Rusiya düşünməli və bəyanatlarına diqqət etməlidir

Ultimativ tərzdə danışmaq rəsmi Bakı-Moskva münasibətlərinin ruhuna ziddir



Müxtəlif vaxtlarda Rusiya tərəfindən Azərbaycan əleyhinə bəyanatlar səsləndirilir. Həm də bu cür bəyanatlar ultimativ xarakter daşıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində əsas həmsədrlərdən olan, münaqişənin tənzimlənməsinə vasitəçilik iddiasını ortaya qoyduğunu deyən Moskvadan bu cür bəyanatların səsləndirilməsi, təbii ki, rəsmi Bakını, eləcə də Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz.
Bu günlərdə Rusiya XİN tərəfindən Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana buraxılmaması haqqında bəyanat verilib, bundan narahatlıq ifadə olunub. Azərbaycan XİN də bu bəyanata cavab verərək, səbəbləri aydın şəkildə izah edib. Amma dünən yenidən Sergey Lavrovun idarəsi tərəfindən həmin bəyanat təkrarlanıb.

Yenə də Azərbaycan XİN Rusiya XİN-in mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair məlumatına cavab verib. Bildirilib ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir: "Ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Nazirlik bəyan edir ki, Azərbaycan XİN-in mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya XİN-in mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 (səkkiz yüz səksən min) nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.

Amma Rusiya XİN-in bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başadüşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək".
Yəni təkrara Azərbaycan XİN də təkrarən adekvat cavab verdi.

Maraqlıdır, Rusiya XİN-in bu inadkarlığının səbəbi nədir?
Məlumdur ki, Moskva-Bakı arasında son bir neçə ildə yaxşı münasibətlər formalaşıb. Ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq, iqtisadi sahədə bağlanan müqavilələr bunu deməyə əsas verir. Azərbaycan və Rusiya liderləri, Prezident İlham Əliyevlə Vladimir Putin ötən il ərzində bir neçə dəfə görüş keçiriblər, dövlətlərin inkişafı istiqamətində mühüm müzakirələr aparıblar, siyasi və iqtisadi əməkdaşlığa dair onlarla sənəd imzalanıb. Eyni zamanda liderlərin şəxsi dostluq münasibətləri də ölkələrin əməkdaşlığında, bərabərhüquqlu dost münasibətlərində önəmli faktorlardan biri sayılır. Belə bir vəziyyətdə, Rusiya XİN tərəfindən uyğunsuz açıqlamanın verilməsi düşündürücüdür. Görünür, Rusiya-Azərbaycan dostluğunu, əməkdaşlığını sinirə bilməyən, bu dostluğa kölgə salmağa çalışan qüvvələr yenidən hərəkətə keçiblər. Rəsmi Moskvadan verilən açıqlamalar Rusiyadakı erməni lobbisinin Rusiya-Azərbaycan əlaqələrindən narahatlığının nəticəsi sayılmalıdır. Aydındır ki, Rusiya daxilində və siyasi elitasında bəzi şəxslərə, elə Rusiya rəsmilərinin bəzilərinə erməni lobbisinin təsiri var. Və belə inadkarlıq görünür, bu məsələlərdən qaynaqlanır. Rusiya XİN-dəki ermənipərəst şəxslər iki ölkənin dostluq əlaqələrindən artıq narahatlıqlarını gizlədə bilmir və bu tipli təxribat xarakterli əməllərə əl atırlar.

Rusiyanın "Express qazeta” qəzetində çıxan anti-Azərbaycan xarakterli material, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması mövzusunun qabardılması da bu narahatlığın nümunələrindən biridir. İki ölkənin bərabərhüquqlu strateji tərəfdaşlığını, dövlətlərin liderlərinin şəxsi dostluq münasibətlərini qısqanan erməni lobbisi, Rusiya elitasındakı ermənipərəst qüvvələrə təsir edərək, anti-Azərbaycan mövqeyi nümayiş etdirməyə səy göstərirlər. 

Çalışırlar ki, bu tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərsinlər. Bütün bunlar isə "sorosçu”ların Ermənistanda hakimiyyətə gəlməsi ilə əlaqədar Rusiya-Ermənistan münasibətlərinin pozulması fonunda baş verir. Ermənistanda hakimiyyət başına keçən Nikol Paşinyan hələ seçkiqabağı təbliğatında qərbyönümlü siyasət aparacağını bildirirdi. Rusiyaya arxa çevirən Paşinyanı qərb dairələrinin, "sorosçu”ların hakimiyyətə gətirdiyi sirr deyil. Bunu Rusiya rəhbərliyi, ən əsası da prezident Vladimir Putin bilir. İndi Rusiyadakı erməni lobbisi də bundan narahatdır ki, Kreml birdəfəlik rəsmi Yerevana üz çevirəcək. Artıq bunun işartıları da hiss olunmaqdadır. 

Sadə bir nümunə gətirək – "Qazprom” Ermənistana verdiyi qazın qiymətini dəfələrlə qaldıracağını bildirib. Adi bu detal Ermənistanın sürünməsi deməkdir. Erməni lobbisi anlayır ki, Putinin Ermənistana sərt üzünü göstərməsi, bu işğalçı dövlətin sonu anlamına gəlir. Bu səbəbdən də Rusiya XİN-dəki bəzi ermənipərəstlər vasitəsi ilə təxribat törətməyə, Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmağa səy göstərirlər. Təəssüf ki, bəzi hallarda Rusiya XİN-in daxilindəki ermənipərəst şəxslər Azərbaycana qarşı açıqlamaların verilməsinə müvəffəq olurlar. Amma Rusiya XİN rəhbərliyi anlamalıdır ki, bununla ümumi Rusiyanın milli maraqlarına zidd addım atırlar. Çünki Azərbaycanla yüksək səviyyəli əməkdaşlıq, strateji əlaqələr, dostluq münasibətləri, təkcə Azərbaycan üçün yox, Rusiya üçün də lazımdır. Moskvanın Bakı ilə əlaqələrinin yüksək olması Rusiyanın milli maraqlarına uyğundur, Ermənistanla münasibətlər yox. Ona görə də Rusiya XİN-in bu mövqeyi Rusiya ilə Azərbaycan arasında formalaşmış yüksək səviyyəli əlaqələrin, iki dövlət başçısının bu əlaqələri daha da inkişaf etdirmək istiqamətində iradəsinin və atdığı addımların ruhuna uyğun deyil. 

Rusiya XİN götür-qoy etməli, düşünməlidir və bəyanatlarına diqqət etməlidir. Bir də cənab Sergey Lavrovun idarəsi bəyanat verərkən, unutmamalıdır ki, Ermənistanın separatçı qüvvələri 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal edib və bu işğalçılıq siyasəti rəsmi Yerevan tərəfindən hələ də davam etməkdədir. Bununla yanaşı, erməni separatçıları Dağlıq Qarabağda və ətraf rayonlarda etnik təmizləmə aparıb, bir milyondan çox azərbaycanlını yurd-yuvalarından didərgin salaraq qaçqın həyatı yaşamağa məcbur edib.

Anar Bayramoğlu

Paylaş

Bizi Facebookda izləyin
menu
menu