Dövlət doğru olanı edir

Siqaretin qarşısını yalnız onun qiymətini bahalaşdırmaqla almaq mümkündür
"Maarifləndirici tədbirlər, video-roliklər də çox zaman gözlənilən effekti vermir. Kimlər iştirak edir bu tədbirlərdə, kim baxır o video-çarxlara?!"

«Hər il 6 milyon insan tütünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir. 2030-cu ildə isə hər il belə ölümlərin sayının 8 milyon olacağı proqnozlaşdırılıb». Bu həyəcanlı xəbər "Tütündən imtina et" mobil aplikasiyasının təqdimatı və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş «dəyirmi masa»da səslənib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı Azərbaycan üzrə statistikanı təqdim edib.

O bildirib ki, Azərbaycanda 1 milyon 400 mindən artıq insan siqaret çəkir: 

"Bu şəxslər əgər tütündən istifadəni dayandırmazsa, onların yarısı 70 yaşdan daha tez dünyasını dəyişəcək".

H.Harmancı qeyd edib ki, hər il dünyada 3 milyondan artıq insan tütündən istifadəyə görə dünyasını dəyişir: "Bəzi işbazlar qazancları üçün tütündən istifadənin geniş yayılmasının tərəfdarıdır. Lakin bu, sağlamlığımız üçün ciddi təhdiddir. Həmin işbazların imkanlarını genişləndirməsinə yol verməməliyik".

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin Sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə Azərbaycanda tütün əleyhinə aparılan mübarizələrdən danışıb: "Bu gün Azərbaycanda tütünlə mübarizə aparmaq üçün müxtəlif layihələr icra edilir. "Tobacco.Az” saytı yaradılıb və burada geniş məlumatlar əksini tapıb. "No Smoke Selfie” aplikasiyası yaradılıb. Bundan başqa, ÜST-nin "Empower" adlı xüsusi proqramı icra olunur. Lakin bütün bunlara baxmayaraq Azərbaycanda da tütün epidemiyası yayılır".
T.Musayev tütünün yaratdığı zərərlərə görə ölənlərlə bağlı statistikanı da təqdim edib: "Hər il dünyada 6 milyon insan tütünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir. 2030-cu ildə isə hər il belə ölümlərin 8 milyon olacağı proqnozlaşdırılıb".

T.Musayev tütün məhsullarına aksiz vergisinin tətbiqindən, idxaldan da söz açıb: "Bu məhsullara aksiz vergisinin tətbiqi alqışlanacaq bir addımdır. Bununla belə, istifadəni azaltmaq üçün idxal da 600-dən 200-ə endirilib". Tədbirdə tütün məhsullarının qiymət artımının da bu zərərli vərdişdən əl çəkməkdə vətəndaşlara kömək edəcəyi fikri vurğulanıb. Daha sonra İSİM-nin Səhiyyə Siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edib və indiyədək təşkil olunan aksiyalardan söz açıb: "Müxtəlif vaxtlarda "Siqaret alma, alma al" aksiyası keçirtmişik. Bu aksiya çərçivəsində biz siqareti şəxslərdən alıb, əvəzində onlara alma hədiyyə etmişik. Bundan başqa, "Tütünsüz dünya yarat" aksiyasını həyata keçirmişik".

Tədbir iştirakçısı, həmçinin media ilə qurulan əlaqələrdən də danışıb: 

"Tütün əleyhinə təbliğat aparmaq üçün media ilə əlaqə mütləqdir. Artıq tütün əleyhinə təbliğat aparmaq üçün ictimai yayımçı 90 dəqiqədən az olmayaraq çarx, proqramlar hazırlayıb 1 ayın yekununda Milli Televiziya və Radio Şurasına təqdim etməlidir. Bunun da müəyyən effektinin olacağını düşünürük".
"Müəyyən müddətdə ASAN Xidmətdə tütündən imtinaya dair səyyar kabinet də yaradılmışdı. Bu səyyar kabinetə müraciət edənlər az deyildi" – deyə Ş.Mirzəzadə qeyd edib.

Tədbirin sonunda "Tütündən imtina et" aplikasiyası və videoroliklər nümayiş olunub.
İqtisadçı Pərviz Heydərov «Şərq»ə açıqlamasında siqaretdən istifadəni məhdudlaşdırmağın ən optimal yolunun qiymətlərinin artırılması olduğunu dedi:

- Tütün məmulatlarının məhdudlaşdırılması üçün başqa vasitə görmürəm. Satışa qadağa qoya bilmərik. Bu, mümkün deyil. Maarifləndirici tədbirlər, video-roliklər də çox zaman gözlənilən effekti vermir. Kimlər iştirak edir bu tədbirlərdə, kim baxır o video-çarxlara?! Çox az bir qisim insan. Amma siqaretin dövlət müəssisələrində, ictimai yerlərdə, iaşə obyektlərində istifadəsinin qadağan edilməsi daha artıq effektlidir. Amma yenə də tam yox. Bəzən görürük ki, kafe və restoranlar müştərini qaçırmamaq üçün siqaretə icazə verir. 

Tütündən istifadəni məhdudlaşdırmaq üçün ən optimal vasitə, çıxış yolu bu məmulatlara tətbiq edilən aksiz vergilərinin dərəcələrini tədricən artırmaqdır, hansı ki, Azərbaycan dövləti məhz bunu edir. Doğru olan da budur. Görürük ki, aksiz dərəcələri hər il artır. Bu da nəticə etibarilə siqaretin qiymətinin artmasına səbəb olur. Siqaretin qiymətinin artırılması istifadəçilərin sayını həqiqətən də azaldır. Bunu satışı həyata keçirənlər hiss edir, görür. Sizə deyim ki, tütün istifadəçilərinin çox hissəsi əslində, maddi cəhətdən o qədər də imkanlı adamlar deyil, əksinə, ortabab, hətta sosial şəraiti aşağı olanlardır. 

Hətta deyərdim ki, çoxu işsiz-gücsüz adamlardır. Əllərinə düşən 2-3 manatı siqaretə xərcləyirlər. Ona görə də siqaretin qiymətinin tədricən, davamlı olaraq artırılması belə insanları onu almaqdan getdikcə çəkindirəcək.

 Yəni almaq yox, almamaq məcburiyyətində qalacaqlar.

P.Heydərov ölkədə satışa çıxarılan tütün məmulatlarının keyfiyyəti məsələsinə də toxundu:
- Azərbaycanda satılan tütün məmulatlarının qiyməti Avropa ölkələrində satılanlara nisbətən ucuzdur. Baxmayaraq ki, satışda dünyaca məşhur brendlər var. Nə qədər məşhur siqaret brendi olsa da, yenə də xarici ölkələrdəkinə nisbətən ucuz başa gəlir. Hələ bu məmulatların ölkəyə gətirilməsi xərclərini demirəm. Bütün bunlara baxmayaraq bizdə ən bahalı brend siqaretlər ucuzdur. Məşhur siqaret brendlərinin Azərbaycanda ucuz satılması onların keyfiyyətini şübhə altına almağa əsas verir. Məncə, dövlət orqanları bu məsələylə ciddi məşğul olmalıdır.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu