Azərbaycanda kitab nəşr etdirən müəlliflərə hörmət yoxdur

Çünki istənilən adam sənin yazdığın kitabın elektron versiyasını götürüb çap edə və satıb pul qazana bilər
Kitabxanalarda elektron məcburi nüsxələrin olması üçün müəyyən mexanizmlər hazırlanıb həyata keçirilməlidir


Azərbaycanda məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim olunacaq. Bununla bağlı "Kitabxana işi haqqında” qanunun 15-ci (Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanasına üç pulsuz məcburi nüsxəsini, profilinə uyğun olaraq, Milli Məclisin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanalarına iki pulsuz məcburi nüsxəsini göndərməlidir.

Həmçinin, dəyişikliyə əsasən, Azərbaycanda nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların iki pulsuz məcburi nüsxəsini kitabxanaya göndərməlidir.
Sifarişçi ilə nəşriyyat arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda, bu məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilməlidir. Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən, onların elektron variantları ilə) təchizat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

Təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədi daşıyır. Ekspertlərin fikrincə, kitabxanaların inkişafı üçün müəyyən nəşriyyatlardan məcburi nüsxələrin alınması əsas məqamlardan biridir.

Dəyişikliklərlə bağlı fikirlərini "Şərq”lə bölüşən yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı bildirib ki, məcburi nüsxələr kitabxanaların fondunun zənginləşməsi üçün başlıca amillərdən biridir. Onun sözlərinə görə, bu sahədə müəyyən işlərin görülməsi olduqca təqdirəlayiqdir: 

"Məlumdur ki, kitabxanalarda bütün elmi, mədəni dəyərlər haqqında nəşrlər yerləşir. Kitabxanalara məcburi nüsxələrin elektron variantının verilməsi ilə bağlı işlərin görülməsi müsbətdir. Lakin elektron nüsxələrdən istifadə olunması üçün kitabxanalarda ilk növbədə kifayət qədər yaxşı şərait yaradılmalıdır. 

Bunun üçün kitabxanalarda lazımi elektron vasitələr olmalıdır. Digər tərəfdən isə bu məsələ nəşriyyatlarla kitabxanalar arasında tənzimlənməlidir. Amma tənzimləmə mexanizminin necə olacağını demək hələ çətindir. Çünki hansısa nəşriyyat bir kitabı çap edirsə, kitabın elektron versiyası da nəşriyyatın mülkiyyəti hesab olunur. Həmin mülkiyyəti kitabxanaya vermək bir qədər qaranlıq məsələdir. Bunu müəyyən məbləğ müqavilində edəcəklər, yoxsa başqa bir mexanizm olacaq? Bu sualların cavabı hələ ki aydın deyil”.

Yazıçı məcburi nüsxələrin kitabxanalara verilməsi üçün müəllif hüquqlarının da önəmli olduğunu diqqətə çatdırdı: 

"Hər bir kitabın müəllifi var. Dünyada müəllif hüququ deyilən bir anlayış mövcuddur. Lakin təəssüf ki, Azərbaycanda bu düşüncə hələ formalaşmayıb. Yəni müəlliflərin zəhmətinə hörmət, demək olar ki, yoxdur. Çünki istənilən adam sənin yazdığın kitabın elektron versiyasını götürüb çap edə və satıb pul qazana bilər. Belə də edirlər. Bundan sonra müəlliflərin hüququ necə qorunacaq, bax bu problemdir. Yəqin ki, mütəxəssislər məsələni yoluna qoymaq üçün ortaq məxrəcə gələcəklər. Çünki kitabxanalarda elektron məcburi nüsxələrin olması üçün müəyyən mexanizmlər hazırlanıb həyata keçirilməlidir. Bu, çox mürəkkəb və vaxt aparan bir məsələdir. Ümid edirik ki, məsələnin öhdəsindən gələ biləcəklər”.

Yeganə Bayramova



Paylaş

Bizi Facebookda izləyin
menu
menu