Metropoliten: Metro təsərrüfatı güclü qar və şaxtaya tam hazırdır




"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-a qədər açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görüb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Sherg.az"a bildirib ki, "Bakı Metropoliteni" QSC güclü qar və şaxtalı hava şəraitinə də tam hazırdır.

B.Məmmədovun sözlərinə görə, ümumiyyətlə, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir:

"Ən böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur.
Hər il iyun-iyul aylarından "Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun olaraq işə başlayırlar. Əmrdə bütün xidmətlər tərəfindən yerinə yetirilməli işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilir, hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilməklə tapşırıqların icra müddəti qeyd olunur.
Hazırlıq tədbirlərinin əsas hissəsi daha çox yol təsərrüfatına aid olur. Qışın şiddətli, çovğunlu-qarlı günlərində qatarların hərəkəti üçün mane açıq səma altında olan park yollarında yarana bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara, qarın çökməsinə imkan vermək olmaz. Əks halda bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək mümkünsüz olar".

B.Məmmədov bildirib ki, hər il olduğu kimi, yol işçiləri qışa hazırlıq üzrə planda nəzərdə tutulmuş işləri payızın ilk ayında başa vurublar: "Bununla əlaqədar qarla mübarizə işinin operativ planının hazırlanması, yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlərlə komplektləşdirilməsi, bu sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.
Qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin etmək məqsədi ilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla, avadanlıqlarla və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb.

Park yollarının ərazisi yoxlanılıb, yollar, yolayırıcı qurğular və üfürücü qurğuların yerləşdiyi yerlər təmizlənib. Yol sahələrində çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılıb, işə yararsız alətlər təmir olunub.

Yol xidmətinin qəza-bərpa məntəqəsinin də vəziyyəti yoxlanılıb, qış şəraitinə tam uyğun olması təsdiq edilib. Qarın yığılması üçün tələb olunan alətlər saz vəziyyətdədir. Depo və park yollarında izolə qovşaqlarının vəziyyəti daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir. Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə yetirilir".

Qurum sözçüsü bildirib ki, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, stansiyalarda da hazırlıq tədbirləri görülüb:

"Güclü qar yağıntısı zamanı stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz var. Stansiya heyətinin əlverişsiz hava şəraitində, xüsusən qar yağıntısı zamanı fəaliyyəti barədə işçilərə təlimatlar verilib. Onlar belə hava şəraitində stansiya pilləkənlərini nəzarət altında saxlamalı, sərnişinlərin hərəkəti ücün təhlükə yarada biləcək maneələri aradan qaldırmalı, şiddətli qar yağıntısı zamanı qarla mübarizə qərərgahından həmin stansiyaya təhkim olunmuş işçiləri dəvət etməlidirlər".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu