"... İyun ayında Paşinyan sazişə imza atmaq məcburiyyətində qalacaq" - MÜSAHİBƏ

Eldar Namazov: "Qarabağ danışıqlarının ümumi mənzərəsi erməni mətbuatında açıq-aydın özünü büruzə verir"
Sazişə görə işğal olunmuş ərazilərin bir qismi ilk mərhələdə Azərbaycana qaytarılacaq


"Trampın Paşinyana göndərdiyi 4 cümləlik "təbrik məktubunda” iki dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mesajlar verilib"



Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə dəfə görüş baş tutub. Düşənbədə və Sankt-Peterburqda reallaşan görüşlər ayaqüstü xarakter daşıyıb və qeyri-rəsmi müstəvidə baş tutub. Bu görüşlər daha çox tanışlıq və təmas xəttində atəşkəs rejiminə əməl edilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüş də qeyri-rəsmi statusda olub və 1 saat yarımdan çox davam edib. Paşinyan feysbuk səhifəsində görüşün ümumi xarakter daşıdığını, rəsmi danışıqların başlanğıcı sayılmadığını bəyan edib. Lakin baş nazir istənilən şəraitdə təmaslara razılıq verdiyini ifadə edərək görüşdə tənzimləmə prosesinin şərtləri və imkanları barəsində müzakirə apardıqlarını deyib. 

Ümumiyyətlə, son günlərdə tərəflər arasında etimad mühitinin artırılması və xalqların sülhə hazırlanması barədə geniş müzakirələr aparılır. Xarici işlər nazirlərinin intensiv görüşməsi və təmasların fərqli ampluada davam etdirilməsi də tərəflər arasında etimad mühitinin möhkəmləndirilməsi prosesindən xəbər verir. Ekspertlərə görə, ikitərəfli görüşlər gələcəkdə Dağlıq Qarabağ probleminin müzakirə edilməsində yeni bir siyasi müstəviyə və alternativə çevrilə bilər. Ancaq məsələ ondadır ki, Davos görüşündən sonra erməni KİV-lərində Paşinyana qarşı təzyiq xarakterli yazılar dərc olunur. Erməni ictimaiyyəti Paşinyanı münaqişə ilə bağlı hansısa nüansları gizlətməkdə, "təslimçi sülhə” razılaşmaqda günahlandırırlar. 

Münaqişənin həlli ətrafında baş verənlərlə bağlı "Şərq”in suallarını cavablandıran Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov danışıqların yeni müstəviyə keçə biləcəyini istisna etməyib. Tanınmış politoloq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqların ümumi mənzərəsini təsvir edib.

- Eldar müəllim, Prezident İlham Əliyevin artıq üçüncü dəfə Paşinyanla qeyri-rəsmi görüşünü və münaqişə ətrafında yaranmış yeni situasiyanı necə dəyərləndirirsiniz?

- Ümumi mənzərə erməni mətbuatında açıq-aydın özünü büruzə verir. Hər gün Ermənistan KİV-ləri yazır ki, ABŞ və Rusiya rəhbərliyi yeni hökumətə təzyiq edirlər. Paşinyanı başa salırlar ki, işğal olunmuş əraziləri qaytarmaq və Azərbaycanla sülh danışıqlarına başlamaq lazımdır. Hətta ermənipərəst rus politoloqları da hesab edirlər ki, ən uzağı, iyun ayında Paşinyan yeni sazişə imza atmaq məcburiyyətində qalacaq. 

Sazişə görə işğal olunmuş ərazilərin bir qismi ilk mərhələdə Azərbaycana qaytarılacaq. Son dövrlər, xüsusən aprel döyüşləri zamanı Azərbaycan ordusu öz üstünlüyünü nümayiş etdirdi. Sübut etdik ki, torpaqlarımızı azad etmək üçün hərbi və siyasi gücə, iradəyə sahibik. Bununla yanaşı, artıq Qərb dünyası ilə Moskva da Paşinyana təzyiq göstərməyə başlayıb. Məsələnin önəmli tərəfi budur. Rusiyanın Ermənistanın yeni hakimiyyətinə mənfi münasibəti ortadadır. Paşinyanın qərbpərəst olması və anti-Rusiya bəyanatları səsləndirməsi Kremlin təzyiq mexanizminə əl atmasına gətirib çıxarıb. Hər halda Rusiya Azərbaycanın hərbi qüdrətini və Ermənistanda yaranmış anti-Rusiya ovqatını dəyərləndirir. Ona görə də yeni hökumətə Qarabağ məsələsində ciddi dəstək verməyi düşünmür. Ümumi mənzərə bundan ibarətdir və reallıq odur ki, gündən-günə Paşinyana təzyiqlər çoxalır.

- ABŞ Prezidenti Donald Trampın Paşinyana göndərdiyi məktubu yeni hökumətə təzyiq kimi dəyərləndirmək olarmı?

- Trampın Paşinyana göndərdiyi 4 cümləlik "təbrik məktubunda” iki dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mesajlar verilib. Erməni mediası məktubu təbrik yox, təzyiq vasitəsi kimi qiymətləndirir. Tramp tələb edir ki, Ermənistan qonşuları ilə sülh şəraitində yaşasın. Həmçinin bildirir ki, Dağlıq Qarabağ probleminin həlli Vaşinqtona İrəvana daha yaxından köməklik göstərməyə və əməkdaşlığı gücləndirməyə imkan verəcək. Rusiya prezidentinin köməkçisi Peskov mətbuata açıqlamasında bildirib ki, Paşinyan Moskvaya gəlib və Putinlə görüşmək istəyib. Ancaq həmin gün Putinin qrafiki çox gərgin olduğu üçün Paşinyanla görüşü alınmayıb. MDB ölkələrinin tarixində belə hadisə heç vaxt olmayıb. Təsəvvür edin, bir ölkə rəhbəri Rusiyaya səfər edir, lakin Putin həmin rəhbərlə görüşməyə vaxtının olmadığını söyləyir. Moskvadan bu cür münasibət görən Paşinyan diplomatik gediş niyyəti ilə təcili olaraq ABŞ rəhbərliyi ilə telefon danışığı aparmaq arzusuna düşür. Öz aləmində düşünür ki, Trampla əlaqə qurması Putinə mesaj və təsir vasitəsi olar. Lakin erməni baş nazir nə Trampla danışmaq imkanı əldə edə bilir, nə də Pompeo ilə görüşü alınır. Ayıb olmasın deyə prezidentin köməkçisi Con Bolton Paşinyanla danışır. Bu çox biabırçı haldır. Adətən ölkə rəhbərləri bir-biri ilə telefon əlaqəsi saxlayırlar. 

Nadir hallarda ya dövlət katibi, ya da vitse-prezidentlə danışırlar. Lakin bir rəhbərin prezident köməkçisi ilə əlaqə saxlaması və bunun ölkə mediasında geniş müzakirə olunması gülünc məsələdir. Əslində bu, ermənilərin uzun illər apardıqları siyasətin məntiqi nəticəsidir. Ermənilər Azərbaycan torpaqlarını işğal etməklə qalmayıb, üstəlik, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış ediblər. Elə zənn edirlər ki, Moskva və ya ABŞ-dakı erməni lobbisi hər zaman onların yanında olacaq, onları müdafiə edəcək. Hətta ermənilər Rusiyanın Azərbaycana düşmən olacağını zənn edirlər. Gec-tez bu xəstə eqo əsasında qurulmuş siyasət iflic olmalı idi. Bu da bizim gözümüzün qarşısında baş verir. Düşmən ölkə mətbuatı hər gün Ermənistanın ABŞ-dan və Rusiyadan şapalaq yediyini yazır. Erməni mediası, elə ictimaiyyət özü də hesab edir ki, Paşinyan bu cür təzyiqlərə uzun müddət tab gətirə bilməyəcək. Yəni gec-tez Azərbaycan ərazilərinin işğaldan azad olunması prosesinə başlamağa məcbur olacaq.

- Xarici işlər nazirlərinin görüşündə münaqişə tərəflərinin, konkret olaraq əhalilərin sülhə hazırlanması məsələsi gündəmə gətirildi. Bu məsələyə münasibətiniz necədir?

- Bu mövzunu ilk dəfə gündəmə daşıyan ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills olub. Sabiq səfir Paşinyan hakimiyyətə gələndən sonra bəyanatla çıxış etdi ki, Amerika tərəfi niyə bugünədək erməni cəmiyyətində Dağlıq Qarabağ ətrafı rayonların Azərbaycana qaytarılması ilə bağlı heç bir müzakirə aparılmadığını anlamır. Axı bunsuz hansısa sülhdən danışmaq mümkün deyil. Çünki bütün variantlarda ətraf ərazilərin qeyd-şərtsiz işğaldan azad edilməsi maddəsi öz əksini tapıb və əsas şərt kimi qoyulub. Bundan sonra müzakirələr başladı ki, həqiqətən də erməni cəmiyyətini razı salmadan sülh danışıqlarına başlamaq mənasızdır. Hazırda Rusiya başda olmaqla digər bir sıra beynəlxalq təşkilatlar da bildirirlər ki, əhalini, xüsusən erməniləri sülhə hazırlamaq lazımdır. Hamının bəyanatı və çağırışı da ilk növbədə ermənilərə tuşlanıb. Ona görə ki, Azərbaycan kompramis üçün lazım olan bütün addımları atıb. Hətta mərhələli plana da razılıq vermişik, sülh prosesinə hazır olduğumuzu dəfələrlə nümayiş etdirmişik. Lakin məsələ hər dəfə erməni tərəfindən dalana dirənib. Sülhə bir az yaxınlaşan kimi Ermənistanda ya dövlət çevrilişi olub, ya siyasi təxribatlar baş verib. Sabiq prezident Levon Ter-Petrosyan mərhələli həll planına razılıq verən kimi dövlət çevrilişi oldu və onu devirdilər. Mart hadisələrində parlamentin gülləbaran edilməsində də məqsəd anlaşmaları pozmaq idi. 

2016-cı ildə aprel döyüşləri zamanı Azərbaycan ordusu üstünlük nümayiş etdirəndən sonra Serj Sarkisyana ciddi təzyiq edildi. Onu danladılar ki, niyə vaxtında sülh danışıqlarına razı olmursan ki, sonra bu cür biabırçılıqla üzləşirsən. Daha sonra erməni mediası yazdı ki, Sarksiyan bir neçə rayonun qaytarılmasına razılıq verib. Dərhal İrəvanın mərkəzində etiraz aksiyaları başladı və hər gün genişləndi. Yəni Ermənistanda yalnız bu cür hallarla, qətllərlə, silahlı hücumlarla, üsyanlarla prosesləri pozublar. İndi də buna hazırlıq gedir, istisna etmirəm ki, yaxın zamanlarda Ermənistanda hansısa qanun pozuntusu halı baş versin.

- Müəyyən razılaşmalar öncəsi Ermənistanda məlum hadisələri körükləyən kimlərdir, hansı qüvvələrdir?

- Bu məsələdə həm daxili, həm də xarici güclər rol oynayır. Ermənistanda faşist ideologiyasına xidmət edən qruplaşmalar var. Düşmən ölkə hələ də bu cür ideoloji xətləri qoruyur, müdafiə edir. 1930-cu illərin ortalarında Avropada Erməni Faşist Partiyasının yaradılmasını elan edən Njde var. Əsrin əvvəllərində Zəngəzur bölgəsində minlərlə azərbaycanlını qətlə yetirən bir qaniçən erməni Almaniyada Hitlerin hakimiyyətə gəlişindən sonra Erməni Faşist Partiyasını yaratdı. 

Hitlerin "Mənim mübarizəm” kitabını əsas götürərək fəaliyyətə başladı. 1941-ci ildə Almaniya SSRİ ilə müharibəyə başladıqdan sonra xüsusi hərbi kəşfiyyatın zabiti təyin olundu və erməni terrorçuları hazırlamağa başladı. Müharibədən sonra SSRİ-nin hərbi tribunalı tərəfindən o vaxt ölüm hökmü ləğv edildiyinə görə, ona 25 il azadlıqdan məhrum etmə cəzası verildi. Elə türmədə də gəbərdi. İndi İrəvanın mərkəzində faşist nümayəndəsinə abidə ucaldılıb. 

Hətta Sarkisyan bəyan etmişdi ki, Njdenin ideologiyası onların dövlət ideologiyasıdır. Ermənilərin beynində terror, qonşuları öldürmək, etnik təmizləmə aparmaq siyasəti həkk olunub. Ona görə də təcavüzə, terrora, işğala bu cür meyillidirlər. Xarici qüvvələr də ermənilərin bu xislətindən öz məqsədləri üçün yararlanırlar. 

Sadəcə, son dönəmlər vəziyyət nisbətən dəyişib. Artıq bir sıra maraqlar üst-üsə düşür. Moskva əvvəlki kimi Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq niyyətində deyil. Eyni zamanda ABŞ da erməni diasporasını birmənalı dəstəkləmək fikrindən uzaqdır. Nəticə etibarı ilə Paşinyana Qarabağ münaqişəsində dəstək verən güc qalmayıb.

İsmayıl Qocayev

Paylaş

Bizi Facebookda izləyin
menu
menu