"İstərdim ki, dövlət planı hazırlansın"

Samir Cəfərov: "Səsi, sənəti olan müğənnilər dövlət tərəfindən himayəyə götürülsün, onlara elə bir maaş, ya vəsait ayrılsın ki, onlar toylardan qazanmağa möhtac qalmasınlar"
"Həştərxanda çox böyük bir tədbir idi. Mən sənətçilərimizin səhnəyə çıxışından utandım"


Sənət aləmi nə qədər rəngarəng görünsə də, bəzən rəngarənglik aşırı olanda insanı yorur. Bu gün Azərbaycan səhnəsinin görünüşü, rəngi, çalarları tamaşaçı zövqünü korlamağa başlayıb. Çünki küçə musiqiləri, bayağı mahnılar efirlərə ayaq açıb. Azərbaycan musiqisinin bugünkü durumu, səhnəmizin son dönəmlər estetik görünüşü peşəkarları narahat etməyə başlayıb. Azərbaycan səhnəsini limansız gəmiyə bənzədən Xalq artisti, Azərbaycan Opera və Balet Teatrının solisti, pedaqoq Samir Cəfərov «Şərq»ə müsahibəsində maraqlı fikirlər dilə gətirdi.

- Ən çox qastrol səfərlərində olan sənətçisiz. Yaradıcılığınızda yeniliklərə necə vaxt tapırsız?

- Qastrol səfərlərimiz çox olur. Bu yaxınlarda bir neçə ölkədə qastrol səfərlərim oldu. Bu il yəqin ki, səfərlərimiz yenə də olmalıdır. Fevral ayında Opera və Balet Teatrında yeni tamaşam olacaq. Ona hazırlaşırıq. İtalyan tamaşasıdır, hazırlıqlar gedir.

- Yeni mahnılarınız necə, repertuara daxil olacaqmı?

- 3 yeni mahnı almışam. Sevgiyə aid lirik parçalardı, paralel olaraq bir vətənpərvərlik mövzusunda mahnını lentə aldırmağa hazırlaşıram. Gənc müəlliflərdi, mənə bəstələrini göndərdilər, xoşuma gəldi, bəyəndim, ifa etdim.

- Azərbaycan səhnəsinə küçə musiqisi, məhəllə mahnıları ayaq açmağa başlayıb. Hətta tanınmışların belə repertuarlarında bu musiqiləri eşitmək mümkün olub.

- Münasibətim təbii ki, çox mənfidir. Bilirsiz, bu gün Azərbaycan şou-biznesi, səhnəsinin nə limanı görünür, nə sahili. Sanki bir gəmidə oturmuşuq, kapitansız, sükansız gedirik. Ötən əsrdə yaranan musiqilər Azərbaycan musiqi tarixinin qızıl dövrü sayılır. O dövrdə Azərbaycan musiqisinin ana xətti yarandı. Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Cahangir Cahangirov kimi bəstəkarlar musiqimizin ana xəttini yaradan insanlardı. Onlarla dünyaya çıxmaq simamız olur. Yəni xarici ölkələrə gedəndə o mahnılarla özümüzü, mədəniyyətimizi göstəririk. Lakin estrada səhnəsi bu gün bərbad vəziyyətdədir. Estrada ifaçılarını nəzərdə tuturam, onların heç biri ilə xaricdə böyük səhnələrə çıxara bilmərik. Çünki o səviyyədə deyillər. Bu, təhlükəli olar. Əsasən də bu gün estrada müğənnilərimiz xaricə gedəndə fonoqram oxuyurlar, adlarını çəkməyim, amma qastrol səfərlərində gülünc vəziyyətdə görünürlər. Çox böyük bir tədbir idi. Mən sənətçilərimizin səhnəyə çıxışından utandım.

- Söhbət Həştərxanda baş tutan festivaldan gedir?

- Bəli. Ad çəkməyəcəm. Bilənlərə bəllidir ki, ora hansı müğənnilər getmişdi. Orda mikrofonsuz oxumaq lazım idi. Çünki simfonik orkestrin müşayiəti ilə müğənnilər ifalarını təqdim edirdilər. Başqa ölkələrdən gələnlər canlı ifalar təqdim edirdilər. «Bravo» deyə alqışlanırdılar. Bizimkilər fonoqram oxudular, bu, gülünc görünürdü. Elə bir tədbirdə fonoqramla səhnəyə çıxmaq çox mədəniyyətsiz görünürdü. Biz özümüzü aldatmağı sevirik. Sonra da gəlib bəh-bəhlə deyirlər ki, filan festivalda çıxış etdik, səhnədə yer aldıq. Musiqimiz çox məişət səviyyəsinə düşüb. Əvvəllər belə idi, kim yaxşı musiqi yazırdısa, başqası ondan da yaxşı yazmağa can atırdı, rəqabət hiss olunurdu. Bu gün isə əksinə, biri pis yazır, sabahı ondan da pis yazan ortaya çıxır, ona daha çox müraciət olunur. Biz uşaqlarımızın musiqi zövqünü zəhərləyirik.

- Son 10 ildə yazılan mahnılar az qala utanc hissi yaradır…

- Son 10 ildə yazılan musiqilərin 99 faizi ayaq musiqiləridir, baş musiqi yoxdu axı.

- Ayaq musiqisinin səviyyəsinə enmişik. Bu bizi uçuruma aparmır ki?

- Əlbəttə aparır. Hətta biz o uçurumun başındayıq. Ani bir təkan Azərbaycan musiqisinin ənənələrini dağıda bilər.

- Bu sahədə olanlar, hətta istedadı olanlar belə ayaq musiqisi ifa etməyə məcbur qaldıqlarını dilə gətirirlər. Deyirlər belə musiqilər qazanc gətirir.

- Mən kimsəni qınamaq istəmirəm. Çünki müğənninin başqa dolanacaq, gəlir yeri yoxdu. Ona görə də bir çoxları buna məcbur qalırlar ki, həmin o ayaq musiqisini baş musiqisindən üstün tutsun.

- Siz eyni zamanda pedaqoqsuz, tələbələriniz var. Gənc nəsillə söhbətiniz zamanı onların düşüncələri maraqlıdı…

- Tələbələrim arasında çox istedadlı uşaqlar var. Amma bir reallıq da danılmazdır ki, tələbələr, gənclər də bilirlər ki, dolanmaq hardadır, hansı musiqilər çörək qazanmağa imkan verir. Sadəcə çox istərdim ki, bir dövlət planı hazırlansın. Səsi, sənəti olan müğənnilər dövlət tərəfindən himayəyə götürülsün, onlara elə bir maaş, ya vəsait ayrılsın ki, onlar toylardan qazanmağa möhtac qalmasınlar, pul xətrinə sənətlərini ucuz göstərməsinlər. Bu olmasa, musiqimiz kökündən, ənənəsindən uzaq düşəcək. Aidiyyəti olan qurumlar var ki, heç olmasa, hərəsi 5-10 müğənnini himayələrinə götürüb onların bütün maddi ehtiyaclarını ödəsinlər, sənət inkişaf etsin. Bir də musiqi sahəsinə gələn istedadlıların təhsil almasına şərait yaratmaq vacibdir. İnanın, bunun nəticəsi olar. İstər klassik muğamlarımız, istər estrada, istər rok sahəsində vəziyyət nəzarətə götürülməlidir. Mən çox istərdim ümid edim ki, bizim çox istedadlı sənətkarlarımızın bütün maddi ehtiyacları tam təmin edilsə, onlar toylara gedib sənətlərini ucuz satmazlar.

- Bu gün Opera Teatrında tamaşaçı qıtlığı yaşamırsız? Teatra gələn varmı?

- Opera Teatrına gələnlər var. Hətta son vaxtlar teatra gələnlərin sayı artıb. Klassik musiqi anlayışı ki var, əslində bu bizə gəlmədir. Bu bizim musiqimiz deyil. Tamaşaçı bu sahədə çox ola bilməz, çox da deyil. Amma bu musiqiyə maraq göstərənlər var. Sadəcə, bu sahənin də təbliğata, reklama ehtiyacı var. Azərbaycan musiqisinin durğunluq dövrüdür. Biz musiqimizin durğunluq dönəmini yaşayırıq hazırda.

- Burda efirlərimizin nə qədər payı var?

- 100 faiz günahı var. Ayaq musiqilərini efirə gətirib onların təbliği missiyasını kanallar «şərəf» kimi üzərinə götürüb. Elə populyar veriliş var ki, məni dəvət edirlər, getmirəm. Ad çəkməyəcəm, tamaşaçı o verilişləri də, o verilişin aparıcılarını da tanıyır. Orda özfəaliyyətlə peşəkarları eyni səviyyəyə qoyurlar. Camaat da bilmir ki, özfəaliyyət kimdi, professional hansıdır. Axı hər ikisi eyni səhnədə, eyni verilişdə təqdim edilir. Fərq qalmadı axı. Eyni səviyyədə görünmək isə peşəkarın nüfuzuna, sənətinə xələl gətirir. Çox çıxılmaz bir vəziyyətdəyik. Mən hərdən tərəddüd içində qalıram ki, bu sənəti davam etdirməliyəm, ya yox. Başqa sənət tapım? Axı sənət daha bəşəri, daha fərqli bir anlayışdı. Sənət insanların ruhuna saflıq, təmizlik gətirməlidir. Sənət insanın zövqünü formalaşdırmağa təsir edə bilən gücə sahibdi. Cəmiyyətin estetik zövqünü sənətlə doldurmaq, formalaşdırmaq olur. Üzeyir Hacıbəylinin «Koroğlu» uverturası xalqı birliyə səslədi, həmrəyliyə cağıra biləcək ideoloji sənət nümunəsi sayılır. Bu gün belə musiqilər yoxdu. Musiqi ideoloji yükə malik olmalıdır. Musiqinin bir əzəməti olmalıdır. Bu bizdə qalmayıb. Məişət səviyyəsinə düşmüşük. Küçə söhbətləri mahnılarımızın mətninə köçüb. Televiziya ailənin bir üzvünə çevrilib. Kimsə efirdə şou adı altında, pul qazanmaq xətrinə ağzına gələni danışa bilməz. Tamaşaçı pul qazanmaq üçün səhnəyə çıxan müğənninin maraqlarının qurbanına çevrilməməlidir. Bu, cinayətdir. Ona görə də efirlərimizə üzümü tutub deyirəm ki, yetər, artıq dayanmaq, efirdə səliq-səhman yaratmaq zərurəti yaranıb. Mən ailəmlə, oğlumla efirə baxa bilmirəm. İnanın, utanıram. Hərdən sənətdə olduğumdan utanıram, müğənni olduğum üçün xəcalət çəkirəm.

Tahirə Məmmədqızı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu