2-3 ilə xalqı sülhə hazırlamaq olar

Yetər ki, Qarabağ münaqişəsi ədalətli həllini tapsın



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri əvəzi Zöqrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüş ətrafında müzakirələr davam edir. Tərəflər əhalini sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə edib razılığa gəliblər. Ancaq sözügedən razılaşma ölkədə birmənalı qarşılanmayıb.
Bəzi politoloqlara görə, XİN başçılarının görüşündə "xalqı sülhə hazırlamaq” kimi bir xəbərin gəlməsi əslində elə də ciddi razılaşmadan xəbər vermir.

Xalqlar sülhə nə qədər hazırdır? Sülhə hazırlaşma prosesi nə qədər çəkə bilər? Bu proses, ümumiyyətlə, hansı addımlardan ibarətdir?

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, konfliktoloq Əvəz Həsənovun "Şərq”ə açıqlamasına görə, bu günə də qədər xalqlardan sülhə hazır olub-olmadıqlarını heç kim soruşmadığı üçün yekun qənaətə gəlmək çətindir. Onun sözlərinə görə, nə Ermənistan, nə də Azərbaycan vətəndaşları arasında belə bir sorğu keçirilib:

"Sözsüz ki, bizim xalqımız sülh istəyir, o şərtlə ki münaqişə ədalətli, ərazi bütövlüyümüz çərçivəsində öz həllini tapsın. Ermənilər isə özlərinə sərf edən şərtlərlə sülhə hazır olduqlarını bəyan edirlər. Dağlıq Qarabağda genişmiqyaslı əməliyyatların başlamasını heç kim istəmir. İnsanlar artıq şəhid verməkdən yorulub. Azərbaycan və Ermənistan rəhbərliyi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesində vasitəçi olan tərəflər də problemin sülh yolu ilə həllində maraqlıdır”.

Ə. Həsənovun sözlərinə görə, rəsmi və siyasi dairələrdə münaqişənin həllinə istək olacağı təqdirdə xalqları sülhə hazırlamaq çox asandır: 

"Vətəndaşlar Referendum və ya təşkil olunan kütləvi mitinqlər vasitəsilə sülhə hazır olduğunu bildirəcək. Bunun baş verib – verməyəcəyi isə hakimiyyətin, ictimai və siyasi qüvvələrin, KİV-lərin iradəsindən asılıdır. Eyni ilə də xalqı müharibəyə səsləyib, hərb yolu ilə torpaqlarımızın geri alınması prosesini gerçəkləşdirmək olar”.

Konfliktoloq deyib ki, xalqların sülhə hazırlanması prosesinin çəkəcəyi müddət də dövlət rəhbərliyinin yeritdiyi siyasətdən, aparılan təbliğatdan asılıdır. Əgər indidən prosesə başlanılsa, 2-3 il müddətində Azərbaycan və Ermənistan cəmiyyətinin biri-birinə olan münasibətini dəyişmək olar.

Əhalini sülhə hazırlamaq üçün atılacaq addımların sadə olduğunu vurğulayan ekspert hesab edir ki, ilk növbədə tərəflərin biri-birinə olan nifrəti və ittihamları aradan qaldırılmalıdır. Həm Azərbaycan, həm də Ermənistan vətəndaşları arasında biri-birinə qarşı münasibət həddindən artıq kəskindir. Bu nifrəti aradan qaldırmadan xalqların sülhə hazırlanmasından danışmaq əbəsdir.

Şəymən

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu