85 milyon manat cərimə o deməkdir ki, sürücülər intizamsız olublar

Müqayisə göstərir ki, yol polisi vəziyyətə daha ciddi nəzarət edir



2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib. Bu cərimələr 3409,7 min inzibati xəta nəticəsində təyin edilib və yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas xətalar yol nişanlarının tələblərinə riayət edilməməsi, işıqforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsi ilə bağlıdır.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, açıqlanan rəqəm qeydə alınan qayda pozuntularının sayıdır. O, mövcud statistikaya istinadən DYP-nin ötən illərlə müqayisədə 2018-ci ildə yollara daha ciddi nəzarət etdiyini bildirib: "Bir ildə sürücülərə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilməsi o demək deyil ki, sürücülər və piyadalar ötən il 2017-ci ildən daha intizamsız olublar. Sadəcə olaraq ötən il daha çox qayda pozuntusu qeydə alınıb deyə cərimələrin sayında 1,3 faiz artım olub. Bəlkə də 2017-ci ildə yol hərəkəti qaydalarını daha çox vətəndaş pozub, amma hansısa formada yol polisinin diqqətindən yayınıb. 

Görünür, ötən il yol polisi nəzarəti daha da ciddiləşdirib, diqqətindən kənarda qalan qayda pozuntuları bir qədər azalıb. Məsuliyyətə cəlb etmə dərəcəsi artıb. Təbii ki, burada yol polislərinin çevikliyi ilə yanaşı, texnikanın da rolu var. İnzibati xətaların əhəmiyyətli bir hissəsi Yol Polisi İdarəsinin əldə etdiyi müasir avadanlıqlar vasitəsi ilə aşkar olunur. Sürücülərin cərimələnməsi bu yolla yığılan vəsaitin həcmini artırır”.

Ə.Hüseynovun fikrincə, ötən ilin cinayət xarakterli yol-nəqliyyat hadisələrinin statistikasında maraqlı məqamlar var: 

"Onlardan biri illərdir vurğuladığımız bir ciddi problemi aşkar surətdə təsdiqləyir. Rəsmi statistikaya əsasən, ötən il baş verən hadisələrin 59 faizi (1817 hadisədən 1073-ü) sutkanın qaranlıq və toranlıq vaxtında baş verib. Amma dəqiq statistika olmasa da, yayı və qışı ortalama götürərək əminliklə deyə bilərik ki, hərəkət iştirakçılarının (əsasən piyadaların və avtomobillərin) yollarda olması vaxtının böyük hissəsi gündüz saatlarına düşür.

Deməli, bunun əsas səbəbi yollarımızda, küçə və prospektlərimizdə süni işıqlandırmanın olmamasıdır”
Ekspertin sözlərinə görə, digər maraqlı məqam isə yollarda sərxoş sürücülər tərəfindən törədilən belə hadisələrin təxminən 36,7 faizini yük avtomobilləri və avtobus sürücüləri tərəfindən törədilməsidir: "Maraqlısı odur ki, belə nəqliyyat vasitələrini real idarə edən sürücülər bütün sürücülərin təxminən 14 faizini təşkil edir. Yəni proporsiya 2,5 dəfəyə yaxın pozulub. Peşəkar sayılmalı olan, daha ciddi məsuliyyət və nəzarət altında olmalı sürücülərin arasında sərxoşların belə çoxluğu narahatedicidir”.

Şəymən

Paylaş

Bizi Facebookda izləyin
menu
menu