"Bu bəyanat İranın rəsmi mövqeyi kimi dəyərləndirilməlidir" - Deputat





Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslı xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına gətirib çıxarıb.

Ölkəmizin gerçəkləşdirdiyi qlobal iqtisadi layihələr, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına olduqca böyük təsir göstərir. Həmçinin bu illər ərzində Azərbaycan qonşu dövlətlərlə də əlaqələrini genişləndirməyə başlayıb. Belə ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmayıb. 

Qoşuları olan İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirib. Azərbaycan və Rusiya Prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.

Bundan başqa Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri ikili əlaqələri daha da möhkəmləndirib. Təsadüfi deyil ki, yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri də açıqlamasında "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” deyə açıqlama verib: "Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. Bu bəyanat İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

M.Baqerinin bəyanatını şərh edən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Sherg.az"a bildirib ki, İranın yüksək vəzifəli məmurunun Azərbaycana səfəri, ölkəmizdə keçirdiyi görüşlər və apardığı danışıqlar son dərəcə əhəmiyyətlidir:

" Eyni zamanda bu münasibət Azərbaycanla İran arasındakı son dövrlər formalaşan yüksək əməkdaşlığın bir ifadəsi kimi özünü göstərməkdədir. İran ordusunun baş qərargah rəisi vəzifəsi kifayət qədər ciddi postdur. Belə yüksək vəzifə daşıyan şəxsin dilindən "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” bəyanatını eşitmək əlbəttə yaxşı haldır. Bu, M.Baqerinin deyil, İran dövlətinin rəsmi mövqeyi kimi dəyərləndirilməlidir".

Parlamentari qeyd edib ki, Prezident İlham Əliyevin apardığı son dərəcə ağıllı və düşünülmüş xarici siyasət nəticəsində İranla Azərbaycan arasında əsən soyuq küləklərə son qoyuldu və bu gün Tehranla Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir:

"Hətta ciddi xarakter daçıyan "Şimal -Cənub" nəqliyyat dəhlizinin birgə işlənilib hazırlanmasında və istifadəyə verilməsində bu iki dövlətin, eyni zamanda Rusiyanın iradəsi ortadadır. Düşünürəm ki, bu, hər 3 dövlətin milli maraqlarına uyğun layihədir. Yaxın zamanlarda bu layihənin başa çatması və açılışının şahidi olacağıq".

F.Ağamalının sözlərinə görə, M.Baqerinin məlum bəyanatı onu göstərir ki, artıq İrannın rəsmi dairələri belə bir qənaətə gəlib ki, Ermənistan tərəfdaş olaraq çox etibarsız bir ölkədir:

"Uzun illər Ermənistan cənub qonşumuzun hesabına "nəfəslik" əldə edərək ağır iqtisadi vəziyyətdən çıxmağa nail olub. Ancaq indi hakimiyyət dəyişdi, indiki baş nazir Nikol Paşinyan üzünü Qərbə, Amerikaya tərəf çevirib. Amerika İranı məhv etrməyi qarşısına məqsəd qoyan ölkədir. Son açıqamalarda Vaşinqton Tehranı müharibə ilə hədələyir. Belə olan halda işğalçı Ermənistan vaxtilə ona çörək verən İrana arxa çevirir, onun göstərdiyi yardımları unudur və hətta xəyanət edir. Biz açıqlamalarımızda İran rəsmilərinə dəfələrlə bildirmişik ki, separatçı Ermənistanın deyil, qardaş Azərbaycanın yanında olmaq lazımdır. Qeyd etmişik ki, Ermənistan heç zaman səni müdafiə etməyəcək, özü üçün əlverişli məqam yaranan kimi, səni tərk edəcək və s. İndi İran bunun şahidi olur. Bu mənada hesab edirəm ki, Tehran da Erməniatanla münasibətlərində ciddi götür-qoy edəcək. Baş qərargah rəisinin açıqlaması bunu düşünməyə əsas verir".

Bu gün İran səfirliyində qonaq olduqlarını söyləyən millət vəkili vurğulayıb ki, səfirlik onları nahara dəvət edib:

"Baş qərargah rəisi də orada idi. Azərbaycan türkcəsində salamlaşıb, hal-əhval tutduq. Təmiz Azərbaycan ləhcəsində danışdı. M.Baqerin Azərbaycan dilini gözəl bilir. Həm də bu cür bəyanatlar verir və bu fikirlər Azərbaycan- İran arasındakı dostluq münasibətlərinin ruhu ilə səsləşir. Ümidvaram ki, münasibətlər bundan sonra da davam edəcək. Azərbaycan qonşu ölkə kimi İrana qarşı olan təhdidlərdə və anti-İran layihələrdə yer almayıb.Əksinə dəfələrlə bəyan edib ki, Azərbaycandan İrana qarşı 3-cü bir qüvvənin fəaliyyətinə imkan verilməyəcək. Bu son dərəcə uzaqgörən siyasətdir. Bunun da əsasını Ulu öndər Heydər Əliyev qoyub və ölkə başçıs İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki, İran-Azərbaycan əlaqələrinin inkişafına dair yönəlmiş siyasət artıq öz bəhrəsini verməkdədir".

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu