Qərəzli yanaşmanı bu dəfə Avropa Parlamenti göstərdi - Mehman Hüseynov ətrafındakı oyunlarda erməni barmağı var




Yenə qərəzli yanaşma, yenə öz maraqlarını diktə etmək üçün antimilli qüvvələrdən istifadə. Azərbaycanın müstəqil siyasət yeritməsi, öz milli maraqlarının keşiyində dayanması, ölkəmizdəki sabitlik, stabil vəziyyət, xarici siyasətdə balanslı mövqe ortaya qoymaq bəzi dairələri hər zamankı kimi narahat edir. Azərbaycanın müstəqil yolunu həzm edə bilməyən qərbdəki bəzi dairələr, ermənipərəst məkrli qüvvələr yenə ölkəmizlə bağlı qərəzli yanaşma ortaya qoymaqdadırlar.
Növbəti qərəzli yanaşmanı Avropa Parlamenti göstərdi. Belə ki, dünən AP-da anti-Azərbaycan mövqeli qətnamə layihəsi qəbul olundu. Qəbul olunan "Mehman Hüseynovla bağlı təcili qətnamə”nin həmmüəlliflərindən biri Rebekka Harmsdır.

Bu ad təbii ki, çox şey deyir – qətnamənin hansı məramdan qəbul olunduğu gerçəyini görməyimizə əsas verir. Bəllidir ki, Harms keçmiş postsovet məkanında müstəqil siyasət yürütməyə calışan ölkələrə qarşı düşmən mövqeyi sərgiləyən "kataklizmlər müəllifi” kimi tanınan Corc Sorosun təsiri altında olan şəxsdir. Sözügedən xanım Sorosun buyruq qulu olduğunu özü də açıq şəkildə etiraf edir. Elə Rebbekanın Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkillərinin olması da bunun əyani sübutudur. İndi cənab Sorosun əmir qulu olan xanım Harms həqiqətəuyğun olmayan, qərəzli bir qətnaməni AP-da qəbul etdirdi. Bu sənəd heç də həbsdə olan bloger Mehman Hüseynova canyananlıqdan ortaya çıxmayıb. Soros kimi, Harms kimi şəxslər Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli senari qurmuşdular. Amma bu istəkləri alınmadı. İndi uğursuzluqlarını kompensasiya etmək üçün bu cür qərəzli sənəd qəbul etdirirlər.

Sənədin necə qurama, hansı məqsədə xidmət etdiyini aydınlaşdırmaq üçün bir neçə məqama toxunmaq yerinə düşər.

Məsələn, "Mehman Hüseynovla bağlı təcili qətnamə”nin müzakirələri zamanı ilk çıxış edən AP üzvü, eyni zamanda Avronest Parlament Assambleyasının həmsədri, Almaniya bundeqstanında Yaşıllar qrupundan olan Rebekka Harms deyib ki, guya, məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışıb. Lakin AP-də keçirilən təcili dinləmələr ilə bağlı qurum tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir. Rəsmi qurumlarımız belə bir müraciətin olmadığını qətiyyətlə söyləyirlər. Ortaya belə nəticə çıxır ki, qətnamənin müzakirəsi zamanı R.Harms yalan danışıb. Digər çıxış edənlər də bu yalana uyaraq, insan haqları məsələsini gündəmə gətiriblər. Təbii ki, Azərbaycanda insan haqlarına hörmət edilir, söz azadlığı, insanların sərbəst toplaşmaq azadlığı təmin olunur. Müxalif qüvvələrin mitinq müraciətinə müsbət cavab verilirsə, azad şəkildə insanlar fikirlərini bildirə bilirlərsə, internet azadlığı təmin olunursa, vətəndaşlar məhkəmələrdə haqlı olduğu halda, lehinə qərarı görürsə, o zaman "Azərbaycanda insan haqları pozulur” iddiasını səsləndirmək gülünc və absurddur. 

Düşündürücü məqamlardan biri də odur ki, AP-dəki müzakirələr zamanı çıxış edən, "Azərbaycanda insan hüquqlarının pozulduğu”ndan dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmadı. Halbuki, təmsil olunduqları qurum da, təmsil etdikləri ölkələr də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni separatçıları tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi şəkildə öz ata-baba yurdundan didərgin salındığı, işğal faktının hələ də davam etdiyini bilirlər. Həmin bu şəxslər bəlkə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələrdən xəbərsizdirlər? Xəbərsiz deyillər, hər şeydən xəbərləri var – sadəcə bu məsələləri, Dağlıq Qarabağdan didərgin salınmış insanların hüquqlarını gözardı edirlər. Bu da nəticədə AP üzvlərinin ikiüzlülüyünün göstəricisidir, qərəzli yanaşmalarının bariz sübutudur.

İkili standartlarla yanaşmanın daha bir nümunəsini göstərək: Demək qətnamənin müzakirəsi zamanı Avropa İttifaqının ən yüksək səviyyəli rəsmisi, Aİ Ticarət Komissarı Sesilia Malstrom çıxış edərək, öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb. Malstrom qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər: "Bizim nümayəndələr Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur”. Bu, təbii ki, bəzi şəxsləri məyus edib. Bəzilərini təlaşlandırıb. Belə ki, hər zaman Azərbaycana qarşı antimilli mövqe sərgiləmiş, erməni lobbisinin təsiri altında olan, M.Hüseynovun qardaşı, Emin Hüseynov qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlayıb. Məktubunda Komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmançılıq keçirdiyi hiss edilən qardaş Hüseynov özü bunu "şok oldum” kimi yazır. Görəsən, Emin nəyə görə şok olub? O, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirdib, yoxsa Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?! 

Təbii ki, Eminin bəzi şəxslərlə razılaşmasına qardaşı Mehmanın Anadolu türkləri demiş, "daş qoyması” pəjmürdə edib. Çünki Aİ Komissarı həqiqəti dilə gətirərək M.Hüseynovun açlıq aksiyası keçirmədiyini söylədi, yalançı iddiaların əksinə olaraq M.Hüseynovun səhhətinin normal olduğunu dilə gətirdi. Halbuki, Emin qardaşının bir aya yaxındır ki, aclıq keçirdiyini, səhhətinin "dözülməz ağır” olduğunu deməklə hər kəsi aldatmağa çalışırdı. Maraqlıdır ki, M.Hüseynov Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşür, səhhətinin normal olduğunu deyir, şəkili ortada... Bir tərəfdən Aİ Komissarı nümayəndələrinin M.Hüseynova baş çəkdiyini, aclıq keçirmədiyini, səhhətinin qaydasında olduğunu bildirir... Digər tərəfdən M.Hüseynov özü media nümayəndələrinə aclıq keçirmədiyi, səhhətinin normal olduğu, adının alver predmeti edilməsinə razı olmadığı haqqında məktub göndərir... Amma qardaşı Emin bu reallıqları gözardı edərək, israrla qardaşının "öləcəyini” bildirərək, şou yaradır. Strasburqda AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha onu göstərir ki, bu insanı qardaşı M.Hüseynovun taleyi maraqlandırmır. O, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir. Bu səbəbdən də yuxarıda sadaladıqlarımızı, M.Hüseynovun "aclıq keçirmirəm, səhhətim qaydasındadır, ayaqdayam, mənim adımdan istifadə etməyin” çağırışını qardaşı qulaqardına vurur. Məsələ qardaş deyil – şou yaratmaq, öz çirkin məqsədinə çatmaq, qardaşını sataraq havadarlarına, erməni lobbisinin göstərişlərini yerinə yetirməkdir. Bu şəxsin erməni lobbisinin təsiri altında olduğunun bir nümunəsi - AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Bu çox şeyi bəlli edir. 

Görünür, qətnamənin qəbulunu ermənilər gözləyirdilər. Şübhəsiz ki, bu məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu heç kimə sirr deyil.
Bütün hallarda isə AP-nin məlum qətnaməsinin heç bir qüvvəsi yoxdur. Müxtəlif vaxtlarda bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkirli planlarını reallaşdırmağa çalışırlar.

Amma bunların heç bir əhəmiyyəti olmayıb. Heç zaman belə məkirli planlar gerçəkləşməyib, gerçəkləşməsi ehtimalı da sıfırın altındadır. Çünki xalq Azərbaycanı idarə edən iqtidarı dəstəkləyir, Azərbaycan iqtidarının tutduğu müstəqil siyasət yolu ilə həmrəydir, ölkənin lideri, Prezident İlham Əliyevin siyasətini təqdir edir. Bu halda hansısa məkirli planların baş tutması real deyil.

Anar 


Paylaş

Bizi Facebookda izləyin
menu
menu