Rəsmi Tiflis Bakıya cavab verməlidir

Erməni terrorçusuna büst qoyulması sıradan hadisə deyil
Bu Azərbaycanın Gürcüstanla münasibətlərə yenidən baxmasına zəmin yaradır


Yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması rəsmi Bakının sərt etirazına səbəb olub. Bununla əlaqədar, Azərbaycan XİN-in təlimatı əsasında Gürcüstandakı səfirimiz tərəfindən qonşu ölkə XİN-də dərhal görüş keçirilib və ölkəmizin etirazı qarşı tərəfin diqqətinə çatdırılıb. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağrılaraq məsələ ilə bağlı tədbirlərin görülməsi tələb edilib.

Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr, tranzit neft və qaz daşımaları, dəmiryol daşımaları Gürcüstanın dövlət büdcəsinin 42 faizini təmin edir. Onlar isə qarşılığında dövlətçiliyinin bugünədək var olması üçün hər cür dəstək verən Azərbaycanın reaksiyasını heçə sayaraq, əli azərbaycanlıların qanına batmış "Kobra" ləqəbli erməni döyüşçüyə büst qoyub. Qonşu ölkənin bu addımı haqlı olaraq dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət üzvləri, politoloqlarda ciddi etiraz və təəssüf doğurub.

Bir neçə ziyalının fikrincə, Gürcüstan azərbaycanlıları ermənilərə cavab olaraq bizim qəhrəmanlarımızdan birinə abidə qoymalıdırlar.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Şərq”ə açıqlamasına görə, Gürcüstanın bu hərəkəti kəskin şəkildə pislənməlidir: 

"Əvvəla onu deyim ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə bizim milli qəhrəmanlardan birinə heykəl qoyulması təklifi ilə məsələnin balanslaşdırılmasının əleyhinəyəm. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qəhrəmanlardan birinə bu günə qədər heykəl, büst qoyulmamasının özü böyük nöqsandır. İndiki halda terrorçu ilə bizim hansısa qəhrəmanımızın eyniləşdirilməsinin qəti əleyhinəyəm”.

Son hadisənin iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirəcəyini vurğulayan A.Nağı deyib ki, hökumət səviyyəsində Gürcüstana qarşı təzyiq edilməlidir. Hətta yeri gəlsə, bu məsələyə görə onlarla münasibətlərə yenidən baxmaq lazımdır: «Gürcüstan rəsmilərindən biri açıqlama verib ki, hadisə fonunda ajiotaj yaratmağa ehtiyac yoxdur, məsələni bağlamaq lazımdır. Azərbaycanlıların xasiyyətini bilirlər axı, bir az hay-küy saldıqdan sonra unudurlar gedir. Amma bu məsələnin üzərində ciddi şəkildə dayanmaq lazımdır. Gürcüstan təcili şəkildə həmin abidəni götürməlidir. Bu hal Gürcüstanda yaşayan azərbaycanlılara qarşı çox böyük təhqirdir, onlar öz etirazlarını bildirməli, etiraz aksiyaları keçirməlidirlər.

Həmin heykəl götürülməsə, Azərbaycan Gürcüstana qarşı əlindəki rıçaqlardan istifadə etməli, iqtisadi əlaqələrinə yenidən baxmalıdır”.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə deyib ki, erməni gədəsinin abidəsi ilə bağlı bəzi mənbələrdən siyasi şüarlar dövriyyəyə buraxılmaqdadır. Bunu ifrat zərərli və əsassız hesab edən Z.Məmmədli: "Tövsiyə edirəm ki, heç bir təxribata yol vermədən Gürcüstandakı rəsmi ictimai-siyasi qurumlar, ziyalılar, əksər bölgələrin təmsilçilərinin iştirakı ilə ya Marneulidə, ya da Tbilisidə uyğun bir məkanda ümumi toplantı çağrılsın, səlahiyyətlilərin iştirakı ilə problem müzakirə olunsun və ən optimal qərarlar qəbul olunaraq ədalətin bərpası istiqamətində koordinasiya olunmuş fəaliyyət planı hazırlansın. Bizlər də təmsilçi olaraq həmin toplantıya qatılmaqdan məmnun olardıq”.

Z.Məmmədlinin sözlərinə görə, soyqırımı törədənlərə "ehtiram” nümunəsi göstərmək, terrorist birinin Axalkalakidə abidəsinin qoyulması və abidənin açılışının isə məhz 20 yanvar gününə təyin edilməsinin mədəni, diplomatik adı yoxdur:

 "Bu, tərbiyəsizlikdir, Xocalı şəhidlərinin ruhuna təhqirdir, Azərbaycana sataşmaq deməkdir. Gürcüstan və Ermənistan qonşu dövlətlərdir və onların da öz maraqları var. Görünür ki, bu iki dövlət öz maraqlarını daha ciddi formada uzlaşdıra bilirlər. Azərbaycana zərbəni Ermənistan, erməni düşüncəsi məhz Gürcüstan vasitəsilə vurur. Bu isə təbii ki, bölgədə stabilliyi pozmaq üçündür.

Kimlərsə deyirlərsə ki, biz də orada qəhrəmanlarımızın abidəsini qoyaq, məncə bu, doğru deyil. Biz bəyəm orada abidə yarışına girib, içərimizi soyudacağıq? Ona görə də abidə ya oradan götürülməlidir, ya da Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyinə yenidən baxılmalıdır. Çünki bu, ciddi şəkildə siyasi gərginliyə yol açan bir məsələdir. Gürcüstan da buna bir aydınlıq gətirməlidir”.

"Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli isə Gürcüstanda baş verən bu hadisənin onu heç təəccübləndirmədiyini deyib: 

"Gürcülər öz ampluasındadır. Gürcüstanın Azərbaycana bu cür zərbələri ilk və sonuncu deyil. Gürcüstanla Ermənistanı din birliyi birləşdirir. Azərbaycan ərazi bütövlüyünə qovuşandan sonra Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanımasını fikirləşə bilər. Mən bunu heç də ancaq bu hadisəyə görə demirəm. Gürcüstan Azərbaycana dost ölkə deyil və olmayacaq da. Ona görə əvvəllər də demişəm, Azərbaycan ərazi bütövlüyünə qovuşandan sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında indidən düşünməlidir. Son hadisə də bir daha yuxarıda qeyd etdiklərimin doğruluğunu göstərdi”.

Politoloqun sözlərinə görə, hər yerdə olduğu kimi, Gürcüstanda da erməni lobbisi güclüdür. Baxmayaraq ki, Gürcüstanda yarım milyon türk yaşayır, bu ölkədə ermənilər daha kompakt təşkilatlanmış şəkildədirlər: "Ermənilər gürcü cəmiyyətinə daha inteqrə olublar. Ona görə Cavaxetiya Borçalıdan daha çox muxtariyyətə malikdir. 

Borçalı ümumiyyətlə heç bir muxtariyyətə malik deyil. Ən azı Borçalının mədəni muxtariyyatına nail olmalıyıq. Gürcüstanda türklərin daha da güclənməsinə rəsmi Bakı da dəstək verməlidir. Güman edirəm, Gürcüstanda baş verən son hadisədən sonra Azərbaycan nəticə çıxarıb lazımlı addımlar atacaq. Əslən Gürcüstandan olan türk biznesmen Söyün Sadıqov gürcü iqtidarına 2 ay verib, erməninin heykəli götürülməsə, Borçalının mədəni muxtariyyatına nail olmağa başlayacaq. Bu məsələ çoxdan qaldırılmalı idi. Ümid edirəm, Borçalı türkləri bu məsələnin üstünə düşəcəklər. İnanmaq istəyirəm ki, rəsmi Bakıda Borçalının ən azı mədəni muxtariyyata nail olmasında dəstəyini əsirgəməyəcək”.

"Yeni Media Jurnalistləri” İB-nin sədri, Strateq.az saytının redaktoru Xaqani Səfəroğlu isə hesab edir ki, Gürcüstanda terrorçu erməni Avakyana qoyulmuş heykəl ətrafında baş verən proses heç bir halda Gürcüstanla münasibətlərə xələl gətirməməlidir: 

"Bu provokasiyadan öz xeyrini güdmək, iki ölkəni üz-üzə qoymaq istəyən qüvvələr var. Gürcüstan Azərbaycanın Avropaya çıxan çox mühüm çıxış nöqtəsidir. Heykəl məsələsi gürcü siyasi elitasındakı boşluqdan istifadə edən növbəti erməni həyasızlığıdır. Gürcü siyasi elitasında da bu provokasiyaya ciddi etirazlar var. Bu məsələ feysbuk üzərində həll edilmir. Gürcü xalqı haqqında, bu dövlətlə bağlı çox kobud və sərt statuslar müşahidə edirəm, bu, doğru deyil”.

Şəymən

Paylaş

Bizi Facebookda izləyin
menu
menu