Ehtiram İlhamın 50 yaşına





"Dünyanın sonu yaxınlaşır” iddiasında sosial şəbəkələrin, adına yeni media dediyimiz xəbərçilərin ovqatımızı tərx elədiyi vaxtda nə yaxşı ki könlümüzü açan xəbərlər də olur. Məsələn, dostluğumuzun tarixi 30 ilə söykənən Ehtiram İlham yarım əsri yola salır. Mətbuatda, sosial şəbəkələrdə təbriklər öncədən başlayıb, xoş təəssürat yaradır. Mən də təbrik ünvanlayanların sırasına qatılmaq istədim.
Bir qarışqanı da tapdalamayan, iddiası özünə, istedadına yaraşan əziz dostumu şair kimi mənə tanıdan ədəbiyyatımızın Hüseyn Arifi olub. 

O Hüseyn Arif ki, mürəkkəb, qarışıq, min cür oyuna səhnə olan dünyanın baş açılmayan işlərini bir cümləsi, sözü ilə ifadə edib və nöqtə qoyub. Şairi, şair olmaq istəyənlərdən ayırıb. 1990-cı illərdə "7 gün” qəzetində müxbir kimi işlədiyim vaxt sovet maqnitafonlarının yarısı boyda diktafonu qoltuğuma vurub "Poluxin 7”dəki Aşıqlar Birliyinə, Hüseyn Ariflə müsahibə almağa tələsdiyim vaxt demə 30 illik dostumun varlığından agah olmağa da tələsirmişəm. Arası şüşəbəndlə kəsilən Hüseyn Arifin səliqəsiz otağında stolun üstündə köhnələrdən qalma 96 səhifəlik riyaziyyat dəftərinin üz qabığında əli toqqasında, papağı bir az "dembil fason” arxaya çəkmiş, sanki iddiasını əsgər libasında nümayiş etdirməyə çalışan bir gənc boylanırdı. 

Qağam, dəftərin diqqətimi çəkdiyini görüb, "Bu əsgər Tovuzdandır, oxudum yaxşı yazır” – deyib mənim də şeir yazıb yazmamağımla maraqlandı. "Hərdən yazıram” deyib əsas diqqətimi sabah dərc olunacaq müsahibəyə yönəldib maraqlı detallar axtarıram. Hüseyn Arifin "yaxşı yazır” dediyi bu tovuzlu hardansa mənə tanış gəlir. Aha, tapdım. Deyəsən o gün Azərbaycan Xalq Cəbhəsində Elçibəyin mətbuat konfrasında gedib- gələnləri yoxlayan, ictimai nəzarəti sağlayan tovuzlu Ehtiramdı bu. Bəli, odur ki var. Məhz o gündən Ehtiramı daha yaxşı tanıdım. Şairliyinə bələd oldum. Dostlaşdıq. Qardaş olduq.

Mənim tanıdğım Ehtiram bu otuz ildə sufi sayağı ömür sürdü, nəfsinin onu məğlub etməsinə imkan vermədi. Çoxu yox, azı seçdi. Uğuruna çıxdığı yolun düzlüyünə inanıb, dedi-qodusuz, heç kəsə minnət qoymadan çətinliyi özünə yük edib AZADLIĞA doğru irəlilədi. Bu gün də bu amalla yaşayır. Dostluğumuzdan nə qədər vaxt ötüb, bu illər ərzində aramızdan su da keçmədi. Umumuz -küsümüz olmadı. Həyatın burluğanı hərəmizi bir tərəfə çəkdi. Məndən çəkicə ağır olan Ehtiram yerini -yuvasını dəyişmədi, Akif Səməd bənzəri yerişi ilə illəri yola saldı.

Ehtiramın şairliyi barədə ədəbiyyatşünaslar, şair dostları daha yaxşı danışa, poeziyada yerinin harada olduğunu obyektiv -subyektiv fikirlərlə daha yaxşı izah edə bilərlər. Mənim üçünsə Ehtiram əsl şairdir. Düşüncəmə görə, yaxşı şair ənənələrə bağlı, heca vəznində yaradan, o ölçülərdə heç kəsin görmədiyini görüb, duymadığını duyan, yeni poetik fikir söyləyən qələm adamlarıdır. Yeni ədəbi cərəyanlara qucaq açmağı ədəbi məharətin bir növü saysam da, Molla Pənah Vaqifdən başlanğıc götürən, Səməd Vurğunun zirvəyə apardığı ənənəvi şeiriyyətin davamçılarını daha çox dəyərləndirirəm. Nə xoş ki, Ehtiram İlham da ədəbiyyatda bu yolu yeni biçimdə, öz avazına, ruhuna uyğun davam etdirir, çoxunun ağlına gələn, amma misraya çevirə bilmədiyini şeirə çevirir. 30 illik dostumun yarım əsrlik həyatına ərmağan etdiyim bu kiçicik qeydləri havanın işıqlandığı vaxt qələmə alıb ümumiləşdirməyə çalışıram . Görünən dağa nə bələdçi, uzun- uzadı yazmağa da elə bir hacət yox. Ehtiramın əməli, şeiri, şeiriyyəti sübhə doğru, Bütöv Azərbaycana və Turana doğrudur.

Amma bir arzum var, Tanrı istedadı həlim xasiyyətində gizlənən Ehtiram İlhamı xəyallarında qurub – quraşdırdığı dünyaya qovuşdursun.

P.S. Bu kiçik yazının bəzəyi üçün Ehtiramla şəklimizi axtarıram. Tapammıram. Necə olur, 30 illik yol gəlmişik, ağrılı- acılı, nəşəli günlər yaşamışıq, məclislərdə tədbirlərdə birgə olmuşuq, amma bircə dənə də şəklimiz yoxdur. Az qala Səməd Vurğunla Osman Sarıvəllinin dostluğuna bənzəyir. Bu azman sənətkarların uşaqlığı bir yerdə keçib, seminariyada da bir yerdə oxuyublar, ədəbiyyata da bir gəliblər, "düşmən”lərə qarşı da bir yerdə döyüşüblər, amma bir yerdə şəkilləri olmayıb. Ehtiramla mənim də şəkilim yoxdur. Təcili "bu problemə” bir əncam çəkmək lazımdır, elə deyilmi, dərdiş.

Akif Aşırlı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu