Tədbir görülüb - Neftçilərin həyatına təhlükə yoxdur

Mirvari Qəhrəmanlı: "Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 1700-dən çox neftçinin təxliyəsini müsbət qiymətləndirirəm"



Yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı SOCAR təhlükəsizlik tədbirləri çərçivəsində dənizdə işləyən 1700-dən çox neftçi sahilə gətirilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılır, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır.

Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraiti ilə bağlı xəbərdarlığına görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozlaşdırılır.

Nazirlik vurğulayıb ki, şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcə aşağı enəcək.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da "Şərq”ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən kəskin hava şəraiti ilə bağlı lazımi xəbərdarlığın edildiyindən məlumatlı olduğunu deyib.

Bununla belə hüquq müdafiəçisi narahatlıq doğuracaq bir sıra amillərin hələ də aktual olduğunu deyib. Təşkilat rəhbərinin sözlərinə görə, dənizdəki platformalardan heç də hamını çıxarmaq mümkün deyil: 

"Bütün dünyada belədir ki, gözlənilən hava şəraiti ilə bağlı qazma, tikinti aparan əlavə işçilər platformalardan çıxarılır. Hasilata birbaşa nəzarət edən heyət isə qalır, lakin onların təhlükəsizliyinin təmin olunması üçün müvafiq addımlar atılır. Azərbaycanın özünə məxsus platformalarda əməliyyatların hamısı avtomatlaşdırılmadığı üçün hasilata nəzarət edən operatorların çıxıb qurğulara baxması lazım gəlir”.

M.Qəhrəmanlı onu da qeyd edib ki, insanların təxliyəsi ilə yanaşı, kəskin hava şəraitinin yarada biləcəyi qəza təhlükəsi də narahatlıq doğurur: 

"Bildiyiniz kimi, belə havalarda platformalarda qəzalar tez-tez baş verir. Məni hazırda narahat edən əsas məsələ budur. Çünki bilmirəm, platformalarda təhlükəsizlik necə təmin olunub, onların təmiri nə qədər uğurla həyata keçirilib. Bu baxımdan, arzu edirəm ki, gözlənilən sərt hava şəraiti qəzalara və insan tələfatına səbəb olmasın”.

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 1700-dən çox neftçinin təxliyə edildiyini müsbət dəyərləndirən M.Qəhrəmanlı deyib ki, onun yeganə narahatlığı dəniz qurğularının qasırğaya hazır olub-olmaması ilə bağlıdır.

Şəymən


Paylaş

Bizi Facebookda izləyin
menu
menu