Bütün media orqanlarında müsahibə janrına üstünlük verilməlidir

Çünki bu, jurnalistin səviyyəsini, bacarığını və peşəkarlığını ortaya qoyan bir sahədir
"Müsahibələrin azalmasının günahı jurnalistlərdə yox, media qurumlarındadır. Keyfiyyət yox, kəmiyyət və İP davası bu sahənin də ölümünə fərman verir"



(...əvvəli ötən sayımızda)

Jurnalistikanın ən mühüm və bir o qədər də oxunaqlı janrlarından biri müsahibədir. İnformasiya janrları arasında özünəməxsus yeri və cəlbediciliyi ilə seçilən müsahibə özündə xəbər, hesabat, şərh, icmal, oçerk və s. növlərin xüsusiyyətlərini də birləşdirir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və sair növləri var. İstər xəbər daxilində, istər reportajlarda, istərsə də analitik janrlarda müntəzəm olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə barədə ətraflı məlumat əldə etməyə, informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.

Müsahibənin suallarını üç amil üzrə təhlil etmək olar: Əvvəlcədən hazırlanmış, alternativ suallar və gözlənilməz suallar. Müsahibənin mayası söhbəti başlayan, onun tərkibini təşkil edən və onu başa çatdıran əvvəlcədən hazırlanmış suallardır. İkinci amil əvvəlcədən hazırlanmış alternativ suallardır və bunların prinsipi belədir: əgər müsahib belə cavab verərsə, mən ona bu sualı verəcəyəm, əgər başqa cür cavab versə, onda bu-bu-bu şeyləri soruşacağam. Üçüncü – gözlənilməz, söhbətdən doğan suallar. Bu, müsahibənin demək olar ki, ən mürəkkəb anıdır. Əvvəlcədən hazırlanmış suala siz birdən gözləmədiyiniz cavabı alırsınız və bu sizdən ani reaksiya tələb edir. 

Müsahibə prosesində gözlənilməz şeylərə həmişə hazır olmaq lazımdır. Müsahibədə qəfil dönüş söhbətin ən maraqlı yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter alır, atmosferi yumşaldır, yaxud, əksinə, hissləri qızışdırır.

Müsahibə yalnız informasiya vermir, həm də yeni münasibətlərə, tanınmış insanların hamı üçün böyük maraq doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol açır. Həmin insanları tamamilə fərqli rakursdan ictimaiyyətə təqdim edir. Müsahibə bacarığı jurnalistikanın əsasını təşkil edən kriteriyalardan biridir. Müsahibə həm bir informasiya toplamaq metodudur, həm də tək başına jurnalistikada xüsusi yeri olan bir janrdır. Elə buna görə də jurnalist olmağa qərar vermiş insanlar müsahibə aparma və yazma qaydalarını da bilməlidir.

Onu da deyək ki, hazırda Qərbi Avropa və Amerikanın jurnalistika məktəblərində müsahibəyə iki tərəf arasında gizli yarışma kimi yanaşırlar. Sanki jurnalist bütün gizli üsullarını işə salıb müsahibindən özünə lazım olan informasiyanı almağa çalışır və alır da.

Müsahibədə jurnalistin əsas məqsədi bundan ibarət olmalıdır: ictimai yüklü hansısa məsələ barəsində faktlara və sitatlara söykənərək dəqiq, bitkin informasiyanı cəmiyyətə çatdırmaq. Dəqiqlik və qərəzsizlik ilə yanaşı, bu zaman jurnalist vicdanlılıq prinsiplərinə də əməl etməlidir. Bu gün bəzən elə müsahibələr oxuyursan ki, görürsən heç jurnalist mövzuya bələd deyil. Jurnalist kiminlə müsahibəyə gedəcəksə, dərindən hazırlaşmalıdır. Amerikalı mütəxəssislər belə hesab edir ki, reportyor müsahibi ilə görüşməmişdən əvvəl ona hansı informasiyanın lazım olduğunu özü üçün müəyyənləşdirməlidir və bu məlumatı əldə etmək üçün müvafiq suallar fikirləşməlidir.

Gərək jurnalist peşəkar olsun, öyrənmək istədiyi məsələyə bələd olsun ki, informasiyanı müsahibinin dili ilə daha da zənginləşdirsin.

Mütəxəssislərin iddiasına görə, hazırlıqlı jurnalist müsahibənin maraqlı olmasının əsas qarantıdır. Sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı olmaq çox önəmlidir. Müsahib haqqında daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən böyük üstünlüyüdür. Digər mühüm məqam isə dünyagörüşlü və erudisiyalı olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə istifadə edə və xoş həmsöhbət ola bilər. Çünki jurnalistin dünyagörüşü müsahibin ona olan hörmət və etibarını artıracaq. Bu isə müsahibədə mühüm önəm kəsb edir. Əsas məqamlardan biri də suallarla bağlıdır. Müsahibə janrında sualları əvvəlcədən hazırlamaq vacib məsələdir. Sözsüz ki, müsahiblə görüşdə əlavə suallar da ortaya çıxa bilər.

Jurnalist aşağıdakı sualların dəqiq cavabını tapmalıdır:

"Müsahibə aparacağım insan kimdir? Niyə o insan mənim müsahibimdir?” Müsahib barədə xasiyyəti, nələri sevdiyi, nələrdən nifrət etdiyi haqqında müəyyən məlumatlara sahib olmaq da müsahibə əsnasında jurnalistə kömək edəcək. Bundan sonra suallar tərtib edilə bilər.

Müsahibənin jurnalistikanın ən aktual janrlarından biri hesab olunmasına rəğmən son illər Azərbaycan mediasında bu janra müraciət edən jurnalistlərin sayının azaldığı iddia edilir. Digər iddia isə müxtəlif media orqanlarında dərc olunan müsahibələrin standart və şablon olması ilə bağlıdır.

Sputnik.az saytının əməkdaşı İradə Cəlil də son zamanlar KİV-də müsahibələrə az yer verildiyi qənaətindədir. Bunu müxtəlif səbəblərlə izah edən həmkarımız deyib ki, ilk səbəblərdən biri oxucuların müsahibələrə marağının azalması ilə bağlıdır: "Maraqlı müsahib tapırsan, gedib görüşür, gözəl bir müsahibə hazırlayırsan. Sayta qoyulandan sonra onun 500-dən çox oxucusu olmur. Oxucuların müsahibə yazılarını oxumağa marağı və həvəsi qalmayıb. Bu gün təəssüflər olsun ki, oxucular daha çox video görüntü formatında və kiçik xəbərləri, məlumatları oxumağa üstünlük verir. Burada seçilən mövzular və insanlar da çox önəmlidir.

Jurnalistlər müsahibə yazmaqdan çəkinmir, qaçmır. Sadəcə olaraq düşünür ki, vaxtını müsahibə yazmağa sərf etməkdənsə, əvəzində 2-3 xəbər və ya maraqlı bir araşırdırma yazar. Bəli, son zamanlar işıq üzü görən müsahiblər şablondur. Burada günahı müsahiblərdə görürəm. Bəzən maraqlı bir şəxslə müsahibə hazırlayırsan.

 İlk xahişi bu olur, "yazını bitirəndən sonra göndərin oxuyum, birdən nəsə uyğun olmayan ifadə istifadə etmiş olaram”. Hörmət edib, göndərirsən (göndərməyə də bilərsən, bu başqa problem) yazı sənə qayıdanda baxırsan ki, müsahibəni yenidən yazıblar. Bu da jurnalistləri bezdirir, yorur. Mənim nəyimə lazımdır ki, kiməsə zamanımı sərf edim, sonra yazı da oxucu yığmasın. Zaman dəyişir, qeyd etdiyim kimi, insanlar daha rahata can atırlar. Bu günün gənci üçün hansısa şəxsin videomüsahibəsinə baxmaq maraqlıdır, nəinki onu yazı şəklində oxumaq.

Mən özüm sonuncu dəfə nevroloq Qalib Əsədovla müsahibə hazırlamışdım. Mövzumuz ailələrdə seksual uyğunsuzluq idi. Bəli, oxucu yığdı, çünki bu gün cəmiyyətimizdə bu problem yaşanır. Oxucunun diqqətini çəkmək üçün onun maraqlarını nəzərə almaq lazımdır. Bugünkü oxucunun maraqları isə dəyişkəndir. Bu səbəbdən də müsahibə jurnalistkası zəifləyir”.

Jurnalist Səxavət Məmmədin sözlərinə görə, Azərbaycan mediasına ən çox iradların tutulduğu sahələrdən biri analiz və araşdırmaların demək olar ki, yazılmaması idi. Artıq müsahibələr də azalmağa başlayıb: "Əslində bunun azalması heç də yaxşı hal deyil. Artıq şablonlaşmış media izləyirik, böyük həcmli yazıların azalması müşahidə edilir. Bunun səbəbi məncə jurnalistlərdə yox, media rəhbərlərindədir. Hansı media rəhbərini dindirirsən, deyir ki, böyük həcmli yazılar oxunmur. Mənə çox maraqlıdır, oxucu yazını açmamış necə bilir ki, yazının həcmi böyükdür, ya kiçik? İşlədiyim media qurumlarında həmişə bunun mübahisəsini etmişəm. Həmişə də deyiblər ki, sənin yazıların həcmcə böyükdür, kiçiltmək lazımdır”.

S.Məmmədin fikrincə, müsahibə, analiz, araşdırma vaxt aparan bir şeydir. "Gedirsiniz müsahibəyə, müsahibinizi danışdırırsınız, sonra gəlib səsini çıxarırsınız, sonra da redaktə edilir. Bu isə saatlarla vaxt alır. Xüsusən elektron media rəhbərləri isə bu vaxtın getməsini istəmirlər. İP davası medianı məhv edib. Media rəhbəri jurnalistin gün ərzində bir müsahibə verməsindənsə, həmin gün bir neçə açıqlama almasına üstünlük verir. Bu da keyfiyəti öldürüb, kəmiyyəti çoxaldır.

Bir neçə il əvvəl redaksiyada "müsahibəyə gedəcəm" deyəndə sevinərdilər, hətta "filan sualı da verərsən" deyirdilər. İndi isə müsahibəyə gedəcəm deyəndə, "əşşi", "sən canı, qısa elə" kimi sözlər deyirlər.

Yadıma gəlir, müsahibələr üçün əvvəllər müxtəlif formatlar düşünərdik, layihələr edərdik. Əslində bu çox uzaq keçmiş zamana aid deyil. Ancaq indi, müsahibə deyəndə baş redaktorlar və redaktorlar ağız-burnunu əyir.

Açığı, çalışıram hər həftə ya bir müsahibə, ya da bir araşdırma verim. Düzü, bu cür yazıları redaksiyada yox, daha çox işdən sonra yazıram. Çünki işdə böyük həcmli yazı yerinə, xırda xəbərlər daha arzuolunandır.

Oxuculara gəldikdə isə hələ yazının həcmindən şikayət edənlə rastlaşmamışam. Bu yaxın zamanda "erməni əsirliyindən qaçış"la bağlı yazı hazırlamışdım. Yazının həcmi çox böyük olduğu üçün iki dəfəyə verməli oldum, yazını oxuyanlar hamısı tənqid etdi ki, serial kimi niyə uzatmısan, bir dəfəyə verərdin gərək. 

Fikrimcə, müsahibə qarşı tərəfin tam açılması, oxucuya kimliyinin aydın olması deməkdir. Müsahibə həm də jurnalistin səviyyəsini, gücünü və peşəkarlığını ortaya qoyan bir sahədir. Ona görə də bu sahənin ölməməsinə çalışmalıyıq və ya bir yolla media rəhbərlərinə çatdırmalıyıq.
Müsahibələrin azalmasının günahı jurnalistlərdə yox, media qurumlarındadır. Keyfiyyət yox, kəmiyyət və İP davası bu sahənin də ölümünə fərman verir”.

Şəymən

Davamı olacaq

Paylaş

Bizi Facebookda izləyin
menu
menu