Onda gərək hər aparatın yanına bir nəzarətçi qoyulsun

Uşağın cinsiyyətini əvvəlcədən müəyyənləşdirməyi qadağan etmək faktiki mümkün olmayacaq
Lakin dölün məhv edilməsində təkcə valideynlər günahkar deyil, burada ən böyük günah bu işi həyata keçirən həkimlərin üzərinə düşür


Cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, uşağın cinsinin təyininə görə müayinənin aparılması və cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması rəsmən qadağan olunur.

"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi "Milli Məclisin Səhiyyə komitəsinin 2019-cu il üzrə işlər planı”na daxil edilib. Qanun layihəsi artıq tam hazırdır. Sənəd komitə iclasında müzakirə edildikdən sonra Milli Məclisin 2019-cu il yaz sessiyasının plenar iclaslarının birində müzakirəyə çıxarılacaq.

"Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinə görə, cins ilə bağlı irsi xəstəliyin keçirilməsi ehtimalının olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir. Qanun layihəsində eyni zamanda, cinsi mənsubiyyətə görə hamiləliyin süni pozulması (selektiv abort) qadağan olunur.

Bu, yeni hazırlanan "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinin 18-ci (Hamiləliyin süni pozulması) maddəsinə əsasən, hamiləliyin süni pozulması "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir. Cinslə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallarda hamiləliyin süni pozulması ixtisaslı həkim-mütəxəssislərdən ibarət konsiliumun qərarı ilə həyata keçiriləcək.

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlının fikrincə, selektiv abortlara qanunla qadağa qoyulsa da, onu etmək istəyənlər mütləq şəkildə bir yol tapıb bətnindəki döldən qurtulacaq. Onun sözlərinə görə, qanunun cüzi təsiri ola bilər:

"Uşağın cinsiyyətini əvvəlcədən müəyyənləşdirməyi rəsmi qadağan edəcəklər, digər tərəfdən qadın bir həkim tapıb soruşacaq. Onda gərək hər USM aparatının yanında bir nəfər nəzarətçi olsun, daim nəzarət etsin ki, kim bura nəyə gəlib. Bu, faktiki baxımdan mümkün deyil. Hansı üsulla bunun qarşısını almağa çalışsalar da, yenə kənardan sızmalar olacaq”.

Tibb ekspertinin sözlərinə görə, uşağın cinsə görə məhv edilməsi hər bir ailənin mənəvi, etik, əxlaqi, dini dəyərlərindən asılıdır. Yüksək intellektə, mənəvi-əxlaqi, dini dəyərlərə malik ailələr buna getməz: "İnsan dərk etməlidir ki, övlad Allahın töhfəsidir. Onu məhv etməklə, insan Yaradana qarşı çıxır. Burada dölün inkişaf qüsurları, problemli hamiləlik, uşağın, Allah eləməmiş, dünyaya şikəst gəlmə ehtimalı, əlbəttə, istisnadır. Bu da ayrıca bir mövzudur. Söhbət "oğlum var deyə, qız, qızım var deyə oğlan istəyirəm" yanaşmasından gedir.

Ümumiyyətlə, psixikası normal insanlar buna getməz. Dölün məhv edilməsində təkcə valideynlər günahkar deyil, burada ən böyük günah bu işi həyata keçirən həkimlərin üzərinə düşür. Sadəcə, bu kimi məsələlərdə maarifləndirməni önə çəkmək lazımdır. Qadınlar hamiləliklə bağlı maarifləndirilməlidir. Arzuolunmaz hamiləliyin qarşısının alınması onlara başa salınmalıdır. Bəli, demoqrafik problem mövcuddur. Amma bunun qarşısını ancaq qadağalarla almaq çıxış yolu deyil. Bu məsələdə qanunun müəyyən qədər təsiri olacaq.

 Yenə də əsas ağırlıq maarifləndirmə işlərinin üzərinə düşməlidir. Əks halda həqiqətən də 10-15 ildən sonra demoqrafik partlayışla üz-üzə qalacağıq. 

Bunun qarşısı indidən alınmasa, 10-15 ildən sonra boşluq yaranacaq. Demoqrafik krizis yaşayacağıq. 5 il öncə anadan olan oğlan uşaqları 15 il sonra evlənmək istəyəndə başqa millətlərin nümayəndələri ilə ailə qurmaq məcburiyyətində qalacaqlar. 

O zaman da etnik problemlər ortaya çıxacaq. Bizi qarşıda gözləyə biləcək krizin qarşısını indidən almaq üçün orta məktəblərdən başlayaraq ali təhsil müəssisələrində də maarifləndirmə işləri aparılmalıdır. Ailələrlə söhbətlər aparılmalı, ağsaqqalları işə cəlb etmək lazımdır”.

Ş.Namazovanın sözlərinə görə, bu problemin həlli təkcə bir komitənin, bir qurumun öhdəsinə verilməməlidir, ictimaiyyət olaraq biz hamımız bu işdə iştirak etməliyik. USM aparatları vasitəsilə dölün cinsinin müəyyənləşdirilməsini qadağan etməkdənsə, bunu daha məqsədəuyğun hesab edirəm”.

Şəymən

Paylaş

Bizi Facebookda izləyin
menu
menu