar Trampdan öncəki prezidentlər tərəfindən də edilib. Ancaq İraq savaşından bu günə qədər ABŞ-ın hərbi qüvvələri bölgədən çəkilməyib: 

"NATO ölkələrinin konkret hədəfləri reallaşmayınca onların bölgədəki hərbi qüvvələri yerində qalacaq. Hesab edirəm ki, yaxın 20 ildə bu proses davam edəcək. İŞİD və kürd hərbi birləşmələrinin sonunu gətirmək vəzifəsi Türkiyənin üzərinə buraxılıb. 

Türkiyə ABŞ-la müttəfiq ölkədir. Amerika prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun kürd silahlıları ilə İŞİD-i eyniləşdirməməyi Ankaranın hərbi əməliyyatlardan vaz keçəcəyi anlamına gəlmir. Ona görə də Vaşinqton Yaxın Şərqdə Türkiyə ilə razılşadırılmadan heç bir addım atmayacaq”.

Siyasi şərhçinin sözlərinə görə, İŞİD-in Suriyada sıxışdırılması və zərərsizləşdirilməsi sona çatdırılmasa, bu qüvvələr İrana keçid edə bilərlər. Ona görə də Türkiyə Suriyada planlaşdırdığı hərbi əməliyyatları zərgər incəliyi ilə həyata keçirməlidir: 

"ABŞ qoşunlarının bölgədən tezlikə çəkilməyəcəyi həm də İranla münasibətlərin hansı fazaya keçməsindən asılıdır. Qərbdə İran probleminin çözülməsinin daxili dəyişikliklər yolu ilə mümkünlüyünə inananlar olsa da, görünür, hərbi müdaxilə qaçılmaz olacaq. Təbii ki, bu nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına uyğundur. İranda baş verəcək hər hansı dəyişiklik yalnız xalqın istəyi ilə və sakit şəkildə baş verməlidir. Əks halda İrana qarşı tətbiq ediləcək hərbi gücün fəsadları çox ağır ola bilər. Bölgədə yeni qaçqınlar ordusu yaranar ki, Azərbaycan və Türkiyə də bundan zərər görər”.

İsmayıl


Paylaş

Bizi Facebookda izləyin
menu
menu